Elçin Səfərov: "AVRO-2020 könüllülər üçün ciddi sınaq olacaq"

Elçin Səfərov: "AVRO-2020 könüllülər üçün ciddi sınaq olacaq" Bu il iki böyük idman tədbiri var. Biri AVRO-2020, digəri isə Formula-1 üzrə Azərbaycan Qran-prisidir. İlin ən böyük idman tədbirləri məhz bu iki yarışın üzərindədir.
Futbol
28 Yanvar , 2020 09:31
Elçin Səfərov: AVRO-2020 könüllülər üçün ciddi sınaq olacaq
Report / Elchin Murad

"Bu il iki böyük idman tədbiri var. Biri AVRO-2020, digəri isə "Formula-1" üzrə Azərbaycan Qran-prisidir. İlin ən böyük idman tədbirləri məhz bu iki yarışın üzərindədir". 

Bunu "Report"a açıqlamasında "Bakı 2015" I Avropa Oyunları və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru kimi çalışmış Elçin Səfərov deyib. 

Eyni zamanda Oyunların könüllülər proqramına rəhbərlik etmiş E.Səfərov futbol üzrə Avropa çempionatının Azərbaycan paytaxtında təşkil olunacaq 4 oyununun ölkənin tanınması baxımından çox böyük əhəmiyyət daşıyacağını bildirib. Bu baxımdan, ekspert könüllülərin üzərinə böyük işin düşdüyünü vurğulayıb: "AVRO-2020-nin oyunlarının Bakıda da təşkili həm turizm potensialı, həm də idman iqtisadiyyatı və şəhər infrastrukturu üçün əhəmiyyət kəsb edir. Stadionların idarə olunmasında iştirak edəcək könüllülər, sözsüz ki, Avropa Oyunlarından əvvəl, 2013-cü ildə böyük təbliğat və təlimlər nəticəsində yaradılmış bir komanda tərəfindən idarə olunacaq. Bütün dünyada keçirilən böyük beynəlxalq tədbirlərdə əsas işin 80 faizi könüllərin üzərinə düşür. Təkcə stadionların daxilində deyil, həmçinin arena xaricində, gələn qonaqların qarşılanması, nəqliyyatda, şəhərdə, yarış günləri və yarış olmayan günlərdə təxminən 10 minə yaxın könüllü iştirak edir və sadalanan vəzifələri yerinə yetirirlər".

AFFA könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyununda start verib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib. Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb. Bu oyunlarda fəaliyyət göstərəcək könüllülər üçün yanvarın 25-də “Elektra Events Hall”da xüsusi gecə təşkil olunub. Həmin tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarının səfiri Vəli Qasımov, Könüllülər proqramının səfiri Taleh Yüzbəyov iştirak edib. Çıxışlar zamanı Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi xüsusi qeyd olunub. Rövnəq Abdullayev və Azad Rəhimov çıxışlarında öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə Avro-2020-yə yeni nəfəs verən könüllülərin və könüllü fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər. 

Çıxışlardan sonra Rövnəq Abdullayev, Azad Rəhimov və Elxan Məmmədov tərəfindən Avro-2020-nin Bakını təmsil edən səfiri Vəli Qasımova, həmçinin Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyova ölkə əhəmiyyətli idman tədbirində göstərdikləri dəstək və fəaliyyətə görə mükafatlar təqdim edilib. Eyni zamanda, 4 ən aktiv könüllü hədiyyələrlə təltif olunub. 1500-dən çox könüllünün qatıldığı gecənin sürpriz qonağı isə sevilən müğənni Dilarə Kazımova olub. Daha sonra gecə əyləncə proqramı ilə davam edib.

Ekspertin fikrincə, əyləncəli tədbirin təşkil olunması yaxşı haldır və belə tədbirlər heç də yarışdan-yarışa olmamalıdır: "Tələbələrin asudə vaxtlarını xoş keçirmələri baxımından əyləncəli tədbirlər düzgün təşkil edilməlidir. Əyləncə proqramı könüllülük proqramının tərkib hissəsidir. Gənclərin də öz həyatı var və onların da asudə vaxtlarını maraqlı keçirmələri lazımdır". 

