"Qarabağ"ın futbolçusu: "Qurban Qurbanov dedi ki, "İnter"ə "Anderlext"dən də ciddi yanaşın" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: "Qurban Qurbanov dedi ki, "İnter"ə "Anderlext"dən də ciddi yanaşın" - MÜSAHİBƏ Elvin Yunuszadə: "Elvin Məmmədovdan soruşduq ki, penaltini niyə möhkəm vurdun?"
Futbol
6 Oktyabr , 2015 12:07
Qarabağın futbolçusu: Qurban Qurbanov dedi ki, İnterə Anderlextdən də ciddi yanaşın - MÜSAHİBƏ

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "İnter"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Oyun haqda nə deyə bilərsiniz?

- "İnter" öz dəsti-xətti ilə seçilən komandadır. Onlara qarşı oynamaq asan deyil. Komanda yaxşı futbolçulara malikdir. Bu görüşün bizim üçün çətin olacağını bilirdik. Sevinirəm ki, qalib gəldik. İkinci hissə ilə müqayisədə ilk yarıda daha yaxşı çıxış etdik. Səhvlərimiz oldu, amma çalışacağıq ki, qarşıdakı oyunlarda onları düzəldək.

- "Qarabağ"la yanaşı, "Zirə" də çempionatın startından bu yana məğlub olmayıb və növbəti turda onlarla qarşılaşacaqsınız...

- Çempionatımız doğrudan da güclüdür. Heç bir komandaya qarşı rahat qalib gələcəyini deyə bilməzsən. Ona görə hər bir komandaya qarşı mübarizə aparmaq lazımdır. "İnter"lə oyuna çıxmamışdan əvvəl və sonra Qurban Qurbanov bizə dedi ki, qalib gəlməyimiz üçün gərək bu oyuna "Anderlext"dən də ciddi yanaşasınız. Bilirik ki, "Zirə" ilə də çətin oyun olacaq. 7 oyundur məğlub olmurlar və motivasiyaları güclüdür. Həmin oyuna qədər vaxtımız var və hazırlaşacağıq.

- Baş hakim Elvin Əsgərovun "İnter"in qapısına penalti təyin etməsi qərarı ilə bağlı mövqeyiniz necədir?

- Ümumiyyətlə, bu barədə heç nə deyə bilmərəm. Çünki həmin epizoda çox uzaq idim. 

- Demək olarmı ki, penalti deyildi?

- Elvin topu qırağa bir az möhkəm vurdu. Biz özümüz də ondan soruşduq ki, niyə möhkəm vurdun? Çünki kənardan belə başa düşə bilərlər ki, vura bilmədin. Amma epizoda yaxın olan uşaqlardan soruşduqda dedilər ki, penalti yox idi. Buna baxmayaraq hakimdir, nə qərar verirsə, olmalıdır.

- "Neftçi" ilə oyunda da "Qarabağ"ın lehinə şübhəli penalti təyin olunub. Artıq "Qarabağ"ın xeyrinə verilən ikinci şübhəli penaltidir...

- Əslində, o penalti veriləndə 1:0 hesabı ilə öndə idik və oyunun bitməsinə 1 dəqiqə qalmışdı. Bizim üçün də düz gəlməzdi ki, söz-söhbət olsun. Hər kəsin fikri oraya yönələcək. Bizə isə bu, lazım deyildi. Söz-söhbət olsaydı, hamı 1:0 hesabını yaddan çıxarıb penaltidən danışacaqdı.

Son xəbərlər

Orphus sistemi