Gürcüstanlı hücumçu: "Qərara aldım ki, mənim üçün ən yaxşısı Azərbaycana getməkdir"

Gürcüstanlı hücumçu: "Qərara aldım ki, mənim üçün ən yaxşısı Azərbaycana getməkdir" Bakı. 14 yanvar. REPORT.AZ/ “Özüm Gürcüstanda doğulsam da, babam ukraynalıdır. Ona görə də soyadımın kökü Volkovdur, sadəcə, Gürcüstanda soyad sonluğuna “i” əlavə olunub. Msxeta bələdiyyəsinin Saquramo kəndində boyuyub-başa çatmışam”.
Futbol
14 Yanvar , 2019 12:09
Gürcüstanlı hücumçu: Qərara aldım ki, mənim üçün ən yaxşısı Azərbaycana getməkdir
Report

Bakı. 14 yanvar. REPORT.AZ/ “Özüm Gürcüstanda doğulsam da, babam ukraynalıdır. Ona görə də soyadımın kökü Volkovdur, sadəcə, Gürcüstanda soyad sonluğuna “i” əlavə olunub. Msxeta bələdiyyəsinin Saquramo kəndində boyuyub-başa çatmışam”.

Bunu "Report"a müsahibəsində “Qəbələ” klubunun yeni transferi Davit Volkovi deyib. 24 yaşlı hücumçu digər sualları da cavablandırıb...

- “Qəbələ”yə gəlişiniz necə alındı?

- “Qəbələ”nin yaxşı klub olduğunu bilirdim. Tbilisi “Dinamo”sunda çıxış etdiyim vaxt - 2015-ci ilin iyulunda komandamız Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşmışdı. Həmin vaxt Qəbələyə gəlsəm də, heyətdə yer almamışdım. Amma komandada yaradılmış şərait, meydanlarla tanışam. 

- Ancaq indi “Saburtalo”dan azad agent qismində Azərbaycan klubuna keçdiniz...

- Bəli, müqaviləmin müddəti başa çatdı və azad oyunçu kimi bura gəldim.

- Bəs “Saburtalo” sizə yeni müqavilə təklif etmədi?

- Təklif etdilər. Həmçinin Kutaisi “Torpedo”su və Gürcüstanın başqa komandalarından təkliflər vardı. Daha sonra “Qəbələ”dən zəng gəldi və qərara aldım ki, mənim üçün ən yaxşısı Azərbaycana getməkdir.

- “Qəbələ”nin məqsədlərini bilirsiniz?

- Minimum hədəf 3-cü yeri tutmaqdır. Bütün görüşlərdə qalib gəlmək və ən azı Avropa Liqasına düşmək istəyirik. Hər şeyin yaxşı olacağına ümid edirəm.

- “Qəbələ”də hücum xəttində ciddi rəqabət var. Buna hazırsınız?

- Düzdür, komandada çox yaxşı futbolçular, forvardlar yer alıb. Rəqabətin xeyrimə olacağını düşünürəm.

- Sabiq komandanız tarixində ilk dəfə Gürcüstan çempionu oldu...

- “Saburtalo”nun Gürcüstanın ən yaxşı klubu olduğunu düşünürəm. Tbilisi “Dinamo”su və Kutaisi “Torpedo”su da güclüdür.

- “Saburtalo”da vaxtilə Azərbaycanda çıxış etmiş futbolçu var?

- Xeyr, beləsi yoxdur.

- “Qəbələ”dən təklif alanda kiminləsə məsləhətləşdiniz? Məsələn, vaxtilə bu komandada çıxış etmiş Nika Kvekveskiri ilə...

- Xeyr, danışmamışam. Amma Kvekveskiri ilə “Dinamo”da komanda yoldaşı olmuşam.

- Gürcüstan və Azərbaycan çempionatlarının səviyyəsini müqayisə edə bilərsiniz?

- Hələ Azərbaycanda oynamamışam. Bu, baş verəndən sonra nəsə deyə bilərəm. Gürcüstanda isə oynamaq asan deyil, çempionat çox yaxşıdır.

- İndiyə qədər bir dəfə legioner həyatı yaşamısınız. 2017-ci ildə “Zemun” komandasının formasını geyinmisiniz...

- Serbiyada cəmi 1 oyunda çıxış etdim və 1 qol vurdum. Lakin az sonra dizimdən zədələndiyim üçün 3 ay meydana çıxa bilmədim.  

Son xəbərlər

Orphus sistemi