Yuxarı

Elxan Məmmədov: "Bakı Olimpiya Stadionunda keçiriləcək finalda “Qarabağ”ın da çıxış etmək şansı var"

Elxan Məmmədov: "Bakı Olimpiya Stadionunda keçiriləcək finalda “Qarabağ”ın da çıxış etmək şansı var"

Bakı. 31 avqust. REPORT.AZ/ “Nüfuzuna görə ikinci ən böyük klublararası futbol turnirinin – Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil".

"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakı 2019 Avropa Liqasının finalı üçün özəl hazırlanmış loqonun təqdimat mərasimində deyib. 

Baş katib Bakıda keçirilmiş digər beynəlxalq yarışları da xatırladıb: "2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə 17 yaşadək oğlanlar arasında Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdir. Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir.

E. Məmmədov Bakıda keçiriləcək final oyununun UEFA Avropa Liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacağını bildirib: "UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa Liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindir”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi