​Çingiz Abdullayev: "Ötənilki "Neftçi"də 9 legioner var idi, indi isə 9 azərbaycanlı" - MÜSAHİBƏ

​Çingiz Abdullayev: "Ötənilki "Neftçi"də 9 legioner var idi, indi isə 9 azərbaycanlı" - MÜSAHİBƏ Tədricən irəli gedəcəyik və qələbələrin ardı gələcək
Futbol
7 May , 2016 21:03
​Çingiz Abdullayev: Ötənilki Neftçidə 9 legioner var idi, indi isə 9 azərbaycanlı - MÜSAHİBƏ

Bakı. 7 may. REPORT.AZ/ "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev AZAL-a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra brifinq keçirib. Ç.Abdullayev "Report"un da suallarını cavablandırıb...

- Əvvəlcə oyun barədə fikirlərinizi bildirərdiniz...

- Oyunumuz çox yaxşı alındı. Ölkə mətbuatını izləyirəm. Bəzi jurnalistlər "Neftçi"nin ölkə kubokunun yarımfinalında "Qəbələ" səddini keçməsini təsadüf adlandırmışdılar. İndi isə özünüz də uşaqların necə oynadığını gördünüz. Sizinlə danışdıqdan sonra onları təbrik etməyə gedirəm.

- Komandanızın oyundan-oyuna "artırdığı" hiss olunur...

- Bax, bu sözləri mən demədim, özünüz etiraf etdiniz. Biz də istəyirik ki, komanda addım-addım irəli getsin. Mövsümün necə yekunlaşacağını indidən deyə bilmərəm. Tədricən irəli gedəcəyik və qələbələrin ardı gələcək.

- Avropa Liqasına vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?

- Hamı avrokuboklardan danışır. Məqsədimiz isə "Neftçi"ni elə səviyyəyə gətirməkdir ki, daim layiq olduğu zirvəni fəth etsin. 2-3-cü yerlər "Neftçi"ni qane etmir. Bu komandanın ənənəsi var: daim çempionluq uğrunda mübarizə aparmalıdır. İnanırıq ki, belə də olacaq.

- Baş məşqçi axtarışlarınız yenə davam edir?

- Vəli Qasımov hələlik yaxşı nəticələr göstərir. Qarşıda çempionatda 3 oyun və kubokun final matçı var. Bu barədə yalnız vacib qarşılaşmaları başa çatdıqdan sonra düşünəcəyik.

- "Qarabağ"la final matçının "Əlincə Arena"da keçirilmə variantına necə yanaşırsınız?

- "Əlincə Arena" çox xoşuma gəlir. Amma oyunun harada keçirilməsini yalnız mən həll etmirəm. Əvvəlcə PFL prezidenti Ramin Musayevlə danışın. Ondan sonra iki komanda bir araya gələrək müzakirə edəcək.

- Kubokun finalına vəsiqə qazansanız da, ölkə çempionatında yenə 7-ci pillədəsiniz. Kubokun finalına çıxmağınızı uğur kimi dəyərləndirə bilərsiniz?

- Finala yüksələn komanda uğur əldə etmiş sayılır. Bu, Afrikada da, Amerikada da, Avropada da belədir. Klub rəsmisi kimi yox, bir azarkeş kimi fikrimi öyrənmək istəyirsinizsə, komandada çətinliklər var. "Neftçi" tamamilə dəyişib. Ötən mövsüm finala çıxmış "Neftçi"də 8-9 legioner var idi. İndi isə 9 azərbaycanlı futbolçu var. Əksəriyyəti də gənclərdir. Təbii ki, bu dəyişikliklər səbəbindən bəzi oyunlarda uduzurduq, lazımi nəticələrə imza ata bilmirdik. Nə qədər çalışsaq da, istədiyimizi ala bilmirdik. Təbii ki, bu, bizi qane etmirdi. Amma bayaq qeyd etdiyim kimi, 2-ci pillə də bizi qane etmir. "Neftçi" həmişə qızıl medallar uğrunda mübarizə aparmalıdır.

- Bunun üçün hansı addımlar atılacaq?

- Müəyyən addımlar atılacaq. Baxacağıq.  

Son xəbərlər

Orphus sistemi