DÇ-2018-in seçmə mərhələsinin III turunun oyunları keçirilib - VİDEO

DÇ-2018-in seçmə mərhələsinin III turunun oyunları keçirilib - VİDEO Türkiyə İslandiya ilə bacarmayıb, İtaliya son anda Makedoniyanı məğlub edib
Futbol
10 Oktyabr , 2016 01:31
DÇ-2018-in seçmə mərhələsinin III turunun oyunları keçirilib - VİDEO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gecə keçirilmiş 9 oyunla 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsinin III turuna start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə "D", "G" və "İ" qruplarında yer alan komandalar mübarizə aparıb.

"D" qrupunda mərkəzi görüş Serbiya və Avstriya yığmaları arasında keçirilib. Meydan sahibləri hesabda 2 dəfə irəli çıxdıqları görüşü sonda qələbə ilə başa vurmağı bacarıblar. Serbiyanın liderliyinə səfərdə Moldovanı 3:1 hesabı ilə yenən İrlandiya şərik olub. Əvəzində Uels Gürcüstanla ev oyununda qələbəni əldən verib. Beləliklə, qonşu ölkə millisi ilk xalını qazanıb.

"G" qrupunda da azarkeşlər maraqlı oyunun şahidi olub. Qrupun əsas favoritlərindən hesab edilən İspaniya Albaniyanın qonağı olub. Meydan sahiblərini kapitan qismində meydana "Qarabağ"ın oyunçusu Ansi Aqolli çıxarıb. İspaniya yığması istəyinə ikinci hissədə çatıb. Qısa zaman kəsiyində iki qol vuran qonaqlar Albaniyaya ilk məğlubiyyət acısı yaşadıblar.

Qrupun digər oyununda İtaliya səfərdə Makedoniya üzərində əzmkar qələbə qazanıb. "Neftçi"nin futbolçusu Vançe Şikovun 90 dəqiqə çıxış etdiyi görüşdə meydan sahibləri hesabda önə çıxsalar da, Çiro İmmobilenin "dubl"una əngəl ola bilməyiblər.

Beləliklə, İtaliya və İspaniya xallarını 7-yə çatdıraraq, Albaniyanı taxtdan salıblar. Aqollinin komandası turu Lixtenşteyn üzərində qələbə ilə qapadan İsraillə eyni sayda - 6 xala malikdir.

"İ" qrupunda azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi Türkiyə yığması İslandiya önünə çıxıb. Görüşün taleyini ilk yarının sonlarında vurulan 2 qol həll edib. Bununla da "ay-ulduzlular" ardıcıl iki heç-heçənin ardından ilk məğlubiyyətlərini alıblar. Türkiyənin əvvəlki turlarda heç-heçə etdiyi komandalardan Ukrayna neytral meydanda Kosovonu darmadağın edib, Xorvatiya isə səfərdə Finlandiyanı minimal hesabla yenib. Beləliklə, Xorvatiya və İslandiya 7 xalla liderliyi ələ keçirib. İki xala malik Türkiyə isə 3-cü pillədəki Ukraynanın 3 xal gerisindədir. "Ay-ulduzlular" 1 xalı olan Finlandiya və Kosovonu üstələməklə təsəlli tapır.

DÇ-2018. Təsnifat mərhələsi. Avropa. III tur.

"D" qrupu

Moldova - İrlandiya - 1:3

Qollar: İqor Buqayev, 45+1 - Şeyn Lonq, 2, Ceyms Makklin, 69, 76

Serbiya - Avstriya - 3:2

Qollar: Aleksandr Mitroviç, 6, 23, Duşan Tadiç, 74 - Marsel Zabittser, 15, Mark Yanko, 62

Uels - Gürcüstan - 1:1

Qollar: Qaret Beyl, 10 - Tornike Okriaşvili, 57

"G" qrupu

Albaniya - İspaniya - 0:2

Qollar: Diyeqo Kosta, 55, Nolito, 63

Makedoniya - İtaliya - 2:3

Qollar: İliya Nestorovski, 57, Ferhan Hasani, 59 - Andrea Belotti, 24, Çiro İmmobile, 75, 90+1

İsrail - Lixtenşteyn - 2:1

Qollar: Tomer Hemed, 3, 16 - Maks Qopel, 49

"I" qrupu

İslandiya - Türkiyə - 2:0

Qollar: Ömər Toprak, 41(avtoqol), Alfred Finnboqason, 44

Finlandiya - Xorvatiya - 0:1

Qollar: Mario Mancukiç, 18

Ukrayna - Kosovo - 3:0

Qollar: Artyom Kravets, 31, Andrey Yarmolenko, 81, Ruslan Rotan, 87.

Son xəbərlər

Orphus sistemi