Yuxarı

Elxan Abdullayev: "Qapıçıdan hücumçuya qədər bütün mövqeləri gücləndirmək istərdim" - MÜSAHİBƏ

Təəssüf ki, biz autsayder adlanırıq

Bakı. 19 sentyabr. REPORT.AZ/ "İnter"i qələbə münasibəti ilə təbrik edirəm. Son dəqiqələrdə uduzmaq çox üzücüdür".

"Report"un məlumatına görə, bunu "İnter"in baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının V turunda "İnter"lə keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

E.Abdullayev oyun haqda bunları bildirib: "Baş məşqçi kimi oyundan razı qaldım. Amma bəzi səbəblər var və bunların üzərində işləyəcəyik".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Neftçi"ni bu vəziyyətdən çıxarmaq üçün nə qədər müddət lazımdır?

- Çətin prosesdir. Bu gün protokolda 14 futbolçumuz vardı. Məsuliyyəti mən daşıyıram, ancaq bu sayla çox azdır. Jayronu dəyişdik. Kimlə dəyişək? Məqsəd İsayevi kimlə dəyişək? Güc qurtarır, amma dəyişməyə adam yoxdur.

0:8 hesabı daha çox üzücüdür, ya bu oyun?

- Təbii ki, bu. Çünki həmin oyunun 15 dəqiqəsində 3 qol buraxılmışdı. Ancaq indi sona qədər ümidlisən və 5 dəqiqədə 2 qol buraxıb uduzursan.

Rəhbərliyin baş məşqçi olaraq sizdən tələbləri nədir?

- İlk məqsədim komandanın psixoloji vəziyyətini düzəltməkdir. Düşünürəm ki, bu alındı. Çünki bu gün futbolçular başqa oyun oynadı.

Heyətdə çatışmazlıqların olduğunu dediniz. Rəhbərliyiniz əvəzedici heyətin yaxşı oynadığını deyir. Olmaz ki, elə əvəzedicidən futbolçu gətirəsiniz?

- Əvəzedicilərdən oyunçular gətirə bilərəm. Amma onu necə meydana buraxım? Təcrübə məsələsi var. Yaxşı uşaqlar var, işləmək lazımdır. Amma mən 3 gündür gəlmişəm. Hələ onları görməmişəm. Kimsə təklif edə bilər, amma özüm görməliyəm.

Futbolçuların fiziki hazırlığından razı deyilsiniz?

- Heç vaxt məndən əvvəlki məşqçini pisləmərəm. Pis, ya yaxşı.. Onlara çox sağ ol deyirəm. Mənim tələblərim fərqlidir, onun fərqli. Məşqçi üçün fiziki hazırlığı yaxşılaşdırmağa bir ay vaxt lazımdır. Problem futbolçunun olmamasıdır. Ehtiyatda 4 futbolçu oturur. "İnter"in əvəzetmələrinə baxın. Ruslan Abışov, Nizami Hacıyev, Pərdis... Bizim komandanın əsas heyətində bu səviyyəli futbolçular yoxdur. Ancaq dekabra qədər gözləmək lazımdır. Bu gün məndən nəsə tələb etmək doğru deyil. Öz komandamı yığandan sonra nəsə etiraz bildirməyə hər kəsin haqqı var.

Başa düşürük ki, çətin vəziyyətdir. Amma azad agent statusu daşıyan futbolçuları indi də heyətinizə qata bilərsiniz. Hansı mövqedən başlamaq olar?

- Bütün mövqeləri gücləndirmək istəyərəm. Qapıçıdan hücuma qədər hamısını.. Bütün komandalarda heç olmasa 25-26 futbolçu olmalıdır ki, daxili rəqabət olsun. İndi futbolçu bilir ki, oynayacaq. Azad agentə gəlincə, inanmıram ki, Avropada səviyyəli futbolçu indi klubsuz qalsın. Ola bilər Afrikada olsun. O da səviyyəli futbolçu olmaz.

Qışda daha çox yerli, yoxsa legioner futbolçulara üstünlük verəcəksiniz?

- Mənim üçün fərqi yoxdur. Təki yaxşı oyunçu olsun. "Neftçi"də yerlilər milli komandanın futbolçularıdırlar, legionerlər də səviyyəli olmalıdır. İndi bütün yaxşı futbolçuların klubları var.

Oyunçuların mövqeyini tez-tez dəyişirsiniz. Bu taktika Robert Prosineçkinin milli komandada istifadə etdiyi taktikadır. Ondan yararlanırsınız?

- Biz millidə 4-1-4-1 sistemi ilə oynayırıq. Bizdə hücumçu yoxdur ki, onu əvəz edim. Ancaq məcburi əvəzetmələr olur. Jayronu dəyişmək istəmirdim. 86-cı dəqiqədə müdafiəçi dəyişməzlər.

Olmaz ki, əsas komandanın futbolçularını əvəzediciyə göndərəsiniz və hazırlaşsınlar...

- Deyirəm bizdə futbolçu yoxdur. Onda özüm çıxıb oynayacağam? Əvəzedicilərə göndərin söhbətini başa düşmürəm. Əvəzedici heyət dizbatdır?

25-26 futbolçu lazım olduğunu dediniz. Deməli 7-8 futbolçu lazımdır. Rəhbərlik lazımi maliyyəni ayırmağa söz verib?

- Əlbəttə. Mən nəyə görə gəlmişəm? Əgər inanırsan ki, bu adam kömək edəcək, o zaman şərait də yaratmalısan.

Həm millidə, həm də "Neftçi"də işləmək çətin olmayacaq?

- Mən gedəndə 4 köməkçi qalır. Biz proqram əsasında planla işləyirik. Oyun yoxdur. Oyun olanda da çempionat dayanır.

Hər iki qol Məqsəd İsayevin mövqeyindən vuruldu...

- Oyunçularıma təşəkkür etdim. Bilirəm ki, Məqsəd tam hazır olsa, elə səhvlər etməzdi. Hər şeyi oyunçuların üzərinə atmaq düzgün deyil. Kimsə səhv etməlidir. Bu gün də Məqsəd səhv etdi.

Dediniz zəif legioner gətirməkdənsə, gətirməmək daha yaxşıdır. Düşünmürsünüz ki, indi "Neftçi"də olan legionerlər səviyyəli deyil və qışda yola salmaq lazımdır?

- Yola salmaqla hər şey düzəlmir. Mən onda günah görmürəm, onu da kimsə çağırıb. Bəlkə ondan düzgün istifadə etməyiblər? Jayronun hazırda 8 kq. artıq çəkisi var. Bəlkə bu çəkini atdıqdan sonra ən yaxşı legioner olacaq? Dekabra qədər şans verəcəyəm. Ondan sonra nəsə demək olar. Üstəlik onların klubla müqaviləsi var. Bunu necə etmək olar?

Düşünmürsünüz ki, avrokuboklara getmək də çətin olacaq?

- Bizim məqsədimiz hazırda bacardığımız qədər xal toplamaqdır. Başqa çıxış yolu var?

Müqavilə qısamüddətlidir axı...

- Müqavilə formal bir şeydir. Con Toşakla 5 illik müqavilə imzalandı və yarım ildən sonra getdi. Mən öz gücümə inanıram və nə etməyin lazım olduğunu bilirəm.

Növbəti turda "Sumqayıt"la oyun var. Autsayderlərin duelindən nə gözləyirsiniz?

- Təəssüf ki, biz autsayder adlanırıq. Meydana qələbə üçün çıxacağıq və hücum futbolu oynayacağıq. Düşünürəm ki, "İnter"ə qarşı da yaxşı çıxış etdik. Sadəcə rəqibin fərdi ustalığı işi həll etdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi