​Əliyar Ağayev: "Yanlış qərar vermişəm"

​Əliyar Ağayev: "Yanlış qərar vermişəm" "Hər hansı bir bəhanə axtarmağa dəyməz"
Futbol
29 Aprel , 2016 16:20
​Əliyar Ağayev: Yanlış qərar vermişəm

Bakı. 29 aprel. REPORT.AZ/ "Oyunda həmin qərarı verərkən heç bir şübhəm yox idi. Bunu simulyasiya kimi dəyərləndirdim. Üstəlik, Aleksey Qayın dizini qatlamağı məni yayındırdı".

"Report"un məlumatına görə, bunu FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Neftçi" - "Qəbələ" matçında baş vermiş penalti epizodu ilə bağlı fikirlərini bildirərkən deyib.

Ə.Ağayev oyun zamanı "Neftçi"nin qapısına penalti təyin etməsə də, yanlış qərar verdiyini söyləyib: "Hər hansı bir bəhanə axtarmağa dəyməz. Təkrara baxdıqdan sonra məlum olur ki, aşkar penalti var idi. Açığı danışmaq çətindir. Heç kimə xoş deyil. Belə səhvlər gözlənilməzdir, amma istər-istəməz olur. Kadrdan da göründüyü kimi, mövqeyim idealdır. Qərarımda şübhəm yox idi. Oyundan sonra hakim-inspektor Xaqani Məmmədov da mənə dedi ki, səhv etmişəm. Ancaq evdə epizodun təkrarına baxdıqdan sonra bu cür qayda pozuntusunu qeydə almamağı özümə yaraşdırmadım. Üzr istəmək zəiflik əlaməti deyil. Düzdür, nəticə geri qayıtmır. Cari mövsümdə karyeramda etmədiyim səhvləri etmişəm. "Neftçi"nin, "Qarabağ"ın, "Qəbələ"nin oyunlarında yekun nəticəyə təsir edən səhvlərim olub və cəzalanmışam. İndi də cəza nədirsə, etiraz etmirəm. Çətindir, bir səhv edirsən və tənqid olunursan. Bəzən elə tənqidlər olur ki, bu, sənin inkişafına təkan verir. Heç bir hakim deyə bilməz ki, bu gün səhv etdim, amma sabah bu olmayacaq. Bu səbəbdən çalışırıq ki, səhvlər olmasın. Ancaq durub kiminsə məndə qərəz axtarmağı və s. düzgün deyil".

Qeyd edək ki, aprelin 27-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simulyasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi