Yuxarı

​Çingiz Abdullayev: "Məqsədimiz komandaya əcnəbi baş məşqçi gətirməkdir"

Gəlin, heç olmasa, ilin sonunadək gözləyək

Bakı. 29 noyabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Son 2 oyunda "Neftçi" uğursuz seriyaya son qoydu. Həm "Böyük oyun"da, həm də Azərbaycan derbisində qalib gəldi

- Bəli. Hər iki oyun derbi idi. Hesab edirik ki, komandamız yaxşı çıxış etdi. Özünüz də gördünüz. Sevinirik ki, belə oynayırlar. Əsas odur ki, top buraxmayıblar. Eyni futbolçular, hansılar ki, oynaya bilmədiklərini deyirdilər, görürsünüz, oynayırlar, yaxşı da oynaya da bilirlər. Son 2 oyunda 1 xal belə yığa bilməyəcəyimizi deyirdilər. Amma gördünüz necə oldu. Səfərdə də, evdə də qalib gəldik.

Əsgər Abdullayevin qazandığı 2 qələbə əcnəbi baş məşqçi gətirmək istəyinizdə dəyişikliyə səbəb olub?

- Hələ heç nə dəyişməyib. Necə istəyirdiksə, elə də gedir. Amma təbii ki, Əsgər Abdullayevin uğurlarına hamımız sevinirik. Digər tərəfdən, axı Əsgər müəllim "Neftçi"yə yad adam deyil. Sualınızdan elə çıxır ki, yeni baş məşqçi gələn kimi Əsgər müəllimlə vidalaşacağıq. Xeyr, o, heç yerə getməyəcək.

Söhbət Əsgər Abdullayevin baş məşqçi postundakı taleyindən gedir

- İnternetdə baxın: "Neftçi"də ən çox oynayan futbolçular Dmitri Kramarenko ilə Əsgər Abdullayevdir. Bu, həqiqətdir. Təbii ki, o, heç yerə getməyəcək. Əsgər müəllim "Neftçi"nin Müşahidə Şurasının üzvüdür. Baş məşqçi kimi hələlik fəaliyyətini davam etdirir.

Mövsümün sonunadək davam edəcəksiniz?

- Bu ilin sonunadək işləyir də... Bəlkə çempion olacaq? Ümumiyyətlə, fikir dəyişmək istəmirəm. Amma bu, xalq komandasıdır. Təbii ki, yeni baş məşqçi olmalıdır. Məqsədimiz komandaya əcnəbi baş məşqçi gətirməkdir. Amma digər tərəfdən, Əsgər müəllimin uğurları da göz qabağındadır. Gəlin, heç olmasa, ilin sonunadək gözləyək. Bilirsiniz ki, "Neftçi" nə vəziyyətdə idi. 6-7-ci yerlərdə gedirdi. Tədricən turnir cədvəlində yüksəlmək istəyirik. O biri 9 komandaya böyük hörmətlə yanaşıram. Amma digər 9 komandanı "Neftçi" qədər sevmirlər. Bu, bir həqiqətdir. "Neftçi" xalqın komandasıdır. Ona görə də uğurlarımızın daha çox olmasını istəyirik.

"Qarabağ" üzərində qələbənin sizin üçün xüsusi anlamı var?

- Biz iki ildir "Qarabağ"ı uda bilmirdik. Hərçənd, ilk dövrədəki oyunda da pis oynamadığımızı düşünürəm. Amma axırıncı dəqiqələrdə də yox, saniyələrdə qapımıza penalti təyin oldu. Artıq həmin penaltinin şübhəli olduğu təsdiqlənib. O penalti olmasaydı, bəlkə onda da qalib gələ bilərdik. Bilirsiniz, heyətimizdəki cavan uşaqlardırlar. Son saniyələrdə belə şeylər olanda, futbolçularımız sınırlar. Ona görə də çalışırıq ki, bu gənclər özlərinə inansınlar. Nəyə görə yazmırsınız, bizdə bu qədər gənclər var. "Neftçi"də yetişən 19-20 yaşlı futbolçuların gələcəyinə inanırıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi