Yuxarı

Elxan Məmmədov: "Baş məşqçi seçmə mərhələdə kimlərə şans verəcəyini müəyyənləşdirəcək" - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb

Türkiyə, Antalya, 26 mart. REPORT.AZ/ Yığma komandamızın Türkiyədə Qazaxıstanla keçirdiyi yoldaşlıq görüşünü canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report"un məlumatına görə, baş katib həm əsas, həm də U-21 millimizin oyunlarını dəyərləndirib.

- Yığma komandamız yoldaşlıq görüşü çərçivəsində Qazaxıstanla qarşılaşdı və 0:1 hesabı ilə məğlub oldu. Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...
- Yaxşı ki, bu oyunu təşkil etdik. Bu görüş komandaya çox lazım idi. Çünki bildiyiniz kimi, bu, yaya qədər son yoxlama görüşümüzdü. Ondan sonra da komanda növbəti seçmə mərhələ üçün hazırlığını bitirəcək. Əslində, yığmamız bu gün çox rahat futbol oynadı. Düzdü, ilk dəqiqələrdə qol buraxdıq. Buna baxmayaraq, futbolçularımız rahat futbol göstərdilər. İkinci hissədə isə oyuna nəzarət tam olaraq komandamızda idi. Bir az da güc sərf etsəydilər, əminəm ki, qol vuracaqdılar. Təəssüf ki, bu gün qol sevinci yaşaya bilmədik. İstənilən halda, bu qarşılaşma baş məşqçimiz üçün vacib idi. Hər iki komandanın məşqçiləri üçün bu oyun bir fürsət idi. Çoxsaylı əvəzetmələrlə bir çox oyunçunun hazırlıq durumu ilə tanış oldular. Düşünürəm ki, maksimum əvəzetmədən istifadə olundu. Təbii ki, yayda keçiriləcək 3 yoldaşlıq görüşündən sonra baş məşqçi seçmə mərhələdə kimlərə şans verəcəyini müəyyənləşdirəcək.

- Hücum xəttində müdafiənin sol cinahında problemlər var idi...
- Baş məşqçimiz Premyer Liqanın bütün oyunlarını izləyir. Həmçinin gənclərdən ibarət yığma komandaların baş məşqçiləri ilə mütəmadi olaraq əlaqədədi, onlarla gündəlik görüş keçirir. Klublarda çalışan məşqçilərlə də əməkdaşlıq edir. Yığmaya uyğun futbolçu olan kimi, onun baş məşqçinin diqqətindən kənarda qalmayacağına əminəm. Belə bir oyunçu görən kimi, dəvət edəcək. U-21 millimizin oyunları bu ərəfədə keçirilməsəydi, ordan da bəzi oyunçular əsas komandaya çağırılacaqdılar. Lakin baş məşqçi U-21-in rəsmi oyun keçirdiyini düşündü və üstünlüyü bu komandaya verdi.

- U-21-dən söz düşmüşkən, gənclər yığmamızın son vaxtlar uğurlu çıxışını Premyer Liqadakı limitlə bağlamaq olarmı?
- Hər komandada 21 yaşadək bir futbolçunun oynaması İcraiyyə Komitəsinin bir neçə il öncəki qərarıdı. Bu qərarı tətbiq etməzdən əvvəl bunun təhlilini də aparmışdıq. Start heyətində meydana çıxan 9-10 futbolçu bu gün klubunda müntəzəm çıxış edir. Bu da onlar üçün bir təcrübədi. Düzdü, gənclər yığmamızın Rusiya ilə oyununda rəqib topa daha çox nəzarət edirdi. Xüsusən də, birinci hissədə. Amma bizim oyunçularımız da imkan düşən kimi, bundan maksimum yararlandılar. Bu da təcrübədən irəli gəlir. Çünki futbolçular klublarında müntəzəm oynayanda yığmaya da hazır gəlirlər. Artıq 3 ildi bu sistem tətbiq edilir. Bu nəticə həmin qərarın 50 faiz müsbət nəticəsidi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi