Daha bir futbolçunun Azərbaycan millisində oynamasına icazə verilib

Daha bir futbolçunun Azərbaycan millisində oynamasına icazə verilib FİFA AFFA-nın müraciətini müsbət cavablandırıb
Futbol
27 Yanvar , 2017 11:04
Daha bir futbolçunun Azərbaycan millisində oynamasına icazə verilib

Bakı. 27 yanvar. REPORT.AZ/ FIFA tərəfindən əslən azərbaycanlı olan Renat Dadaşovun Azərbaycan millisinin heyətində oynamasına icazə verilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, hazırda Almaniyada çıxış edən Dadaşovun müraciəti əsasında baş tutub. 

O, Azərbaycan millisində oynamaq istədiyini söyləyib. AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirib ki, Dadaşov bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA onun müvafiq qaydalara uyğun olaraq,  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlayıb. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Qeyd edək ki, Renat Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 yığmasında çıxış edən Renat Dadaşovun müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. O, cari mövsümdə klubunun heyətində 11 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.

Son xəbərlər

Orphus sistemi