Dario Frederiko: "Kişineuya hər iki gəlişim uğurlu alındı" - MÜSAHİBƏ

Dario Frederiko: "Kişineuya hər iki gəlişim uğurlu alındı" - MÜSAHİBƏ Neftçinin futbolçusu Dario Frederikonun Moldovada Sperantsa ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Reportun Kişineuya ezam olunmuş əməkdaşına müsahibəsi:
Futbol
13 İyul , 2019 11:18
Dario Frederiko: Kişineuya hər iki gəlişim uğurlu alındı - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Dario Frederikonun Moldovada "Sperantsa" ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra "Report"un Kişineuya ezam olunmuş əməkdaşına müsahibəsi:

- “Neftçi”yə qayıtdıqdan sonra ilk rəsmi matça çıxdın. Komandanın böyükhesablı qələbəsindən əlavə, öz oyununu necə dəyərləndirirsən?

- Qayıdışıma görə çox sevinirəm. Özümü evimdəki kimi hiss edirəm. Məni burda çox yaxşı qarşıladılar. Yüksək səviyyədə təlim-məşq toplanışı keçdik, yaxşı hazırlaşdıq. Bunun da bəhrəsini ilk oyunda qələbə qazanmaqla gördük. Özümə gəlincə, az müddət əvvəl getmişdim, buna görə də hamıyla anlaşmaq çox asan oldu.

- Düşünülürdü ki, səfər matçıdı, Moldovada çempionat davam edir və rəqib daha hazırlıqlı olacaq. Ancaq meydanda aradakı səviyyə fərqinin olduqca böyük olduğu göründü. Belə qələbəni daha nə ilə bağlamaq olar?

- Oyuna yanaşmanın bunda böyük rolu oldu. Əla köklənmişdik, matça yaxşı başladıq və konsentrasiyanı sona qədər qoruduq. Hazırlıqdan əlavə məhz oyuna yanaşmamız da uğur qazanmağımızda kömək etdi.

- 3 il əvvəl Kişineuda “Kəpəz”ə qələbə qazandırmışdın. Yenə uğurlu matçın iştirakçısı oldun. Necə müqayisə aparardın?

- Sevindirici haldır ki, Kişineuya hər iki gəlişim uğurlu alınıb. Müqayisə aparsam, həmin zaman vəziyyət fərqli idi. İlk matçı evdə keçirib heç-heçə etmişdik. Cütün taleyi Kişineuda həll edilməliydi, orda mən qol vurmuşdum. Bu dəfə isə səfərdə 3:0 hesabı ilə qalib gəldik. Cavab matçını evdə keçirəcəyik. Üstünlüyümüz var, lakin ikinci oyuna da yaxşı hazırlaşıb bütün gücümüzlə mübarizə aparmalıyıq.

- Bu dəfə qol vurmağına bəxtsizlik mane oldu? Zərbələrindən biri tirdən qayıtdı...

- Mənim üçün qol vurmağımdan daha vacibi komandanın nəticəsi, komandaya fayda verməyimdi. Zərbəm tirdən qayıtdı, daha bir neçə təhlükəli epizodun iştirakçısı oldum. Fərqlənə bilmədiyimə görə üzülmürəm. Ötürməmlə komandamın qol vurmasında pay sahibi oldum. Bu da mənim üçün qol vurmaq kimidir.

- Cərimə zərbəsindən maraqlı ev tapşırığı yerinə yetirməklə qol vurdunuz. Həmin epizodu təsvir edərdin...

- Meydanda təsadüfi şeylər olmur. Həftəboyu, ümumi hazırlıq prosesində etdiyimiz məşqləri çalışırıq ki, oyunlarda yerinə yetirək. Bu da onlardan biri idi. Bir neçə vaxt idi ki, bu ev tapşırığının üstündə işləyirdik. Bəzən alınmır, ancaq bu dəfə uğurlu icra edə bildik və qol vurduq.

- İlk dəfə “Neftçi”yə gəldiyin vaxtla indiki komandanı müqayisə etsən, hansı daha güclüdür?

- Mənim üçün bu iki komandanı fərqləndirmək çətindir. Mən həmin vaxt “Neftçi”də olanda komanda qələbələri sıralayırdı və çempionatda 1-ci yerdə idi. Onda da gözəl kollektivimiz var idi, indi də. “Neftçi”də yaxşı rəqabət var. Qayıdışımdan sonra ilk oyunda da qələbə qazandıq. Böyük bir fərq görmürəm.

- “Neftçi” böyük ölçüdə növbəti mərhələ problemini həll edib. Potensial rəqibiniz olan Tula “Arsenal”ı barədə nə düşünürsən?

- Düzü, mənim bu komanda barədə heç bir məlumatım yoxdur. Olsaydı, hansısa fikir bildirə bilərdim. Baxmayaraq ki, səfərdə yaxşı nəticə qazanmışıq, hazırda yalnız “Sperantsa” ilə cavab oyununu düşünürük. Əvvəlcə mərhələni adlamalıyıq. Ondan sonra “Arsenal” haqqında məlumat toplaya, danışa bilərəm.

- Cənubi Koreyada o qədər də çox oynamırdın. Əvvəlki formanda olduğunu düşünürsən, yoxsa bunun üçün vaxt lazımdır?

- Orada oyun praktikasından əziyyət çəkirdim. Bununla belə, yaxşı məşq edirdim. Çalışırdım ki, heç olmasa, fiziki formamı itirməyim. İndi oynaya-oynaya əvvəlki formamı bərpa edirəm.

Son xəbərlər

Orphus sistemi