Yuxarı

​Çingiz Abdullayev: "Mən də istərdim ki, jurnalistləri təbrik edim" - MÜSAHİBƏ

Hesab edirəm ki, növbəti mərhələ şansımız var

Bakı. 15 iyul. REPORT.AZ/ "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Makedoniya "Şkendiya"sı ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir: 

- Ev oyununda 0:0 hesablı heç-heçə ilə kifayətlənən "Neftçi"nin növbəti mərhələyə yüksəlmə şanslarını necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, növbəti mərhələ şansımız var. Evdə qolsuz heç-heçə etmişik. Gördüyünüz kimi, heç də pis çıxış etmədik. İnanıram ki, belə oyunla növbəti mərhələyə keçə bilərik. Bunun üçün səfərdə 1:1 hesablı heç-heçə də bizə yetərlidir. Biz komandamızın səfərdə yaxşı oynayacağına inanırıq.

- Vəli Qasımov komandanın arxa xəttdə problemlərinin olduğunu söyləsə də, bu, daha çox hücum xəttində özünü büruzə verir. Komandaya sırf qolçunun alınması yönündə hansı irəliləyiş var?

- Oyunçunu Müşahidə Şurasının sədri seçməməlidir. Bunun üçün idman direktoru və seleksiyaçı-məşqçi var. Amma mən sizə bir sirr aça bilərəm ki, bu barədə düşünür və müvafiq iş aparırıq. Yaxın günlərdə məsələni mütləq həll edəcəyik. Biz də hücum xəttində problemi görürük. Baş məşqçimiz qarşımızda məsələ qaldırıb. Doğrudan da bizə bir yox, bəlkə də bir neçə belə oyunçu lazımdır. Ümid edirəm ki, buna tezliklə nail olacağıq.

- Bunu Qasımov da qeyd etmişdi. Danışıqların indiyədək yekunlaşmaması maliyyə problemi ilə bağlı deyil?

- "Neftçi"də maliyyə problemi yoxdur. Çox gözəl sponsorumuz var. Bəzən keçmiş rəhbərlik ifadəsi işlədilir və siz də düz etmirsiz, elə də yazırsınız. Heç vaxt bunu deməmişəm, ömrüm boyu deməyəcəyəm. Çox sağ olsun keçmiş rəhbərlik. Doğrudan da "Neftçi"ni ayağa qaldırmışdılar. Komanda çox gözəl də oynayırdı. Amma bəzi problemlər var idi. Bu il bunları yavaş-yavaş həll edirik. İnanırıq ki, uzağı ilin sonunadək problemlərin həllini yekunlaşdıracağıq. Nəticədə heç bir maliyyə sıxıntımız olmayacaq.

- Əvvəlki rəhbərliyə Emil Mpenzaya olan 1 milyon dollarlıq borca görə də təşəkkür edirsiniz?

- Bunu artıq siz deyirsiniz. Biz borcu ödəyirik. Əvvəlki rəhbərliyə ona görə təşəkkür edirəm ki, biz bura gələndən sonra kluba, xüsusən, "Neftçi" kimi peşəkar kluba rəhbərlik etməyin necə çətin iş olduğunu anladıq. Ötən həftə Malta "Baltsan"ı ilə o qədər də uğurlu oyun keçirməsək də, bugünkü qarşılaşmaya minlərlə azarkeş baxır, inanır, sevir. Axı nə olursa-olsun, azarkeş öz komandasını sevməlidir. Ola bilməz ki, bir gün belə sevməsin. Ona görə də hesab edirəm ki, əvvəlki rəhbərlik həqiqətən də işləyib. Amma yeni gələn şəxsin özündən əvvəlkiləri təhqir etməsi heç də yaxşı ənənə deyil. Əvvəlki rəbhərliyin işini çox bəyənirik. Həmişə demişəm, deyəcəyəm də. Amma biz irəli getməliyik. Təbii ki, bəzi məsələlər olub. Mən indi problemin konkret Mpenza ilə bağlı olduğunu deməzdim. Amma bu məsələlərin hamısını həll edirik və 2-3 aya tam yekunlaşdıracağıq.

- Bu heyətlə hədəfiniz nədən ibarətdir?

- Hədəf ən azı ilk "3-lüy"ə düşməkdir. Bilirsiniz, hər dəfə tənqid yox, təhqir edəndə fikirləşirəm ki, eyni komanda ardıcıl iki mövsüm Azərbaycan Kubokunda finala çıxanda təriflənməməsi qeyri-mümkün idi. "Qəbələ"ni səfərdə üstələmək asan idi? "Qəbələ"nin necə gözəl komanda, Roman Qriqorçukun isə necə gözəl baş məşqçi olduğunu bilirsiniz. Amma biz finala yüksələ bildik. Sevinirəm ki, finalçı kimi ardıcıl iki mövsüm medalla mükafatlandırıldıq. Təbii ki, bu il də ən azı finala yüksəlmək və mükafatçılar sırasında olmaq istəyirik. Buna inanır və çalışırıq.

- Cavab görüşü Milli Mətbuat günü ərəfəsinə təsadüf edəcək. "Neftçi" səfərdə qələbə qazanaraq, jurnalistlərin bayramını təbrik etməyə qadirdir?

- Buna inanır və bunu istəyirəm. Dünyada ikinci şəxs yoxdur ki, bunu istəsin. Axı mən jurnalistika ilə çox bağlı insanam. Yazıçılar Birliyində çoxlu qəzet və jurnallarımız dərc olunur. Özüm Pen-klubun prezidentiyəm. Mən də istərdim ki, jurnalistləri təbrik edim. Bəzi jurnalistlər komandamızla birgə səfər oyununa yollanacaqlar. İnanıram ki, onlar qələbə ilə qayıdaraq, hamımızı sevindirəcəklər. Bunu hamınızdan çox mən istəyirəm.

- "Neftçi"dəki gənc futbolçuların oyunu, işə münasibəti sizi nə dərəcədə razı salır?

- Futbolçularımız doğrudan da çox gəncdirlər. Hamısı 20-25 yaşlı futbolçulardır. 30 yaşlı yerli oyunçumuz yoxdur. Bu, bəlkə də pisdir. O mənada ki, təcrübəlisi olsaydı, özünü lider kimi göstərə bilərdi. Digər tərəfdən, kapitan Araz Abdullayev bu gün özünü yaxşı tərəfdən göstərdi. İnanırıq ki, gənc futbolçularımız yetişə-yetişə gözəl formaya düşəcək, gözəl oynayacaqlar. Özünüz də komandanın dəyişdiyini görürsünüz. Ötən mövsüm nə qədər uğurlarımız oldu. Hansı komandanı keçərək, Avroliqaya vəsiqə qazanacağımızı bilirdik və sonda buna nail olduq. Düzdür, buna "Zirə" və "İnter"in avrokuboklara buraxılmamasının səbəb olduğunu deyirlər. Axı bunu əvvəldən hamı bilirdi. Ötən mövsüm çox böyük problemlərimiz oldu və tədricən bunları aradan qaldırdıq. İnanırıq ki, bu mövsüm daha uğurlu olacaq və olmalıdır da... Gələn il 80 illik yubileyimiz münasibətilə yubiley tədbirlərimizə sizi də dəvət edirəm.

- Premyer Liqada 8 komandanın qalması "Neftçi"nin işini asanlaşdırır?

- İnanmıram. Çünki komandaların 8-i də lazımi səviyyədə oynayacaqlar. "Qarabağ" doğrudan da çox güclü komandadır. Digərlərini götürsək, hamısı bərabər səviyyəlidirlər. Ötən mövsüm "Rəvan" bir qədər zəif idi. Baxmayaraq ki, bu komanda ilə oyunlarımız ağır alınmışdı. "Xəzər Lənkəran"da hansı problemlərin olduğunu bilirdik. Amma artıq 8 güclü komanda olacaq. Hər komanda qalib ola və ya uduza bilər. Ona görə də hesab edirəm ki, mübarizə çətinləşəcək. Qarşıdakı mövsüm maraqlı keçməlidir. Çünki heç bir klub asanlıqla xal qazana bilməyəcək.

- "Xəzər Lənkəran"ın dağılması əzəli rəqibi kimi "Neftçi"ni məyus edir?

- Belə gözəl, minlərlə azarkeşi olan komandanın dağılması mənə təsir edir. Düzdür, "Neftçi" - "Xəzər Lənkəran" matçına Böyük oyun deyirdilər. Amma fikrimcə, belə oyunların sayı nə qədər çox olsa, bu, futbolumuzun inkişafı üçün faydalıdır. Şəxsən mən oyunları bölmürəm. Lənkəranda və Bakıdakı oyunlarda rəqibin ünvanına bəzi nalayiq sözləri eşidəndə, xoşagəlməz olayları görəndə özümü təhqir olunmuş hesab edirdim. Belə hallar qətiyyən olmamalıdır. Hamımız azərbaycanlıyıq, eyni ölkənin sakinləriyik. Təbii ki, hər bir komandanın azarkeşi olmalıdır. Amma çempionatda daha çox komandanın oynamasını istərdim. Bilirəm ki, AFFA 2017-2018 mövsümündə Premyer Liqada 12 komandanın çıxış etməsini qarşıya məqsəd qoyub. Belə də olacağına inanıram. I Divizionda 3-4 komanda var ki, Premyer Liqaya hazırlaşırlar və layiqdirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi