Dani Kintana: "Möhtəşəm oynadığımızı da demək olmaz" - MÜSAHİBƏ

Dani Kintana: "Möhtəşəm oynadığımızı da demək olmaz" - MÜSAHİBƏ Asan oyun olmadı. Xüsusən, ikinci hissədə 1:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, rəqib işimizi çox çətinləşdirdi. Bir an belə təslim olmaq istəmirdilər. Bir yerdə durmur, daim təzyiq edirdilər. Hər an onları başımızın üstündə görürdük.
Futbol
27 Sentyabr , 2019 22:19
Dani Kintana: Möhtəşəm oynadığımızı da demək olmaz - MÜSAHİBƏ

"Asan oyun olmadı. Xüsusən, ikinci hissədə 1:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, rəqib işimizi çox çətinləşdirdi. Bir an belə təslim olmaq istəmirdilər. Bir yerdə durmur, daim təzyiq edirdilər. Hər an onları başımızın üstündə görürdük".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra deyib. İlk qolun müəllifi olan ispaniyalı yarımmüdafiəçi digər sualları da cavablandırıb...

- 6 oyuna 6 qələbə və 18 xal qazanmısınız. Sizcə, "Qarabağ" bu mövsüm bütün oyunlarda qalib gələrək, rekorda imza ata bilər?

- Belə bir halın baş verməsi mümkün deyil. Biz oyundan-oyuna qələbə haqqında düşünürük. Hər bir matça 3 xal üçün çıxırıq. Buna çalışacağıq, amma hazırkı məqamda bu, mümkün bir şey deyil.

- Necə düşünürsünüz "Qarabağ" daha çox güclənib, yoxsa rəqiblər zəifləyib?

- Rəqiblərin zəiflədiklərini deyə bilmərəm. "Neftçi"nin ötən mövsümlə müqayisədə heyəti daha güclüdür. Özümüzün möhtəşəm oynadığımızı da demək olmaz. Sadəcə, ola bilsin, bəxt amili bizim tərəfdədir. Mən bununla əlaqələndirə bilərəm.

- Ötən mövsüm "Neftçi"nin nəfəsini arxanızda hiss edirdiniz. İndi isə belə bir təhlükə yoxdur. Razısınız?

- Premyer Liqa hələ yeni başlayıb, qarşıda 3 dövrə var. Ötən mövsüm xüsusən sonuncu dövrə bizim üçün çox çətin oldu. Çempionluğun taleyini "Neftçi" ilə matça saxlamaq istəmirdik. Ona görə də məsələni daha əvvəl həll etməyə çalışdıq. İndi isə hələ tezdir. 3 dövrədən sonra nə olacağını demək çətindir.

- Lüksemburqda "Düdelanj"la keçirəcəyiniz Avropa Liqasının II tur matçı barədə nə düşünürsünüz?

- Əvvəlcədən "Düdelanj"ın asan rəqib olduğunu kim düşünürdüsə, yanıldı. Bizim komandada belə söhbət olmayıb. İspaniya "Sevilya"sı istisna olmaqla, qrupdakı hər 3 komandanın gücləri bərabərdir. Ona görə də Lüksemburq təmsilçisi ilə görüşlərimizin asan olmayacağını əvvəlcədən də bilirdik.

- Nisbətən zəif komandalarla matçlarda "Qarabağ"ın oyununun alınmadığı fikri ilə razısınız?

- Xeyr, razılaşmıram. Rəqibin kimliyinə və necə oynamasına rəğmən, matça 90 dəqiqəlik konsentrasiya olunmağa çalışırıq.

- Xayme Romeronun zədəli olması əsas heyətdə yer alma şansınızı artırmır?

- Mən oyuna çıxmağa həmişə hazıram. İstərdim ki, Xayme tez bərpa olunsun və növbəti oyunlaradək hazır olsun. Əsas heyətdə kimin çıxış etməsindən asılı olmayaraq, mən həmişə hazıram.

Son xəbərlər

Orphus sistemi