Yuxarı

"Dalğa Arena"nın direktoru: "Qarabağ"ın məsələsi sabaha qədər həll olunacaq"

UEFA hazırda bu məsələ ilə məşğuldur

Bakı. 31 avqust. REPORT.AZ/ "UEFA "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsində ev oyunlarının hansı stadionda keçirilməsi ilə bağlı yekun qərar verməyib. Fikrimcə, sabaha qədər bu məsələ həll olunacaq". Bunu "Report"a açıqlamasında "Dalğa Arena"nın direktoru Vüqar Haşımov deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması səbəbindən özünə yeni arena axtaran "Qarabağ" Çexiya "Slovan"ı ilə ev oyununu "Dalğa Arena"da keçirəcəyini açıqlayıb. Amma həmin gün - sentyabrın 15-də Bakıda 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə qrup oyunları keçiriləcək. "Dalğa Arena"da Azərbaycan - Ukrayna, Bakı Olimpiya Stadionunda isə İspaniya - Latviya matçı nəzərdə tutulub. V.Həşimovun fikrincə, bu fors-major hadisədir və məsələ kompleks həll olunacaq: "UEFA hazırda bu məsələ ilə məşğuldur. Onlar stadionlarımızın hansı vəziyyətdə olmasında xəbərdardır. Ola bilsin, U-19-un oyunlarının vaxtı dəyişdirilsin".

"Dalğa Arena"nın cəmi 6500 tamaşaçı tutumuna malik olmasına baxmayaraq, direktorun fikrincə, bu halda da Avropa Liqasının qrup oyunlarını keçirmək mümkündür: "Düzdür, stadionun azarkeş tutumu azdır. UEFA-nın bununla bağlı müəyyənən kateqoriyaları var. Stadionumuz III kateqoriyaya cavab verir və bu səbəbdən burada oyun keçirmək mümkündür".

Sonda V.Haşimov Bakıdakı digər stadionlarla müqayisədə "Dalğa Arena"nın ot örtüyünün yaxşı vəziyyətdə olmasını bu cür izah edib: "Dəniz kənarında yerləşməsinə baxmayaraq, "Dalğa Arena"da ot örtüyü salamatdır. Hər gün işə səhər saat 8-də gəlib, axçam 11-də gedirik. Suvarma, xəstəliklə mübarizə və digər məsələlərə ciddi fikir veririk. Renovasiya işlərini yerindəcə aparırıq. Buna görə də ot örtüyünü qaydasında saxlaya bilmişik".

Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı saat 19:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi