​Elnur Məmmədov: "Komandanın qarşısına minimum 2 mərhələ keçmək vəzifəsini qoymuşuq" - MÜSAHİBƏ

​Elnur Məmmədov: "Komandanın qarşısına minimum 2 mərhələ keçmək vəzifəsini qoymuşuq" - MÜSAHİBƏ "Bu meydançada Avroliqa oyunlarında “Neftçi” hələ də qələbə qazanmayıb"
Futbol
8 İyul , 2016 12:04
​Elnur Məmmədov: Komandanın qarşısına minimum 2 mərhələ keçmək vəzifəsini qoymuşuq - MÜSAHİBƏ

Bakı. 8 iyul. REPORT.AZ/ "Neftçi" klubunun icraçı-direktoru Elnur Məmmədovun "Report"a müsahibəsi

- Malta klubuna doğma meydanında məğlubiyyəti necə izah edərdiniz? İkinci hissədə nə baş verdi ki, komanda meydanda belə zəif idi?

- İlk olaraq Ramazan bayramınızı təbrik edirik. Çox sağ olun ki, bayram günlərinə baxmayaraq matçımızı işıqlandırmağa gəlirsiniz. Buna görə təşəkkür edirik. Açığı, bizim ən böyük problemlərdən biri arxayınçılıqdır. Bu, çempionatda da olub. Arxayınçılıq cəmiyyət də var. İlk oyundakı qələbədən sonra hamı deyirdi ki, “Neftçi” mərhələ keçmək vəzifəsini 90 faiz həll edib. Ancaq bu, futboldur və arxayınlaşmaq olmaz. Maltada da onların qol şansları vardı. Sadəcə, reallaşdıra bilmədilər. Futbolda nəticə bir anın içərisində tam dəyişə bilər. Bu cür komandalar qol vuran kimi daha da ürəkli olurlar, daha çox qabağa atılırlar. Çünki onların itirəcəyi bir şey yoxdur. Hesab edirik ki, arxayınlaşma, “boşalma” hardasa öz mənfi təsirini göstərdi. Böyük ehtimalla bu, belədir. Ancaq əlbəttə ki, oturub müzakirə olunacaq. Bəli, xoş haldır ki, mərhələ adlamışıq. Ancaq təəssüf ki, bu meydançada Avroliqa oyunlarında “Neftçi” hələ də qələbə qazanmayıb.

- Hər halda, bu oyun və bu məğlubiyyət ciddi nəticə çıxartmağa əsas verdi...

- Hər işdə bir xeyir var. Növbəti rəqiblə oyuna daha ciddi yanaşacağıq.

- Azarkeşlər də narazı getdilər və sizinlə görüşdülər...

- Azarkeşlərlə maksimum əlaqəmizin olmasına hər zaman çalışırıq. Onların fikirlərini bilmək bizim üçün önəmlidir. Mərhələ keçməyimizə baxmayaraq, evdə 1:2 uduzmuşuqsa, bundan heç kəs razı qala bilməz. Çünki növbəti rəqibimiz güclüdür. Əlbəttə, evdə Malta klubuna uduzandan sonra insanlar da istər-istəməz bədbinliyə qapılırlar. Düşünürlər ki, növbəti mərhələdə necə olacaq. Çünki səfərdə 2:0 hesablı qələbədən sonra insanlar daha da ümidlənmişdilər və “Neftçi”dən evdə 3:0, 4:0 hesablı qələbə gözləyənlər vardı. Ümidlər haradsa puç olanda aqressiya başlayır və mənfi proses gedir. Ona görə də azarkeşlərlə görüşüb söhbətləşməyimiz vacibdir. Bu məğlubiyyət tək azarkeşlərə yox, bütün hamıya çox mənfi təsir göstərir.

- Növbəti mərhələdən nə gözləyirsiniz? Qarşıda duran məqsəd nədir?

- Komandanın qarşısına minimum 2 mərhələ keçmək vəzifəni qoymuşuq. Ancaq əlbəttə, nə qədər qabağa getsələr, bir o qədər yaxşıdır.

- Yenə transfer nəzərdə tutulub? Açıq-aşkar hiss olunur ki, hücumçu problemi var...

- Bəli. Hal-hazırda hücumçu ilə bağlı seleksiya qrupunda, məşqçilər korpusu tərəfindən çox instensiv iş gedir. Onlarla hücumçuya baxılıb. Ancaq qərar vermək prosesində səhv etmək istəmirlər. Dəqiq, yüzəyüz seçim etmək istəyirlər. Düzdür, həyatda yüzəyüz heç nə olmur. Hər halda, maksimum optimal qərar olmasına çalışrılar. Çünki keçən il “Neftçi”nin əsas problemlərindən biri məhz hücumçu oldu. Ötən il Avropa Liqasına hazırlıq dövründə Məhəmməd Qurbanov dəvət olundu. O, bombardir idi, ancaq istədiyimiz nəticəni vermədi. Bolqarıstanda bombardir olmuş Anyete dəvət olundu. Ancaq onun da burda oyunu alınmadı. Yalnız sona yaxın yavaş-yavaş özünə gəlməyə başladı. Ancaq çempionat boyu Anyetedən də gözlədiyimiz oyun görmədik. Yanvarda Nikolas Kanales geri döndü. Əlbəttə, bizlər, azarkeşlər də ondan çox şey gözləyirdi. Ancaq Kanales ümidləri doğrltmadı. Bütün bunlara görə seleksiya qrupu, məşqilər korpusu hücumçu transferinə daha ciddi yanaşırlar. Dəfələrlə baxıb müzakirə edirlər. Ancaq hələ ki bir qərara gəlməyiblər. Bununla belə, bəzi futbolçular var ki, onları bəyəniblər və transfer məsələri ilə bağlı işlər gedir. Yəqin ki, uğurlu alınar.

- Digər 2 klubumuz da Avropa Liqasında mübarizəni davam etdirir. “Qəbələ” də məğlub olsa, mərhələ adladı. “Kəpəz” isə səfərdə qələbə qazandı. Rəqabətin artırılması sizi daha qabağa getmək baxımından daha çox həvəsləndirmir ki?

- Bu, müsbət haldır ki, hər 3 klubumuz mərhələ keçdi. Klublar arasında da rəqabət olur. İkincisi də mərhələ keçmək ölkəmizə reytinq xalları ilə yanaşı, böyük məbləğdə də olmasa, hər halda, maddi vəsait qazandırdı. “Qəbələ”, “Neftçi” və “Qarabağ”ın reytinqi yüksək olduğu üçün ona avrokuboklarda səpələnməmişlərdən rəqiblər düşdü. Bu da öncədən qazanılmış nəticələrin təsiridir ki, bu gün bizə zəif komandalar düşür. Ona görə də bunu saxlayıb, qabağa getmək lazımdır ki, hər zaman bizə belə püşk olsun. “Kəpəz”in işi çətin olsa da, onlar da mərhələ keçə bildilər.

- “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyunda yox idi...

- Bəli, onun oğlunun xeyir işi var. Ona görə oyuna gələ bilməyib. Xeyir iş çox öncədən planlaşdırılmışdı. Bu üzdən heç cür özünü matça çatdıra bilməyib.

Son xəbərlər

Orphus sistemi