Yuxarı
    Bağlamaq

    "Xəzər Lənkəran"ın baş məşqçisi qovulan futbolçuların geri qayıtmasını istəyir

    Elbrus Məmmədov: Rəhbərliklə görüşdüm və futbolçulardan bir həftə möhlət istədim

    Bakı. 18 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran"ın baş məşqçi postundan ayrılan Elbrus Məmmədov bir gündən sonra komandaya qayıdıb. Bu barədə "Report"a 44 yaşlı mütəxəssisin özü məlumat verib. 

    Onun sözlərinə görə, gedişi klubun çox çətin duruma düşməsi ilə əlaqədar olub: "Vəziyyət çox çətindir. Futbolçuların bir qismi maaşa görə etiraz edir. Rəhbərliklə görüşdüm və futbolçulardan bir həftə möhlət istədim". 

    Baş məşqçi vəziyyətin bu həftə düzələcəyinə inam ifadə edib: "Rəhbərliklə görüşümdə bu həftənin sonunadək maaşların ödəniləcəyini dedilər. Mən də uşaqlara müraciət etdim ki, mövcud heyət bir həftə gözləsin. Məlum məsələdir ki, bütün dünyada maliyyə problemləri var. Transferə çıxarılan və komandadan kənarlaşdırılan futbolçularımın geri qayıtmasını istəyirəm. Onlar 4 ildir ki, mənimlə bir yerdədirlər. Çalışacağam ki, onları geri qaytarım. Bütün komandaya ehtiyacım var". 

    E.Məmmədov ötən gün komandanı məşqə Yunis Hüseynovun çıxarmasına dair xəbərləri təkzib edib. Onun sözlərinə görə, məşq köməkçi-məşqçi Ağadadaş Həmidovun rəhbərliyi altında baş tutub. Gənc mütəxəssis bildirib ki, komandanın sükanı arxasında kim olsa da, komanda yaşayacaq.

    Qeyd edək ki, "Xəzər Lənkəran" rəhbərliyi Kazım Kazımlı və Elvin Mirzəyevi komandadan qovub, Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadəni isə transferə çıxarıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi