Yuxarı

​Çingiz Abdullayev: "Neftçi"yə uduzmağa gəlməmişəm" - MÜSAHİBƏ

Peşəm burada da mənə kömək edəcək

Bakı. 7 may. REPORT.AZ/ "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin "Report"a müsahibəsi:

- "Neftçi"nin Premyer Liqada çıxışını necə dəyərləndirirsiniz?

- Hələlik yaxşıdır: Premyer Liqada üçüncü yerdə gedirik, ardıcıl dördüncü dəfə Azərbaycan Kubokunun finalına çıxmışıq. Görünür, bu, o qədər də pis nəticə deyil. Əlbəttə, istərdik ki, hər yerdə birinci olaq. Ancaq bu il belə oldu. İnanıram ki, biz 100 faiz Avropa Liqasının qrup mərhələsinə düşəcəyik. Buna əminəm.

- Turnir cədvəlində ən yaxın qonşunuz "Qəbələ" ilə xalınız eynidir. Əgər üçüncülük də əldən getsə, necə olacaq?

- Çalışmalıyıq ki, bunu əldən buraxmayaq. Ancaq dördüncü yerə çıxsaq belə, Avroliqada iştirak edəcəyik.

- Yazıçı kimi hansısa həmkarınıza uduzmaqdan, ondan geri qalmaqdan qorxmursunuz?

- Yox, heç vaxt qorxmamışam. Bilmirəm mən necə yazıçıyam, amma Azərbaycan ədəbiyyatında 46 yaşında xalq yazıçısı olmayıb, 29 yaşında katib olmayıb və ümumiyyətlə, Yazıçılar İttifaqının 25 il işləyən katibi də olmayıb. Bir Anar işləyir, bir də mən. Bu sualı mənə tez-tez verirlər. "Yazıçılıqdan futbola gəlmisən" deyirlər. Axı mən yazıçı deyiləm. Sadəcə, yazıçılıq hobbimdir. Mənim peşəm hüquqşünasdır. Araşdırsanız, görərsiniz ki, dünyada baş nazir və prezidentlərin 99 faizi hüquqşünasdır. Futbolu yox, ümumiyyətlə dövlətləri deyirəm. Sonuncu dəfə 6 ay bundan əvvəl Bolqarıstanın Sofiya Universitetinin Fəxri Doktoru adını almışam. Güman edirəm ki, peşəm burada da mənə kömək edəcək.

- Sadıq Sadıqovun klub prezidenti olduğu müddətdə "Neftçi" 6 illik fasilədən sonra ardıcıl üç dəfə (2010-11, 2011-12, 2012-13-cü illər mövsümü) Azərbaycan çempionatının qızıl medallarını və iki dəfə (2012-13, 2013-14-cü illər mövsümü) ölkə kubokunu qazanıb. Bu uğurları ən azı təkrarlamamaqdan, yəni Sadıqova uduzmaqdan qorxmursunuz?

- Bəli, çox böyük uğurlar olub. Biz də onu qiymətləndiririk və hər dəfə təşəkkürümü bildirirəm ki, Sadıq Sadıqov belə komanda yaradıb. Sizin sualınızı başa düşürəm. İstəyirəm onun qazandığından az olmayan sayda kubok qazanaq, ölkə çempionatının qalibi olaq və Avropa kuboklarına vəsiqə qazanaq.

- Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov futboldakı fəaliyyətinizin Sizi hörmətdən salacağını deyib və bildirib ki, hər kəs öz işi ilə məşğul olmalıdır...

- Bura gələndə fikirləşirdim ki, öz nüfuzumdan istifadə edib "Neftçi"ni tanıtdıraq. Mən uduzmağa gəlməmişəm. Ən azı, uğurlu komanda yaradıb oynatmaq lazımdır.

- Sadıq Sadıqovun "Neftçi" üçün gördüyü işləri qiymətləndirdiyinizi dediniz. Hər hansı işi görəndə onunla məsləhətləşirsiniz?

- Təbii ki, müzakirələr aparırıq. O, bizim Müşahidə Şurasının fəal üzvüdür və məsləhətləşirik. Onun çox yaxşı işləri olub. Hesab edirəm ki, biz bunu davam etdirməliyik. AFFA-nın qərarı var ki, bütün klublarda Müşahidə Şurası yaradılmalıdır. Bəzi klublar deyir eləməyəcəyik. Başa düşmürəm ki, bunlar niyə belə edir? "Real Madrid" kimi klubda Müşahidə Şurası var, ancaq bəziləri bunu istəmirlər. Bir nəfərin cibindən pul paylamaq vaxtı keçib. Rövnəq müəllim də deyib ki, klub bir nəfərdən asılıdırsa, bu, uğurlu olmur.

- Misal üçün "Simurq", "İnter", "Bakı"...

- Bunu mən demədim, siz dediniz (gülür). Bu, olmamalıdır. Futbolumuzun yaxşı səviyyədə olmasını istəyiriksə, hər klubda Şura yaradılmalıdır.

- Sizin "Neftçi"yə rəhbərlik edəcəyiniz haqda məlumatlar yayılanda bu, mətbuatda birmənalı qarşılanmamışdı. Sonra müsahibələrinizin birində "Abidə milçəklərə cavab verməz" demişdiniz...

- Yox, mən heç vaxt jurnalistləri milçəyə bənzədə bilmirəm. Çünki Azərbaycanın PEN klubunun prezidentiyəm. Oradakı vəzifəm də söz azadlığını tələb etməkdir. O söz pis, təhqiramiz yazanlara aiddir. Yazıçılar İttifaqının katibi kimi, PEN klub prezidenti kimi demişdim onu. Ancaq futbolla əlaqəli deyildi. Abırlı, vicdanlı jurnalist heç vaxt axmaq yazılar yazmaz. Mətbuatdan oxudum ki, yazıblar "Neftçi"nin kadrlar şöbəsinə Gülnarə adlı xanım gətirilib. Doğrudan da istəsəydilər, həmin xanımın soyadını da dəqiqləşdirib, yazardılar. İkincisi də Gülnarə xanım məndən əvvəl "Neftçi"də işləyir.

- Kadrlar şöbəsi demişkən, "Neftçi"də yeni təyinat alanlar kimlərdir?

- Bugünədək altı nəfər işə götürmüşük. Bunlardan ikisi futbolçudur - Vəli Qasımov və Dmitri Kramarenko. Bu adlar Azərbaycan futboluna çox tanışdır. Sonra hüquqşünas vəzifəsinə Rauf Mövsümov, mühafizə xidmətinin rəisi Hamlet İsmayılov və iki nəfər də Qarabağ müharibəsinin iştirakçısı sürücü kimi təyinat alıb. Mövsümov 30 ildən artıq prokurorluq orqanlarında bu vəzifədə çalışıb. Bundan başqa bir nəfərin də əmri verilməyib. Bəlkə kimsə narazıdır, gəlib sürücü işləmək istəyib. O, bizi bağışlasın ki, bu "böyük" vəzifəyə onu götürməmişik. Söz verirəm ki, bunların heç biri futbol oynamayacaq. Onlar mənim qohumlarım deyillər (gülür).

Hesab edirəm ki, müharibə iştirakçılarına üstünlük vermək lazımdır. Mən belə düşünürəm. Bunu həmişə də edəcəm. Buna Şura üzvləri ilə birgə qərar verdik. Mən Qasımov və Kramarenkonun adını çəkəndə hamı əl çaldı. Çünki Azərbaycanda hər bir futbol klubu Kramarenko və Vəli ilə fəxr edərdi.

- Ruaf Mövsümov 30 ildən artıq hüquqşünas kimi çalışıb. Ancaq sırf futbolçu müqavilələri ilə bağlı mütəxəssis gətirəcəyinizi demişdiniz...

- Sırf futbolla bağlı müqavilələrə baxan olmalıdır. Rauf Mövsümov uzun illərdir hüquqşünasdır. Yoxlamışam və gördüm ki, futbolla məşğul olan hüquqşünas çox azdır. Futbolçu ilə müqavilə imzalayanda xüsusi peşəkarlar lazımdır. Mən də hüquqşünasam, kadrlar şöbəsində Gülnarə xanım da hüquqşünasdır. Ancaq özümü idman hüququ sahəsində peşəkar saya bilmərəm. Bir var adi müqavilələr, əmək müqaviləsi, biri də var ki, futbolçu ilə bağlanılan müqavilələr. Təbii ki, biz onlarla işləyəcəyik. Sırf sahə hüquqşünasına müqavilə verəndə də onu kimsə hazırlamalıdır axı.

- Mətbuatda qohum və tanışlarınızın "Neftçi"yə gəldiyi yazılır...

- "Neftçi"yə də, Yazıçılar İttifaqına da heç bir qohumumu gətirməmişəm. Məndən soruşanda ki, qız və ya oğlumun yazıçı olmağını istəyirəm, ya yox, həmişə deyirdim Allah göstərməsin. Hesab edirəm ki, bu düz deyil. Bilsəydim ki, mənim oğlum Ronaldo kimi hücumçu olar, gətirərdim ki, qoy oynasın. Amma bilirəm ki, bu ola bilməz. Onda gətirim ki, iş pozulsun? Cib doldurmaq lazım deyil. Fikirləşirəm ki, bu düz deyil. İlk növbədə işi fikirləşmək lazımdır. Peşəkarlarla işləmək lazımdır. Vəli Qasımovun anketinə baxanda təəccübləndim ki, belə futbolçu işsiz qalıb. Sevindim ki, gəlib bizdə işləyəcək.

- İntizamsız futbolçuların, meydançada yersiz hərəkət edənlərin "Neftçi"də qalmayacağını demişdiniz. "Qara siyahı"ya düşənlər var?

- “Qara siyahı”da heç kim yoxdur. Son oyunda hücumçumuz Nikolas Kanales qırmızı vərəqə aldı. Bu, oyundur. Hesab etmirəm ki, futbolçu özünü meydanda pis aparır. Bu, mənə çox təsir etdi. Həmin epizodda deyə bilmərəm ki, o, nəsə başqa hərəkət edib. Hakim onsuz da Kanalesi cəzalandırıb. Futbolçuya hər kəs baxır. Üstəlik "Neftçi" kimi bir komandanın əfsanəsi var. Söyüş söyürsə, özünü pis aparırsa, oynaya bilmirsə, komandada qalmamalıdır.

- Bayaq "Neftçi"dən, tarixindən, uğurlarından danışdıq. Belə bir komandanın azarkeş sayından razısınız? Son dörd-beş turda "Neftçi"nin ev oyunlarını ən çox 1 500 azarkeş tribunadan izləyib...

- Biz bununla bağlı tədbirlər görürük. Müşahidə Şurasına tanınmış adamlar cəlb etmişik. Onlar da azarkeş klubları yaradırlar. İnanıram ki, bir müddətdən sonra daha çox azarkeş stadionlara cəlb olunacaq.

- Dediniz ki, yeni fan-klublar yaradılacaq. Onların maliyyələşməsi klub tərəfindən aparılacaq, yoxsa könüllü olaraq fəaliyyət göstərəcək?

- O məsələyə baxacağıq. Hesab edirəm ki, maliyyələşdirmək olar. Ancaq məhəbbəti necə maliyyələşdirəsən? Sevirlərsə, pulsuz da olacaq. Sevmirlərsə, nə qədər pul versən də xeyri olmayacaq. Ona görə də düşünürəm ki, hər ikisindən olmalıdır.

- Yazıçı Çingiz Abdullayev futbol adamı Çingiz Abdullayevə nə arzulayardı?

- Uğurlar. Çalışacağam ki, yazıçılıqda olduğu kimi, burada da uğur olsun. Yaponiyada 17-18-ci əsrlərdə maraqlı bir şey vardı. Rəssam sıfırdan başlamalı və ən tanınmış olmalı idi. Ən tanınmış rəssam olduqdan sonra titul alır, adını dəyişdirir və yenidən sıfırdan başlayırdı. Yenə ən yaxşı adını aldıqdan sonra adını dəyişdirməli və yenidən sıfırdan başlamalı idi. Üçüncü dəfə yenidən qalxanda və bu adı alanda ona dahi deyirdilər.

- İndi sizdə bu proses neçəncidir? Dahi, yoxsa...

- İndi siz deyəcəksiniz yazıçılıqda, futbolda, İnterpolda, PEN klubda... İstəyirəm hər sahədə uğurlu olum. Yazıçılıqda 99 faiz özündən asılıdır. Futbolda da dahi məşqçi, dahi prezident, icraçı direktor ola bilməz. Çünki futbolda uğur üçün uğurlu komanda yaratmalısan. Dünyada vacib bir ənənə var. Hər hansı bir əhəmiyyətli oyunda elan edirələr ki, ən bahalı avtomobili ən yaxşı oyunçuya verəcəklər. Hər dəfə o maşını alan futbolçu onu satır və komanda ilə bölüşür. Çünki futbol komanda oyunudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi