Dünyanın ən xuliqan azarkeşləri niyə "quzulaşıb"? - REPORTAJ

Dünyanın ən xuliqan azarkeşləri niyə "quzulaşıb"? - REPORTAJ "Report"un London müxbiri "Tottenhem" - "Barselona" oyununun keçirildiyi "Uembli"dən yazır
Futbol
4 Oktyabr , 2018 17:58
Dünyanın ən xuliqan azarkeşləri niyə quzulaşıb?  - REPORTAJ

Bakı. 4 oktyabr. REPORT.AZ/ “2:4 hesablı məğlubiyyətdən sonra əynində "Tottenhem"in forması olan 20 yaşlarındakı gənc azarkeş əlindəki pivə şüşəsini götürüb "Barselona"nın qalibiyyətini qışqıraraq dostları ilə qeyd edən azarkeşin başına keçirir. Orta yaşlı kişi zərbənin təsirindən bir anlıq sərsəmləyir, daha sonra özünə gəlib gəncin üzərinə atılır. Davaya gənc və orta yaşlı kişinin yanındakı dostlar da qoşulur, yumruqlar danışır, məsələ böyüyür. 10-11 yaşlı uşaqlardan biri davanın ortasında qalıb ağlamağa başlayır. Elə bu zaman "Uembl" stadionunun ətrafında düzülən polis dəstəsi davanın olduğu tərəfə qaçaraq dalaşanları ayırır, bir-ikisinin əlinə qandal keçirib, polis maşınına basır”.

Londonun şimal-qərbindəki "Uembli" stadionundan reportajıma belə başlayıb siz oxucuları həyəcanlandırmaq, “Londonda da belə hadisələr olurmuş” dedirtmək istərdim. Hətta bəlkə yazının sonuna “yaralananların vəziyyəti stabildir” kimi bir cümlə də əlavə edərdim. Onlardan müsahibə alıb, öz komandalarının növbəti oyunlarına gedib-getməyəcəklərini soruşardım. Təyyarə qəzasından sağ çıxmış birisinə verilən “yenə təyyarəyə minərsinizmi” sualı kimi...

Amma son zamanlar belə bir mənzərə ilə nəinki Londonda, Böyük Britaniyanın hər hansı şəhərində çətin rastlaşasınız. Davakar ingilis fanatlar futbolu bir mədəniyyət, insanların asudə vaxtlarını dəyərləndirdiyi, izləməkdən zövq aldığı, hətta bunun üçün illik ailə büdcələrindən müəyyən bir məbləğ ayırdıqları, bu idman növü dərindən bilən çoxluğun içərisində əriməkdədirlər. İngiltərədə insanlar ailələri, balaca uşaqları, xanımları ilə gəlib futbola baxıb əylənir, pivələrindən içirlər. Sevimli komandalarını stadionda dəstəkləyə bilməyənlər isə pablarda öz yerlərini alırlar. Bir çox azarkeş isə komadasının oyunlarına fəsillik biletlər alır.

Azarkeşlər futbola, adətən, 30-40 dəqiqə əvvəl gəlir, balaca mini-avtobusların içində fəalliyyət göstərən bufetlərdə burger, sosiska-çörək, çips kimi atışdırmalıq bir şeylər sifariş edib, pivələrindən içirlər. Onlar əksərən öz komandalarının formasını geyinir, ya da ən azından boynuna şarfını atırlar. Siz stadion yolunun ətrafına düzülmüş kiçik köşklərdən uşaqlarına forma seçən valideynlərlə, müxtəlif yaş qrupundakı insanlarla qarşılaşa bilərsiniz. Bu, adi haldır. Elə öz komandalarının şarflarını, stəkanlarını, suvenirlərini almaqla hər il azarkeşlər komanda üçün bu cür maddi dəstək təmin edir, futbol klubunun da xərclərinin böyük hissəsi bu sahədən gələn qazanc nəticəsində qarşılanır.

Yerli vaxtla saat 20:00-da "Tottenhem" - "Barselona" oyunu başlanır. Mən isə biletim olmasa da, bu nəhəng stadionun ətrafında gəzişib, heyran-heyran ətrafa baxıb, fotolar çəkirəm. Üstündə narıncı rəngli, stadionun təhlükəsizlik xidmətinin forması olan, daha sonradan adının Aron olduğunu öyrəndiyim orta yaşlı kişi kameramın qarşısına keçib, mənə poz verməyə başlayır. Elə onunla söhbətləşirəm. Uşaqlıqdan bu sahədə işlədiyini deyir, müxtəlif idman növlərindən tutmuş London moda həftəsinə qədər, ən müxtəlif tədbirlərdə Aron təhüləsizlik sahəsində vəzifəsini icra edir.

Futbola bu qədər yaxın olan birisi kimi, o, görəsən, hansı sıxlıqda oyunlara baxmağa gedir? Aron “Mançester Yunayted” azarkeşlik etdiyini və uzaq olduğu üçün Londondakı oyunlara ildə yalnız bir gün - Yeni İl ərəfəsində ailəsi, qardaşları ilə gəldiyini söyləyir: “Gedib-gəlmək bahadır. Ona görə də biz ildə bir dəfə gedirik. Bu, bizim ailədə artıq ənənə halını alıb”.

Elə bu zaman fikirləşirəm ki, görəsən, biletin qiymətləri necəyədir? Aron bunun komandadan - rəqiblərdən asılı olduğunu deyir. “Məsələn, “Arsenal”ın oyunlarına bilet nisbətən bahadır. Çünki onların stadionu “Emirates” hələ təzədir, yenilənib. Onun pulunu çıxartmalıdırlar. Bir də görürsən 60 funt sterlinqə (təqribən 130 manata - A.A.) olur. “Totenhem”inki nisbətən ucuzdur. Lakin yenə də qiymətlər rəqiblərdən, oyuna olan maraqdan asılıdır”.

Növbəti sualım isə elə yazıya başlamamışdan əvvəl ağlımda olan məsələ ilə əlaqədar olur. Görəsən burada işləmək çətindirmi, tez-tez davalar olurmu? Aron deyir: “Yox, adətən olmur”.

Sonra məsələni izah edir: “Bu da komandalardan və rəqiblərdən asılıdır. "Tottenhem" və "Barselona" arasında elə də rəqabət yoxdur. Yəqin ki, gələnlərin çoxu "Barselona"nın qələbə qazanacağını bilirdi. Ümumiyyətlə, "Tottenhem"in azarkeşləri sakitdirlər. Lakin "Tottenhem" və "Arsenal" oynayanda və "Tottenhem" udmağa başlayanda "Arsenal" tərəfdarlarının bəziləri əsəbi olur, hərdən davaya meylli olurlar”.

Aronun ən sevmədiyi komanda isə "Miluoll"dur. Ümumiyyətlə isə Aron davalara o qədər də rast gəlmədiyini deyir.

Əvvəla, futbolseverlər burada məni üzrlü saysınlar: Aronun dediyi komandanın adını heç eşitməmişəm. Digər tərəfdən, məlum olduğu kimi, ingilislər dünyada ən xuliqan azarkeşləri kimi tanınırlar. Britaniya xaricindəki çoxsaylı oyunlarda onların hətta ölümlərlə nəticələnən davaları haqda internetdə çoxlu qaynaqlar mövcuddur. Son illər hər hansı səbəbdən, xüsusən, ölkədaxili-klublararası oyunlarda o xuliqan azarkeşlər mədəniləşərək, quzuya dönüblər.

Mənim ən çox bəyəndiyim isə stadionun girişlərinin və qurulduğu ərazinin xeyli geniş olmasıdır. Buna görə də giriş və çıxışlarda insanlar bir-birilərini əzmək məcburiyyətində qalmır. Gecənin işıqları ilə aydınlaşan stadionun futbolu sevməyən insana futbolu sevdirəcək gözəllikdə olduğunu etiraf edə bilərəm.

Aronla söhbətləşdikcə bəzi azarkeşlərin oyun bitməmiş çıxdıqlarını görürəm. Müsahibim deyir ki, onlar "Barselona"nın qollarına dözə bilməyən azarkeşlərdir: “Bayaq birini elə tez çıxan gördüm. Soruşdum ki, bəs niyə belə tez? "Sabah işə getməliyəm" cavabını verdi. Əlbəttə, öz komandasının qələbə çalma ehtimalı olsaydı gözləyərdi. Bilərdi ki, sabah işə geciksə və ya yuxulu olsa da buna dəyər. Ancaq belə əsəbiləşib tez çıxan çoxdur”.

Söhbətimiz sırasında saatına baxan Aron “vaxtdır, getməliyəm” deyir.

Az sonra oyun bitir. Metroda insan sıxlığı ilə qarşılaşmaq istəməyən bəzi azarkeşlər oyunun bitməsinə bir neçə dəqiqə qalmış stadiondan çıxır, sürətli addımlarla hərəkət edirlər. Sonra isə yavaş-yavaş insan seli axmağa başlayır. Hamı sakit, öz halında...

Hə, bu arada qeyd etməyi unutdum, "Uembli" Böyük Britaniyanın ən böyük stadionu olub 90 minlik tamaşaçı tutumuna malikdir. Müqayisə üçün deyim, gözünüzdə stadionun nəhəngliyini canlandırın. Tofiq Bəhrəmov stadionunun tutumu 31.200 nəfərdir.

Aytən ABBASLI, London

Son xəbərlər

Orphus sistemi