E.Səfərov artıq böyük idman tədbirləri üçün könüllü ordusunun formalaşdığına da diqqət çəkib: "Bizdə ən böyük çətinlik 2015-ci ildə keçirilmiş I Avropa Oyunlardan əvvəl olub. O vaxtı könüllülər haqda danışmaq, onların görəcəyi işləri izah etmək çətin idi. Çoxlarına elə gəlirdi ki, burada söhbət hansısa fiziki işlərin görülməsindən gedir. Sonradan məlum oldu ki, könüllülük təkcə kömək deyil. Bu, həm də təlimdir, tərbiyə və mədəniyyətdir. "Böyük tədbirlərdən Azərbaycana irs olaraq nə qaldı" sualına hər zaman "Könüllülük bizim üçün irsdir" deyə cavab vermişik. Biz artıq formalaşmış, mövqeyi məlum olan və gələcəyini qiymətləndirən bir təbəqəyə malikik. Sevindirici haldır ki, bu təbəqə ildən-ilə yenilənir. Ötən il beynəlxalq tədbirlərdə iştirak etmiş könüllülərin sayının 25-30 faizi eyni tərkibdə qalır. Qalan 70 faiz isə hər il dəyişir, gəncləşir. Bu da ondan xəbər verir ki, artıq könüllülük sahəsində hər hansı problemimiz yoxdur. Hətta Türkiyədə 2021-ci ildə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi də bizim təcrübə ilə, könüllülük sahəsində hansı metodlardan istifadə etməyimizlə, ali təhsilə mane olmadan yalnız onlayn qeydiyyatla bu qədər könüllünü özümüzə necə cəlb etməyimizlə maraqlanıblar. Könüllülərlə işləmək təkcə onları yerinə yetirəcəkləri funksiyaları izah etməkdən ibarət deyil. Bilirsiniz ki, burada olanlar gənclərdir. Onlarda bütün təlimlər, geyimlər, nəqliyyat, rabitə və iaşə məsələləri öz həllini tapmalıdır".

AFFA-nın təşkil etdiyi tədbir həm də ona görə aktualdır ki, bu, Prezident İlham Əliyevin 2020-ci ilin "Könüllülər ili" adlandırılması barədə sərəncamın icrası dövrünə təsadüf edir. Dövlət başçısı Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməyi tapşırıb. E.Səfərovun sözlərinə görə, bu ilin "Könüllülər ili" adlandırılması yeni cərəyandır və könüllülüyün davamlı olmasına, stimul olaraq yeni könüllülərin inkişafına əminlik yaradır. O, nüfuzlu yarışların könüllülər üçün stimullaşdırıcı rolunun böyük olduğunu diqqətə çatdırıb: "Elə ilk təlimdəcə könüllüyə bu və ya digər beynəlxalq idman tədbirlərinin ölkə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlatılır. Onlar bu işi gördükdə sanki öz ölkəsinə, öz xalqına xidmət etmiş kimi olurlar. İkincisi, stadionun və ya kütlənin idarə olunması, marketinq, əcnəbi qonaqların şəhər haqda məlumatlandırılması deyə bir fakültə yoxdur. Lakin bu sadalanan funksiyaların hamısı təlimlərdə könüllülərə izah olunur və əslində yeni peşələr meydana gəlir. Növbəti qazanc isə komanda şəklində işləmək bacarığıdır. Bu da məktəblərdə öyrədilmir, yalnız təcrübə ilə əldə edilir. Könüllülərin qazanc əldə edəcəyi digər məqamlardan biri də dil bacarıqlarıdır. Dil bacarığı olan könüllülərin bir qədər məsuliyyətli vəzifələrə təyin olunması bir ənənədir". 

Ekspert AVRO-2020-də qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununu qəbul edəcək Bakı Olimpiya Stadionunun (BOS) könüllülərin fəaliyyəti üçün də əlverişli olduğunu vurğulayıb: "BOS artıq bir neçə dəfə özünü təsdiqləyib. Ötən il də bu arenada UEFA Avropa Liqasının final matçı keçirilib. Həmin o yarış zamanı Atletlər Kəndinin könüllüləri böyük həvəslə iştirak ediblər. Əvvəllər isə BOS-da könüllülər ordusunun köməyi ilə I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri, yarışlar təşkil olunub. Burada söhbət təkcə könüllülərin köməyi funksiyalarından getmir, onların təlim, uniforma, qida və akkredetasiya ilə təmin olunmaları AVRO-2020-də də təşkil olunacaq. Bu standartlardır, beynəlxalq yanaşmadır. Başqa cür ola bilməz. Könüllü ona tapşırılan işi layiqincə yerinə yetirməlidir. Nəzərə alsaq ki, tədbirlər yayda keçirilir, bu da könüllülər üçün ciddi sınaq olacaq. Stadiodan kənarda kütlənin idarə olunmasına onların köməyinə böyük ehtiyac duyulacaq".

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda qitənin 12 müxtəlif şəhərində təşkil olunacaq. BOS-da iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə Türkiyə - İsveçrə qarşılaşmaları oynanılacaq. Eyni zamanda iyulun 4-də bu arenada 1/4 final oyunu keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi