​Elçin Məmmədov: "AFFA İcraiyyə Komitəsində Lisenziyalaşdırma ilə bağlı bəzi məqamlara baxılmalıdır" - MÜSAHİBƏ

​Elçin Məmmədov: "AFFA İcraiyyə Komitəsində Lisenziyalaşdırma ilə bağlı bəzi məqamlara baxılmalıdır" - MÜSAHİBƏ Lisenziyalaşdırma Qrupunun rəhbəri: "Bizdə heç vaxt 8 klubun lisenziya alma halı olmayıb"
Futbol
1 İyun , 2016 17:36
​Elçin Məmmədov: AFFA İcraiyyə Komitəsində Lisenziyalaşdırma ilə bağlı bəzi məqamlara baxılmalıdır - MÜSAHİBƏ

Bakı. 1 iyun. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun "Report"a müsahibəsi

- Lisenziyalaşdırma Qrupu Azərbaycan Premyer Liqasında iştirak üçün müraciət etmiş klublardan heç birinin sənədlərini tam şəkildə təqdim etmədiyini açıqladı. Bəs Lisenziyalaşdırma Komissiyasının hesabatı nə vaxt açıqlanacaq?

- Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq. Hazırda bu məsələ üzərində işləyirik.

- Hazırda bir neçə klubun Premyer Liqada iştirakı məsələsi müzakirə olunur. Ola bilərmi ki, onların iştirakı istisna hal kimi mümkün olsun?

- Hansısa klubun Premyer Liqada iştirak edib-etməyəcəyi mənim səlahiyyətimdə deyil. Bizim işimiz sadəcə baxmaq, görməkdir ki, hansı klub lisenziya tələblərinə, standartlara cavab verir, ya vermir. Təqdim olunmuş sənədlər əsasnda da lisenziyalar verilir. Məsələn, 8 klub qalsa, AFFA İcraiyyə Komitəsi qərar verə bilər ki, Premyer Liqada 10 klub olsun, 2-si lisenziyasız iştirak etsin. Ancaq bu, mənim səlahiyyətimdə deyil.

- Artıq bu, lisenziya olmadan Premyer Liqada iştirak etmək sayılacaq?

- Bəli, keçən il "Rəvan"da belə hal baş vermişdi. "Simurq" lisenziya almışdı, amma mövsümün startına az vaxt qalmış onlar imtina etdilər. Bir neçə gün qaldığı üçün başqa klubların lisenziyadan keçməyə imkanı yox idi. İcraiyyə Komitəsi "Rəvan"ın bir mövsüm lisenziyasız oynamasına icazə verdi.

- Xüsusi icazə olacaqsa və 2 komanda Premyer Liqada lisenziyasız çıxış edəcəksə, o zaman müraciət etmiş klubların sənədlərini Lisenziyalaşdırma qrupunun araşdırmasına nə lüzum qalır?

- Təbii... Amma bu, mənim səlahiyyətimdə olan iş deyil. Lüzumun yaranıb-yaranmadığını deyə bilmərəm. Bu, İcraiyyə Komitəsinın işidir. Həm Lisenziyalaşdırma Komissiyası, həm də İcraiyyə Komitəsinə hesabat verəcəyik. Bundan sonra qərarı onlar verəcək.

- Əsas çatışmazlıqlar nədən ibarətdir?

- Fərdi şəkildə hansısa klubun məhz hansı sənədinin çatışmadığını deyə bilmərəm. Sadəcə, ümumi deyə bilərəm ki, maliyyə məsələlərində problemlər var. Borcları qaytara bilmirlər. Digər tərəfdən, klublar lisenziya məsələlərinə bir az məsuliyyətsiz yanaşır. Vaxtında sənədləri təqdim etmədilər. Təqdim etsəydilər, onlardan hansısa biri lisenziyadan keçə bilərdi. Amma klubun lisenziya ilə məşğul olan əməkdaşı məsələyə məsuliyyətsizcəsinə yanaşdığı üçün klub lisenziyadan keçə bilmədi. Biz də bu sənədləri görməmiş, təhlil etməmiş heç nə deyə bilmərik.

- 2017/2018 mövsümü üçün lisenziya şərtləri sərtləşdiriləcək, yoxsa yüngülləşməsi gözlənilir?

- Buna yayda baxılacaq. Bu məsələ İcraiyyə Komitəsinin səlahiyyətindədir. 

- Ümumiyyətlə, hansına ehtiyac var?

- Bəzi məqamlar var ki, onlara baxılmalıdır. Amma digər tərəfdən klubun borcu varsa, bunu necə etməlisən? Varsa, ödənilməlidir. Əks halda, "Rəvan" və "Bakı" ilə bağlı yaşanmış problemlər təkrarlana bilər. 

- Lisenziyalaşdırma meyarları UEFA-nın tələbinə uyğun müəyyənləşdirilib?

- Biz Premyer Liqanın qaydalarından danışırıq. UEFA, təbii ki, öz tələblərini qoyur. İlk növbədə, milli assosiasiya qarşısında. Premyer Liqa AFFA İcraiyyə Komitəsinin səlahiyyətindədir. Əslində bizdə UEFA ilə bağlı problem yoxdur. Bu məsələ Premyer Liqa ilə bağlıdır. Hazırda cəmi 8 klub standartlara cavab verir. Bizdə heç vaxtı belə hal olmayıb.

- Belə başa düşülür ki, İcraiyyə Komitəsi lisenziyalaşdrma meyarlarını müəyyənləşdirərkən, bir az sərt davranır, mövcud reallıqları nəzərə almır...

- Bəli, reallıqlar var. Amma klubun 1 manat belə nəyəsə borcu varsa, bu, artıq meyarın yerinə yetirilməməsi deməkdir. Çünki borcun minimum və maksimumu olmur. Bu halda standartlardan danışmağa dəymir. Digər tərəfdən, elə klublar olub ki, ərizə ilə müraciət etsələr də, sənədləri tam təqdim etməyiblər. Bir meyarı yerinə yetiriblər, məsələn, stadionla müqaviləni gətiriblər, birini yox. Həmin sənəd əsasında bu sahə ilə bağlı araşdırma aparası oluruq. Bunları yerinə yetirməyin çətin olub-olmadığını bilmirəm. Amma sənədlər tam verilməlidir. Bəlkə də həmin sənədi gətiə bilərdilər, amma əməkdaşları məsuliyyəsizliyə yol veriblər. Biz araşdırmaları sənəd əsasında aparırıq. Sənədləri toplayıb yekun hesabat verəcəyik.

- Demək olarmı ki, müraciət edib lisenziya almayan klubların hamısında maliyyə meyarı çatışmır?

- Yox hamısında yox. Əsasən, klubların borcları, bir də onların məsuliyyətsizliyi. Sənədlərlə bağlı bəzi xırda məsələlər də var idi. Bəzilərində məşqçi çatışmırdı, diplomları yox idi. Bəzi klublar vardı ki, kənardan baxdıqda maliyyə cəhətdən problemsiz görünürlər. Amma sənəd gəlmədiyi üçün mən deyə bilmirəm ki, borcları var, ya yox.

Son xəbərlər

Orphus sistemi