​Elnur Məmmədov: "Saytda reklamdansa uşaq futboluna sərmayə qoymaq daha yaxşıdır" - MÜSAHİBƏ

​Elnur Məmmədov: "Saytda reklamdansa uşaq futboluna sərmayə qoymaq daha yaxşıdır" - MÜSAHİBƏ "Neftçi" klubu ilə "mən olmalıyam"la danışmaq peşəkarlıq deyil"
Futbol
16 Dekabr , 2014 11:13
​Elnur Məmmədov: Saytda reklamdansa uşaq futboluna sərmayə qoymaq daha yaxşıdır - MÜSAHİBƏ

Bakı. 16 dekabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun vitse-prezidenti Elnur Məmmədovun "Report"a müsahibəsi

- Kluba gəldiyiniz gündən hansı islahatlar aparmısınız və nələrə nail olmusunuz?

- 2 aydan çoxdur "Neftçi"dəyik, "Neftçi" ailəsinin üzvüyük. Bu vəzifəyə gəldikdən sonra bütün sahələrdə, iş prosesində araşdırmalar aparmağa, iş prosesinə girməyə başladıq. Klub tərəfindən də bizə çox gözəl şərait yaradılıb. "Neftçi" bir çox sahələrdə böyük uğurlara imza atıb. Mən xüsusən, uşaq futbolunu qeyd etmək istərdim. Bu sahədə çox gözəl inkişaf olub. Biz bunu sadəcə, sistemləşdirərək, insanlara mükəmməl formada çatdırmağa çalışmalıyıq. Sözsüz ki, görüləcək işlər çoxdur. Amma ilk növbədə, görülmüş işləri qeyd etmək lazımdır. Çox böyük işlər görülüb. Bunlardan bəzilərini qeyd edə bilərəm. Biz media sahəsi üzrə araşdırmalar apardıq və oyunlar zamanı "mixed zone" ("qarışıq zona") tətbiq etdik. Mühüm oyunlar öncəsi mətbuat konfransları keçiririk. Çalışırıq ki, medianın suallarını operativ formada cavablandıraq. Əsas məqsədimiz oyunçuları medianın basqısından qorumaqdır. Çox təəssüf ki, bəzi hallarda oyunçular media tərəfindən çox güclü tənqid olunurlar. Tənqidlər oyunqabağı olduqda, baş məşqçi üçün də futbolçunu matça kökləmək çox çətin olur. Əlbəttə, sağlam tənqid yaxşı haldır, belə deyək, insanı formada saxlayır. Amma qərəzli tənqid iş prosesinə maneçilik törədir. Ona görə də qərara alındı ki, klubumuzla bağlı bütün məlumatlar mərkəzləşdirilmiş qaydada mətbuat xidməti vasitəsilə yayılsın. Klubumuzun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə Azərbaycan jurnalistikasında öz sözünü demiş Gündüz Abbaszadə rəhbərlik edir. Günün 24 saatı ərzində istənilən məlumat üçün ona müraciət edə bilərlər.

- Sualların elektron poçt vasitəsilə cavablandırılması barədə tətbiq etdiyiniz yenilik bəzi mətbu orqanlar tərəfindən birmənalı qarşılanmayıb. Bu addımınız nədən irəli gəldi?

- Bizim mətbuat xidmətimiz var və istənilən vaxt, istənilən sualla bağlı müraciət edə bilərsiniz. Mənimlə bağlı olan suallarda isə müsahibə üçün vaxt müəyyən edib görüşmək mümkündür. Peşəkarlıqdan danışırıqsa, buna əməl etməliyik. Xahiş edirəm, bunu da qeyd edin. Jurnalist müraciət etdi ki, telefonla müsahibə götürmək istəyir. Yazın göndərsin, biz həmin anda onu araşdıraq və cavab verək. Bəzi insanlar neqativ yazılarla çıxış edir. Bu da o deməkdir ki, yalnız mən dediyim olacaq. Təbii ki, bu hallar peşəkarlıqdan kənardır. Belə olan halda, biz də bu işlərdən kənarıq. Bu da həmin şəxsin öz mətbu orqanının rəhbərliyinin etibarından sui-istifadə etməsini göstərir. Biz hamıya hörmətlə yanaşırıq. Ancaq "Neftçi" klubu ilə "mən olmalıyam", "mən varam" kimi danışmaq peşəkarlıq deyil. Məsələ ondadır ki, bir neçə dəfə oyundan sonra müsahibələr verilib. Müsahibədən sonra həmin jurnalist ofisə gəlməli, müsahibəni diktofonundan tapıb kompüterinə yazmalıdır. Bu proses isə vaxt aparır. Bəzən elə olur ki, həmin açıqlama bir gündən sonra sayta yerləşdirilir. Amma halbuki müsahibə verildikdən sonra başqa proseslər baş verir və faktiki olaraq, verilən xəbər həmin günün fonunda həqiqətə uyğun olmayan formada oxuculara çatdırılır. Əlbəttə, verdiyimiz məlumatın dərhal mətbu orqanda yerləşdiriləcəyinə əmin olsaq, bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq.

- Elə isə özünüz nə təklif edirsiniz?

- Biz e-maillə göndərilən sualı dərhal - uzağı bir saatadək cavablandıraraq, həmin jurnalistin elektron poçtuna göndəririk. O isə heç bir çətinlik çəkmədən, necə deyərlər, "copy-paste" edib öz saytına qoyur. Nəticədə biz öz tərəfimizdən çıxan informasiyanın operativliyini təmin etmiş oluruq. Bəzən olur ki, oyundan öncə məlumat götürmək istəyirlər. Biz isə oyundan sonra açıqlama verə biləcəyimizi deyirik. Çünki oyun vaxtı başqa hadisələr baş verə bilər, sən isə matçdan öncəki açıqlamanda həmin vacib məqamlara toxunmazsan.Oxucu da fikirləşər ki, həmin məqamların klub üçün heç bir əhəmiyyəti yoxdur. Klubun marağının və informasiyanın operativliyinin qorunması üçün bu addımı atmaq məcburiyyətində qaldıq.

- Daha hansı layihələrinizi qeyd edə bilərsiniz?

- Biz artıq "Stadium Tour"a ("Stadion turu") başlamışıq. Bu məsələnin layihəsi artıq hazırdır. İlk tədbiri fan-klubumuz üçün keçirdik. Gördük ki, effekti var. Hazırda uşaq futbolu, sonradan da azarkeşlər üçün bu layihəni başladacağıq. Aşağı yaş qruplarından olan komandalarımızın məşqçilər heyətində dəyişikliklər baş verib. Əsas məqsədimiz odur ki, hətta uşaqları da stadionlara cəlb edək və onlar gələcəkdə oynamaq istədikləri komandanı bu gün stadiondan izləsinlər. Daha bir yenilik odur ki, korporativ e-maillərə keçidə başlamışıq. İş prosesində yenə yeniliklər tətbiq edirik, saytımızın geniş, sırf futbol klubuna uyğun formada olmasını istəyirik. Komandamızın oyunlar üçün ilk "11-liy"i məlum olan kimi sosial şəbəkələrdə yerləşdiririk. Bu isə televiziya vasitəsilə oyunu izləyənlərə həmin məlumatların dərhal əllərində olmasına şərait yaradır. Bunları gələcəkdə geniş şəkildə tətbiq edərək, CRM (Customer Relationship Management) formasında azarkeşlərimiz və istehlakçılarımızla birbaşa əlaqəni qurmaq, onların bütün istək və tələblərinə qısa müddətdə müvafiq reaksiyanı vermək istəyirik. Hazırda işlər gedir: bilet dizaynını dəyişmək istəyirik. Artıq biletlərimiz elektron formada olacaq və satışı şəhərin bir neçə nöqtəsində aparılacaq.

- Oyunlarınıza kifayət qədər bilet sata bilirsiniz?

- Fan-klublarla görüş vaxtı "Forza Neftçi" müraciət edərək, öz klublarına müəyyən formada dəstək olmaq istədiklərini dedilər. Artıq fan-klublar biletlərini alaraq, oyunlara gəlirlər. Biz də öz strategiyamızı müəyyənləşdirmişik və qış fasiləsindən sonra - mövsümün ikinci yarısında bunlar geniş formada tətbiq olunacaq.

- Özünüz xaricdə keçirilən bir çox oyunu izləmisiniz və infrastruktur üzrə ekspert qismində çalışmısınız. Müqayisə və təhlillər apardıqda "Neftçi"ni nə dərəcədə Avropa səviyyəli klub adlandırmaq olar?

- Əsas məqsədimiz inkişaf edərək, Avropanın "top-klublar"ı siyahısına daxil olmaqdan ibarətdir. Söhbət təkcə komandamızın çıxışından getmir. Həm də aparıcı klublarda marketinq, piar, media, insanlarla ünsiyyətdə qurulan bütün mexanizmləri tətbiq etmək istəyirik. Artıq bir neçə istiqamətdə işlərə başlamışıq. Deyə bilərəm ki, bunları etməyə həm klubumuzun potensialı var, həm də Azərbaycan azarkeşi çox tələbkardır, istənilən yeniliyə getməyə hazırdır. Bu sahədə medianın köməyinə çox böyük ehtiyacımız var. O mənada ki, kommunikasiyanı düzgün qurmalıyıq. Azarkeşlərlə aramızdakı kommunikasiya vasitəsi rəsmi saytımız və sosial şəbəkələrdir. "Facebook"da 150 minədək istifadəçimiz var, xəbərlərimizdən nə qədər istifadə olunduğunu da izləyirik. Ona uyğun olaraq da auditoriyamızı müəyyənləşdiririk. Bunlarla bərabər media köməyinə də ehtiyacımız var ki, "Neftçi"mizi təbliğ edərək, insanları tribunalara qaytara bilək.

- AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi"nin ictimai kluba çevriləcəyini bildirib. Yəni, klubun ictimailəşəcəyini və SOCAR-ın yalnız sponsor olacağını deyib. Bu məsələyə aydınlıq gətirərdiniz...

- Biz istəyirik ki, birbaşa əlaqələr quraq və hazırda bunun üzərində işləyirik. Ancaq deyildiyi kimi, "Neftçi" xalqın klubudur. 50 ildən artıq müddətdə "Neftçi" bu xalq üçün milli komanda səviyyəsində olub. Klubu ictimailəşdirmək, yəni azarkeşləri kluba daha yaxın etmək - onların komandanın həyatında rol oynaması deməkdir. Məsələn, Hollandiyada bir çox klub ictimai xarakter daşıyır.

- Bu yöndə hansı işlərə başlamısınız və ictimai xadimlərdən kimləri kluba dəvət etmək fikriniz var?

- Bu işlə bağlı proses yekunlaşdıqdan sonra məlumat vermək istərdik.

- Rövnəq Abdullayev gənc futbolçuların maaşlarına limit qoyulmasını tələb edəcəyini, hətta buna əməl etməyən klubun cəzalandırılacağını deyib. Sizdə də gənc futbolçular var. Misal üçün, Araz Abdullayev, Elvin Yunuszadə. Yunuszadə məşqə gecikir, Abdullayev məşqçi ilə yola getmir. Necə düşünürsünüz: Bu, onlara dəyərindən çox qiymət verdiyiniz üçün baş vermir?

- Sualın birinci hissəsinə cavab verməmişdən öncə istərdim ki, Arazla Elvinin vəziyyətinə bir daha nəzər yetirək. Bu, futbolçu üçün bəraət deyil. Bizim "Xəzər Lənkəran"la oyuna getmə vaxtımız 14:50-də idi. Elvin və Araz bazada bir yerdə qalır. Yunuszadə elə bilirdi ki, saat 15:00-da çıxacağıq. Ancaq görüb ki, artıq gecdi. Ona görə də gecikmə baş verib. Bu, bilərəkdən olan hadisə deyil. Arazın reaksiyasına gəlincə, biz o məsələni dəqiqləşdirdik. Həmin qarşılaşmadan öncə də Araz milli komandanın heyətində İtaliya və Xorvatiya ilə oyunlara çıxmışdı. Uğursuz nəticələrdən doğan əsəbiliyi qalmışdı. Abdullayev klubun heyətində qol vurmaqla uğursuzluğu az da olsa, unutdurmaq istəyirdi. Məhz bu istək baş məşqçi ilə anlaşılmazlıqla nəticələnmişdi. Biz yenə də bir yerdə otururuq. Çünki bir klubuq. Qaldı ki, bizimlə Avropa klubları arasında maaş fərqləri var. Sizə xarici ölkədən yaxşı təklif gəlsə, yəqin ki, qəbul edərsiniz. Ancaq burada da sizə yüksək maaşlı iş təklif etsələr, düşünərsiniz. Ya xarici ölkəyə getməli olacaqsınız, ya da ailənizin yanında, dostların arasında olan bir işi seçəcəksiniz. Peşəkarlıq baxımından demirəm, amma maaş baxımından bu, sizi düşündürəcək. Digər tərəfdən, həmin addım bizim oyunçuların xarici liqalara can atmasına səbəb ola biləcək. Bu isə onların peşəkar olmasına, daha güclü klublarda oynamasına şərait yaradacaq. Futbolçu, adətən, karyerasını 35 yaşda başa vurur. Lakin bizdə bu yaşda növbəti karyeranı düşünürlər. Bu gün onlar həmin qərarları 20-21 yaşında qəbul etməlidirlər. Gənc futbolçular da pula görə burada qalmağı seçirlər. Xaricdə yaşamaq da çətindir. Oraya uyğunlaşmaq, yeni kollektivə öyrəşmək asan deyil. Bütün bunlara baxanda futbolçu öz ölkəsində qalmağı üstün tutur. Ancaq bu limit məsələsi bizim gənclərin "Top 5" ölkələrinin əsas liqasında olmasa da, onun aşağı liqalarında iştirakına şərait yarada bilər. Bu isə onlar üçün digər bazara çıxmaq imkanı yaradır.

- İstedadlı oyunçularınızdan danışdınız. Onlardan biri - qapıçı Emil Balayev Almaniya Bundesliqasında çıxış edən "Ayntraxt"da baxışdan uğurla keçərək, uzunmüddətli müqaviləyə imza atıb...

- Vaxtilə İngiltərənin "Everton" klubu Araz Abdullayevlə müqavilə imzalamışdı. Amma müəyyən səbəblərlə əlaqədar işçi vizası düzəlmədiyindən, Abdullayev ora gedə bilməmişdi. Bu gün Balayevin "Ayntraxt"ın əsas komandasına keçidi "Neftçi"nin uşaq futbol məktəbinin böyük potensiala malik olduğunu göstərir. Emil öz üzərində işləyir. Biz də çalışırıq ki, onu qoruyaq. Yəni futbolçunu həddindən artıq tərifləmək, ya da tənqid etmək düzgün deyil. Çünki tənqid də, tərif də bir yükdür. Misal üçün, bilirik ki, çölə çıxdığımızda bütün ətrafımızdakılar bizi tənqid edəcək. Bu da insana təsir edir. Artıq işi yox, çölə necə çıxmağı fikirləşirsən. Yaxud da bilirik ki, çölə çıxdığımızda hər kəs bizi tərifləyəcək. O zaman da iş yaddan çıxacaq. Bu, həmin yükün göstəricisidir. Buna görə də xahiş edirik ki, media bu istiqamətdə bizə köməklik etsin. Təbii ki, söhbət yerli oyunçulardan gedir. Bir tendensiya var ki, yalnız bizim futbolçuları həddən artıq tənqid atəşinə tuturlar. Futbolçunun klubda hər hansı bir problemi olursa, bu, komanda daxilində qalan məsələdir. Bu cür məsələləri şişirtmək, onların üstünə getmək pis təsir edir. 

- Peşəkarlıqdan söz düşmüşkən, maaş məsələsi də mətbuatda yer alır. Maaşların gecikdiyi, vaxtında verilmədiyi, məhz bu səbəbdən, media ilə reklam əməkdaşlığının kəsildiyi bildirilir...

- "Neftçi" böyük potensiala malik komandayıq. Bunun da nəticəsində birbaşa azarkeşə çıxırıq. Reklama verilən pulları isə rəqəmsal strategiyanı qurmağa sərf edəcəyik. Media ilə bu istiqamətdə əməkdaşlıq etmək istərdik, nəinki "bizə reklam ver". Artıq növbəti mərhələyə keçdiyimizdən, bu da birmənalı qəbul olunmur. Media qurumları da reklamlar kəsildiyi üçün bunu maliyyə problemləri ilə bağlayırlar. Demək istərdim ki, hər şey qaydasındadır. Komanda da öz əzmkarlığını göstərir. Yanvarda Türkiyənin Antalya şəhərinə təlim-məşq-toplanışımız da olacaq. "Neftçi" Azərbaycanda yeganə komandalardan biridir ki, onun əsas heyətində oynayan futbolçular demək olar ki, öz yetirmələridir. Bu da "Neftçi"nin potensialının olduğunu göstərir. Təbii ki, bunlar da illərin, yüzlərlə-minlərlə insanın əməyinin nəticəsidir. Bu səbəbdən, uşaq futboluna sərmayə qoymaq daha yaxşıdır, nəinki hər hansı saytda reklam yerləşdirmək. Biz uşaq futbolunu qoyub hansısa sayta investisiya yatırmaq istəmirik. Düzdür, mətbuat təbliğat formasıdır. Mənə hər səhər bütün mətbu orqanlardan məlumat gəlir. Statistika aparırıq, nə qədər mənfi və müsbət xəbərlərin yazıldığını görürük. Reklam verməsək də, statistikasını aparırıq. Sosial şəbəkələrdə təbliğat bizə daha çox lazımdır, nəinki hansısa saytda. Mətbuatla da əməkdaşlığa hazırıq. İstənilən vaxt məlumatları verə bilərik. Ancaq yenə deyirəm, sayta reklam verməkdənsə, yeni avtobus alıb, uşaqları yeni avtobusla məşqə aparıb-gətirmək daha yaxşıdır. Bir çoxları deyir ki, biz mediadan qaçırıq. Ancaq biz işləyirik və hər bir qısa məlumatlara açığıq. İşimizlə bağlı real insanlarla böyük brifinqlər keçirməyə də hazırıq. Lakin istəmirəm ki, "Neftçi" klubu müsahibələrlə ictimaiyyətin gözündə ucuzlaşsın. "Neftçi" brendini qoruyub saxlamağa çalışırıq. Sağlam tənqidi həmişə qəbul etmişik və bunun üçün də mediaya təşəkkür edirəm. Ancaq qərəzli yazılar tək "Neftçi"nin yox, Azərbaycan futbolu üçün dövlətin siyasətinə birbaşa zərbədir.

- Əvvəllər saytlarda reklama ayırdığınız büdcəni uşaq futboluna yönəltməyi qərara almısınız?

- Biz özümüzdə faktlarla qeyd aparırıq. Gəlin baxaq, hansı saytlar aşağı yaş qruplarından ibarət milli komandaya düşmüş uşaqlarla bağlı müsahibə aparıb? 17, 19 yaşadək futbolçular var. Heç kim onlardan müsahibə üçün müraciət etmir. AFFA-nın saytında nə versələr, o da yazılır. Bu da onu göstərir ki, biz onları təbliğ etməliyik. Skautlar görüb elçi düşməlidir və biz də onları dünya bazarına çıxarda bilərik. Amma oyunda kiminsə səhv etməsini, problem yaratmasını gözləmək, sonra onu yüksək kalibrlə vurmaq futbolun təbliğatı deyil. Bu, birbaşa futbolun anti-təbliğatıdır. Bu gün futbol ən böyük maraq toplayan oyunlardan biridir. Ölkədə nə qədər yeni stadionlar, məşq meydançaları, bazalar tikilib. Hətta xaricilər gələndə bura həsəd aparırlar. Medianın üzərinə nə düşür? Media bunları normal formada təbliğ eləsin. Biz tənqidi qəbul edirik. Ancaq bütün günü oturub gözləmək ki, hardasa səhv olsun və tənqid edim, bu, peşəkarlıq deyil. Həmin gəncləri üzə çıxartmaq medianın üzərinə düşən məsələlərdir. Sizdən də xahiş edərdim ki, bu mövzuda bizə dəstək olasınız.

- Deməli, klub rəsmisi kimi tez-tez müsahibə verməməyinizin səbəbi həm də medianın diqqətini komanda üzvlərinə yönəltmək istəyinizdən irəli gəlir...

- Müsahibə təkcə klub rəsmilərindən, əsas komandadan yox, aşağı yaş qruplarından da alınsa, yaxşı olardı. Özünü yaxşı cəhətdən göstərən futbolçulardan, komanda kapitanından, məşqçilərindən müsahibə götürmək olar. "Neftçi" klubu təkcə əsas komandadan ibarət deyil. Aşağı yaş qruplarından ibarət komandalarımızda da istedadlı futbolçular var. Bu insanları təbliğ etmək, onları ictimaiyyətə açmalıyıq. Siz istənilən vaxt müraciət etsəniz, aparıcı futbolçularla müsahibə istəsəniz, dəvət etsəniz, biz yalnız minnətdar olaraq. Bizim oyunçular insan olaraq da gözəldirlər. Biz onların bu insani cəhətləri ilə insanlar arasında əlaqə qurmağa çalışırıq ki, onlarla ictimaiyyət arasında münasibət olsun. Desinlər ki, filankəs yaxşı futbolçu və yaxşı insandır. Azərbaycanlı futbolçu ideal olmalıdır ki, uşaqlar da onların arxasında getsin. Bizdə isə yaxşı futbolçunun, məsələn, Araz Abdullayevin bir dənə səhvi olan kimi ictimaiyyət bunu uşaqların gözündə anti-qəhrəman yaratdılar. Bu isə birbaşa futbolun təbliğatına, inkişafına qərəzli yanaşmadır. Bu gün bizim oyunçulara, məşqçilərə daha çox maraq olmalıdır, nəinki funksionerlərə. Biz bu streotipi qırmalıyıq. Yəni funksioner arxada öz işini görür, göz önündə isə futbolçu və məşqçilər olmalıdır.

Son xəbərlər

Orphus sistemi