Yuxarı

Dario Frederiko: "Bombardirlik yarışında ilk pillələrdə olmaq istəyirəm"

Dario Frederiko: "Bombardirlik yarışında ilk pillələrdə olmaq istəyirəm"

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Böyük qələbə oldu. Həftə boyunca bu oyuna hazırlaşmış, rəqibimizi analiz etmiş, zəif və güclü cəhətlərini öyrənmişdik. Məşqdə öyrəndiklərimizin hamısını bu gün oyunda da tətbiq etməyə çalışdıq. Nəyi nəzərdə tuturduqsa, hamısı istədiyimiz kimi alındı. Nəticədə böyük hesabla qalib gəldik".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko evdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirdiyi brifinqdə deyib.

Komandasının qollarından ikisini vuran braziliyalı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb...

Hesabı erkən açmağı planlaşdırırdınızmı və bu amilin qələbəyə nə dərəcədə təsiri oldu?

- Deməzdim ki, belə tez qol vurmağı gözləyirdik. Sadəcə, bizə ilk dəqiqələrdən qol vurmaq tapşırığı verilmişdi. Bu da bizdə alındı. Erkən qol vurub bir az rahatlaşdıq. Daha sonra ikinci qolu da vura bildik. Beləliklə, öz oyunumuzu taparaq, sonadək mübarizə apardıq.

Bu gün "dubl"la yadda qalmağınız sizə gələcəkdə daha böyük motivasiya verə bilər?

- Əlbəttə, istənilən futbolçu üçün qol vurmaq əlavə motivasiyadır. Vurduğum iki qol elə-belə deyil, öz işimin, əziyyətimin bəhrəsidir. Bunun üzərində həftə boyunca, aylarla çalışmışam. Bunun bəhrəsini isə oyunda gördüm.

Gələn tur "Sabah"la qarşılaşacaqsınız və ilk dövrəni lider kimi başa vurmaq imkanınız var. Növbəti rəqibi necə dəyərləndirirsiniz?

- Bütün rəqiblər kimi, "Sabah"a da eyni dərəcədə ciddiyyətlə yanaşacağıq. Öz üzərimizdə çalışacaq, rəqibi analiz edəcək və həftə boyunca işləyəcəyik. Hər şey yaxşı alınsa, istərdik ki, qələbə qazanaq və ilk dövrəni qalib kimi başa vuraq. Lakin bu, çempionluğu həll etməyəcək. Çünki qarşıda 3 dövrə də olacaq. Sadəcə, öz üzərimizdə çalışaraq, işimizi görməliyik. Belə etsək, nəticələr də gələcək.

Əsas rəqibiniz "Qarabağ" ən azı qışadək Avropa Liqasında da mübarizə aparacaq. Bunun "Neftçi" üçün hər hansı üstünlüyü var?

- Əlbəttə, "Qarabağ" hər iki cəbhədə mübarizə aparır. Düşünürəm ki, onlar Avroliqa oyunlarına daha çox önəm verir, orada daha yaxşı nəticələr əldə etməyə çalışırlar. Buna baxmayaraq, "Qarabağ" çempionat oyunlarına da yaxşı hazırlaşır. Ancaq inanmıram ki, bu, onlara çempionat oyunlarında çətinlik yaradacaq. Fikrimcə, Ağdam komandası çempionatda sona qədər vuruşacaq.

Bu gün 2 qol vurdunuz, bombardirlik yarışında 3-cü sıradasınız. Növbəti oyunlarda bu amil oyununuza təsir edəcəkmi?

- Hər bir hücumçu kimi daha çox qol vurmağa çalışacağam. Bombardirlik yarışında ilk pillələrdə olmaq istəyirəm. Buna görə də qol vurmaq üçün əlimə düşən şanslardan maksimum istifadə edəcəyəm.

"Kəpəz"in heyətində və "Neftçi"yə transfer olduğunuz ilk vaxtlarda fərdi oyuna üstünlük verirdiniz, amma indi görürük ki, daha çox komanda oyunu sərgiləyirsiniz. Sizin üçün hansı daha rahatdır?

- Əlbəttə, komandadan-komandaya fərq var. Əvvəlki komanda yoldaşlarım o qədər də texnikalı futbolçular deyildilər, hər kəs fərdi oyuna üstünlük verirdi. Mən də oyunumuz alınmayanda məcbur olurdum məsuliyyəti öz üzərimə götürüb, fərdi oynayım. Hazırkı komandam yüksək səviyyəli oyunçulardan ibarətdir. Ona görə də mən də öz çıxışımla kollektiv oyuna kömək edirəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi