Eddi İsrafilovun Azərbaycan millisində oynamasına dair razılıq əldə olunub

Eddi İsrafilovun Azərbaycan millisində oynamasına dair razılıq əldə olunub Robert Prosineçki: “Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm"
Futbol
8 Yanvar , 2015 18:30
Eddi İsrafilovun Azərbaycan millisində oynamasına dair razılıq əldə olunub

Bakı. 8 yanvar. REPORT.AZ/ AFFA və İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar müsbət nəticələnib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun anası və meneceri bu gün Bakıda baş katib Elxan Məmmədovla görüşüb. 

Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında E.Məmmədov, E.İsrafilovun anası İradə İsrafilova və yığma komandanın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

Baş katib Elxan Məmmədov futbolçunun heç bir məbləğ istəmədən Azərbaycan millisində oynamağa razılaşdığını bildirib: "Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddi gənc idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.

İ.İsrafilova isə deyib ki, məsələ çox uzandığından həll etməyin vaxtı idi: "Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı. Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddinin özü üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin”.

“Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək". Bunu isə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis E.İsrafilovun yığmaya çox köməyinin dəyəcəyinə ümid etdiyini bildirib: "İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubunda oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik”.

Son xəbərlər

Orphus sistemi