​Əliyar Ağayev: "Öz davranışımız və mədəniyyətimizlə ölkəmizi layiqincə təmsil etməliyik"

​Əliyar Ağayev: "Öz davranışımız və mədəniyyətimizlə ölkəmizi layiqincə təmsil etməliyik" FİFA referisi ilk dəfə təyinat aldığı Avropa Liqasının qrup mərhələsinin oyunundan danışıb
Futbol
2 Dekabr , 2015 14:56
​Əliyar Ağayev: Öz davranışımız və mədəniyyətimizlə ölkəmizi layiqincə təmsil etməliyik

Bakı. 2 dekabr. REPORT.AZ/ "Bu, mənim üçün əhəmiyyətli oyundur. Düzdür, qrupdakı vəziyyət baxımından heç nəyin dəyişməyəcəyi açıq görünür. Ancaq 90 dəqiqə ərzində özümü yaxşı tərəfdən göstərməliyəm". Bunu "Report"a açıqlamasında Avropa Liqasının qrup mərhələsinin VI turunda Vyanada keçiriləcək "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus) oyununu idarə edəcək azərbaycanlı FİFA referisi Əliyar Ağayev deyib.

Azərbaycanın hakimlik tarixində ilk dəfə qrup mərhələsinə təyinat alan Ə.Ağayev məsuliyyətdən yaranan həyəcanın olacağını inkar etməyib. Amma gənc referinin fikrincə, bu, start fitinə qədər davam edəcək: "Bu, qrup mərhələsində təkcə azərbaycanlı referinin yox, azərbaycanlı hakimlər briqadasının idarə edəcəyi oyun olacaq. 6 nəfərlik heyətlə komanda şəklində dekabrın 9-da Avstriyaya yollanacağıq. Öz bacarığımızı ortaya qoyacağıq. Oyundan, ölkədən asılı olmayaraq, hara gediriksə, bilməliyik ki, ilk növbədə Azərbaycanı təmsil edirik. Öz davranışımız, hərəkətlərimiz və mədəniyyətimizlə ölkəmizi layiqincə təmsil etməliyik".

FİFA referisi idarə edəcəyi oyunda növbəti mərhələyə vəsiqə qazanmaq üçün prinsipiallığın olmadığını söyləyib. Onun sözlərinə görə, bu amil oyun idarəetməsinə təsir etməməlidir: "Komanda qrup mərhələsində iştirak edirsə, ilk növbədə, imicini qorumalı, sonra ölkəsinə reytinq xalı qazandırmalıdır. Bəzən belə oyunlar həlledici qarşılaşmalardan daha çətin olur. Çünki komandaların itirəcəyi bir şey yoxdur. Ola bilsin, tərəflər gəncləri meydana buraxsın və belə olan halda onlar özlərini doğrultmağa çalışacaqlar".

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Rapid" - "Dinamo" oyununda Əliyar Ağayevə Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov və Orxan Məmmədov kömək edəcək. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi