Yuxarı

Donald Gerye: "Hər şey elektron poçtumda qalır"

Donald Gerye: "Hər şey elektron poçtumda qalır"

"Bu gün heç-heçəyə nail ola bilərdik. Qol epizodlarımız da oldu. "Qarabağ" çox yaxşı komandadır. Bəli, uduzduq. Hesab da oyuna görə idi. Amma futbolda belə şeylər olur. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Donald Gerye səfərdə keçmiş komandası "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

Haitili cinah oyunçusu digər sualları da cavablandırıb:

- Qol vurmağa can atırdınız. Bu, özünüzü "Qarabağ"a sübut etmək istəyinizdən irəli gəlirdi?

- "Qarabağ"da məni onsuz da tanıyırlar. Özümü heç kimin qarşısında sübut etmək istəmirdim. Sadəcə, öz oyunumu sərgiləməyə və yeni komandama faydalı olmağa çalışırdım.

- "Qarabağ"dan pul məsələsinə görə getmişdiniz?

- Xeyr. Hər şey mənim elektron poçtumda qalır. "Qarabağ"la yeni müqaviləyə dair danışığımız öncədən olmuşdu. Razılaşmaya əsasən, iyulun 5-dək maaşın yarısını verəcəkdilər. Lakin həmin gün hesabımda heç nəyin olmadığını gördüm. Daha sonra iyulun 10-dək köçürəcəklərinə söz verdilər. Onlar mənə pulumu öncədən vermədilər. Dedilər ki, bir oyunda çıxış et, sonra maaşın yarısını verək. Amma mən belə olmasını istəmədim. Bu, mənə sərf etmirdi. Ona görə də razılıq əldə olunmadı. İstəsələr, hər şeyi sübut edə bilərəm.

- "Nəyə görə məhz "Neftçi"yə keçdiniz, başqa variantlarınız olmadı?

- Çox variantım var idi. Karyeramı Fransada və Türkiyənin "Dənizlispor" klubunda davam etdirə bilərdim. Amma mən "Neftçi"ni seçdim. Bu komandanın işə yanaşması daha çox xoşuma gəldi.

- Həmyerliniz Soni Norde "Zirə"yə keçərkən, ona "Ora sənin səviyyən deyil" demişdiniz. "Zirə"ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?

- İcazə verin, bu məsələyə də aydınlıq gətirim. Norde çox yaxın dostumdur. Onunla Haitinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik, uşaqlıqdan dostuq. Biz hər gün danışırıq. O, "Zirə"yə keçməmişdən öncə mənimlə məsləhətləşmişdi. Cavabım isə Azərbaycanda ən yaxşı klubların "Qarabağ" və "Neftçi" olduğunu bildirmişdim. Özü Azərbaycanda "Neftçi", "Zirə" və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə "Belə imkanın varsa, "Neftçi"ni seç" cavabını vermişdim. Mən o sözlə demişdim ki, "Neftçi" variantın varsa, "Zirə" sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Mən Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram.

Norde yüksək səviyyəli oyunçudur. Bunu nəzərə alaraq, onun paylaşımına belə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.

- Düşünmürsünüzmü ki, "Qarabağ"la müqayisədə "Neftçi"də çempion olması çətin görünür?

- Futbolda mümkünsüz bir şey yoxdur. Düzdür, hazırda xal fərqimiz çoxdur. Amma çempionatın çox hissəsi irəlidədir. Döyüşsək və daha çox çalışıb-işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi