Azərbaycan millisi Şimali İrlandiyada böyükhesablı məğlubiyyətə uğrayıb - FOTO - VİDEO

Azərbaycan millisi Şimali İrlandiyada böyükhesablı məğlubiyyətə uğrayıb - FOTO - VİDEO Komandamız qrupda tutduğu ikinci yeri itirib
Futbol
12 Noyabr , 2016 01:39
Azərbaycan millisi Şimali İrlandiyada böyükhesablı məğlubiyyətə uğrayıb - FOTO - VİDEO

Bakı. 12 noyabr. REPORT.AZ/ Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçirilən 2018-ci il dünya çempionatının seçmə qrup matçı yekunlaşıb.

"Report" xəbər verir ki, millimiz cari seçmə mərhələdə ilk məğlubiyyətini darmadağınla alıb.

Meydan sahibləri hər hissədə qapımıza 2 dəfə yol taparaq böyükhesablı məğlubiyyətimizi rəsmiləşdiriblər.

Bununla da rəqib xal sayında Azərbaycana çatıb və turnir cədvəlində 2-ci pilləni özünə təmin edib. Bu britaniyalıların şəxsi oyun hesabında bizdən üstün olması sayəsində mümkün olub.

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan - 4:0

Qollar: Kayl Lafferti, 27, Qaret Makoli, 40, Konor Maklauhlin, 67, Kevin Brant, 83

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danidos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. "Windsor Park" stadionu 

***00:34

Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçirilən 2018-ci il Dünya çempionatının seçmə qrup matçının ilk yarısı başa çatıb.

"Report"un Belfastdakı "Windsor Park"da oyunu izləyən əməkdaşının verdiyi məlumata görə, millimiz hazırda 0:2 hesabı ilə geridədir.

Qolları 27-ci dəqiqədə Kayl Lafferti, 40-cı dəqiqədə Qaret Makoli vurub. Aramsız yağış altında keçən görüşün əvvəllərində komandamız bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub. Amma həmin hücumların sonluğu kəsərli alınmayıb.

Əvəzində meydan sahibləri özlərinə xas olan standart vəziyyətləri qolla tamamlamağa müvəffəq olublar. İkinci qoldan sonra bir qədər fəallaşan millimiz hücumlar qurmağa cəhd edib. Amma bu dəfə də bir nəticə hasil olmayıb. İlk yarının başa çatdığını bildirən fit səsi isə millimiz təhlükəli hücumda olduğu vaxt səsləndirilib.

Birinci hissədə Maksim Medvedev və Kris Brant toqquşaraq, yerdə qalıblar. Hər iki futbolçu oyunu başı sarıqlı halda davam etdirə bilib. 39-cu dəqiqədə isə Emin Mahmudov kobud oyuna görə sarı vərəqə alıb.

***00:25

Şimali İrlandiya və Azərbaycan yığmaları arasındakı 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə maraqlı anlar yaşanıb.

"Report"un Belfasta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Windsor Park"da azərbaycanlı azarkeşlər onlara ayrılmış sektorda milli futbolçularımızın əsgər formasında olan posterini nümayiş etdiriblər. Posterin üzərində isə "Niyə də yox?!" şüarı yazılıb.

Oyun isə bir dəqiqəlik sükutla başlanıb. Bu addım I Dünya Müharibəsi zamanı dünyasını dəyişmiş britaniyalı azarkeşlərin xatirəsini yad etmək məqsədilə atılıb. Stadionun kənarına lalələr qoyulub, tribunada isə lalə təsviri yaradılıb.

Qeyd edək ki, hələlik hesab açılmayıb - 0:0.

***23:46

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağıdır.

Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.

Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.

Dünya çempionatı - 2018, seçmə mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Kleman Tyurpen

Yan xətt hakimləri: Nikolya Dano, Siril Qrinqor

Dördüncü hakim: Frank Şnayder (hamısı Fransa)

Belfast. "Uindsor Park" stadionu

Son xəbərlər

Orphus sistemi