Niyə Azərbaycan Premyer Liqası Çinə futbolçu axını üçün tranzit rolunu oynamır? - ARAŞDIRMA

Niyə Azərbaycan Premyer Liqası Çinə futbolçu axını üçün tranzit rolunu oynamır? - ARAŞDIRMA Branimir Subaşiçlə Svyatoslav Stefanov hələ ötən onillikdə Çin Super Liqasının qalib və mükafatçıları olub
Futbol
12 Fevral , 2016 12:32
Niyə Azərbaycan Premyer Liqası Çinə futbolçu axını üçün tranzit rolunu oynamır? - ARAŞDIRMA

Bakı. 12 fevral. REPORT.AZ/ Qış transfer pəncərəsində Çin klublarının yüksək məbləğlərlə rəsmiləşdirdiyi keçidlər dünya futbolunun diqqətini cəlb edib. Qlobal maliyyə böhranının yaşandığı bir anda bu cür "açıq qapılar" futbolçuların Uzaq Şərqə uzun yollarını onların gözlərində xeyli qısaldır.

Təsadüfi deyil ki, transferlərə fantastik məbləğlərin xərcləndiyi Çin Super Liqası maliyyə baxımından dünyanın bir nömrəli çempionatı sayılır. Bu ölkədə yüksək liqanın dəyəri 155.47 milyon dollardırsa, I Liqada bu məbləğ 47.60 milyon dollardır. Əvvəllər Avropa və dünya bazarından yaşlı futbolçuları transfer edən Çin klubları artıq məbləğin artması ilə artıq karyerasının ən parlaq dövrlərini yaşayanları da ala bilirlər. 

Azərbaycan futbolsevərləri isə bu prosesləri kənardan izləyir, dərindən ah çəkirlər. Halbuki ölkə futbolunda ciddi maliyyə sıxıntısının yaşandığı bir vaxtda Çin klublarına futbolçu transferi dolayısı ilə ölkəyə valyuta axınını da təmin edə bilərdi. Amma sayda legioner həyatı yaşayan azərbaycanlı oyunçuların hansısa yüksək məbləğ qarşısında Çin çempionatında oynaması hələlik real görünmür. Hətta böyük məbləğdə vəsait hesabına alınan legionerlərin də satışı uzun müddətdir gerçəkləşmir. Amma tarixə nəzər saldıqda, Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçunun ötən onillikdə Çində oynaması, hətta mükafatçı olması hallarına da rast gəlinir. 

"Neftçi”nin sabiq legionerləri, 2006-cı ildə "Birlik Kuboku”nu qazanmış bolqarıstanlı yarımmüdafiəçi Svetoslav Stefanovla serbiyalı hücumçu Branimir Subaşiç Çin Super Liqasının iştirakçıları olublar. Onlar fərqli vaxtlarda "Çanqçun Yatay”ın şərəfini qoruyublar. Ancaq hər iki futbolçunun keçidi transfer yox, icarə əsasında olub. Subaşiç milliləşdirilərək Azərbaycan yığmasınında oynadığı vaxt - 2009-cu ildə "Neftçi”nin yox, Serbiya "Srvena Zvezda”sının oyunçusu kimi Çinə üz tutub. O, "Çanqçun Yatay"da 24 oyunda 3 qol vurub və vitse-çempion olub. 

Azərbaycan Premyer Liqasından isə "Çanqçun Yatay"a Svyatoslav Stefanov gedib. Bolqarıstanlı yarımmüdafiəçini 2007-ci ildə "Neftçi”dən bir mövsümlük (martdan noyabradək) icarəyə verilib. Çində çempionat "yaz-payız" sistemi üzrə keçirildiyindən, o, mübarizə başlayan zaman artıq yeni klubunun sərəncamında olub. Stefanov bu klubun heyətində 16 oyun keçirib və Çin çempionluğu əldə edib. 

Amma yeni onillikdə bu tendensiya daimi hal almadı. Yerli futbolçuların nəinki Çinə, hətta Avropanın ortabab klublarına transferi ya gerçəkləşmədi, ya da uğursuz alındı. Legionerlərin əksəriyyəti üçün isə Azərbaycan Premyer Liqası futbolçu karyeralarında son dayanacaq oldu. Bəziləri isə ərəb və ya asiyanın geridə qalmış futbol ölkələrinin çempionatlarına üz tutdular. 

Bu arada Azərbaycandan da keçməklə Ukraynadan Çinə konteyner daşımaları dəmiryol marşrutu xətti də istifadəyə verildi. 

Bəs futbolçuların Azərbaycandan Çin bazarına çıxmaları üçün hansı işlər görülməlidir?

FİFA meneceri Vaqif Heydərli "Report"a açıqlamasında hələ ki, azərbaycanlı futbolçuların Çin bazarına çıxmasının real olmadığını deyib. Onun sözlərinə görə, yerli futbolçular Çində çıxış etmək üçün öncə özlərini Avropada təsdiqləməlidirlər: "Ərəb ölkələri, ABŞ, Çin çempionatlarına, əsasən, Avropada özlərini təsdiq etmiş futbolçular gedir. Çin bazarı fərqlidir. Bir neçə ciddi transferlər etdilər, yaş məhdudiyyətində də dəyişiklik olub. Çinə getməyin ən yaxşı yolu Avropadır. Ola bilər ki, hansısa tanışlıq və s. kimi yollarla azərbaycanlı futbolçular gedə bilsinlər. Ancaq məsələlərə real yanaşmaq lazımdır. Demirəm ki, bizim futbolçular orada oynaya bilməz. Sadəcə, müzakirə mövzusu Azərbaycan çempionatına marağın olub-olmamasıdır".

V.Heydərli Azərbaycanda oynamış futbolçuya Çin Super Liqasından marağın olmamasını isə belə əsaslandırıb: "Transferdə pulun təsiri böyükdür, ancaq futbolçunun xarakteri məsələsi də var. Bizdə az sayda futbolçu var ki, onlar xarakter göstərib xaricdə oynaya bilər. Kənardan baxanda legioner həyatı asan görünür. Ancaq gedirsənsə, peşəkar olmalısan. Gündəlik həyatından məşqlərə qədər hər bir amilə diqqətlə yanaşmalısan. Bizim futbolçular hələ ki, bu məsələdə rahat davranırlar. Ancaq müəyyən zamandan sonra bunu dərk edəcəklər. Əvvəlki illərlə müqayisədə Çin çempionatında fərq var. Yəni, çempionatın səviyyəsi qalxıb. İki-üç il əvvəl Azərbaycana hansı ölkələrdən futbolçular gəlmirdi? Azərbaycanda İspaniyadan, Braziliya A Seriyasından futbolçular vardı. İndi Azərbaycan çempionatının səviyyəsi ötən illərlə müqayisədə aşağı düşüb. Yəni, çempionatın səviyyəsi pulla bağlı olan məsələdir. Futbolçu hansısa komandaya pula gedir. Pul olmayan yerə niyə getsin? Subaşiç həmin dövrdə Çinə "Srvena Svezda"dan getmişdi. O komanda futbolçu istehsalı üçün markalardan hesab olunur. Stefanov da "Neftçi"yədək Bolqarıstan MOİK-ində çıxış etmişdi. Belə klublar transferdə önəmli rol oynayır. Bunlar sırf Azərbaycanla bağlı olan məsələlər deyil. Yəni, nə vaxtsa Çin çempionatında oynayanlar əvvəlki iş yerlərinə görə gediblər. Bizim hansısa klubumuz o dərəcədə marka hesab olunmur ki, Ərəb, Çin və ya ABŞ klubları futbolçuların CV-sinə baxıb Azərbaycan klubunu görsün və dəvət etsin".

"Günahkar Fuad Musayevdir"
Digər FİFA meneceri Erkin İbrahimov da Çin futboluna gedən yolun Avropa ölkələrinin çempionatlarından keçdiyini bildirib. Onun sözlərinə görə, əsasən Norveç və İsveç klublarında çıxış etməklə, Asiyaya üz tutmaq olar: 

"Fikrimcə, bunun bütün günahı AFFA-nın əvvəlki prezidenti Fuad Musayevdədir. O, vaxtilə UEFA-ya deyil, Asiya çempionatında oynamağa razı olsaydı, indi başqa cür olardı. Təbii ki, bu, bir zarafatdır. Bir ara Azərbaycan futbolçuları Türkiyə I Liqasına üz tuturdular. İndi Çinin öz standartları var. Azərbaycandan Çinə birbaşa getmək mümkün deyil. Ən azı, Avropanın orta səviyyəli liqalarında çıxış etmək lazımdır. Fikir verirsinizsə, Çinə gedən futbolçuların əksəriyyəti braziliyalılardır. Orada hər komandada 3 legionerə icazə verilir. Əsasən, ya Braziliya, ya da Skandinaviya ölkələrindən olan futbolçular transfer edilir. Bizdə elə futbolçular var ki, onlardan fərqlənmirlər. Sadəcə, tranzit çempionatlardan istifadə etmək lazımdır". 

Hazırda Çin klublarının Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçulara marağının azalmasını isə E.İbrahimov belə izah edib: "Hazırda çinlilər üçün Azərbaycan çempionatındakı futbolçular zərrə də maraqlı deyil. Tanıtmaq üçün məsələn, Çinlə yoldaşlıq görüşü keçirmək olar. O zaman millinin heyətində görüb maraqlananlar. Üstəlik, burada menecerlərin də hardasa təqsiri var. Güclü iş görmək lazımdır. Əvvəllər Çin çempionatı o qədər də zəngin deyildi. Svetoslav Stefanovu 2006-cı ildə Azərbaycana mən gətirmişəm. O vaxt heç də böyük məbləğə oynamırdı. Çinə getməsində iştirak etməmişəm, amma bilirəm ki, orada Azərbaycandan ən azı iki qat çox maaş alırdı".

Azərbaycanlı futbolçu: "Nəyə görə Çinə getməliyəm?"

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç isə "Report"a açıqlamasında Çin klublarının hazırda maddi vəziyyətlərinin daha yüksək səviyyədə olduğunu və futbolçulara böyük məbləğlər təklif etdiklərini bildirib: "Çinin 2 milyardlıq əhalisi var. Həm əhali sayında, həm də iqtisadi cəhətdən dünyada güclü ölkədir. Mən "Çanqçun Yatay"a gedəndə klubun 20 milyon dollar büdcəsi var idi. İndi isə ikiqat artıqdır. I Divizionda elə klublar var ki, futbolçuya 2 milyon dollar əmək haqqı verirlər. Hətta ərəb ölkələrinin çempionatından da üstün Super Liqaya malikdirlər. Hazırda Çin çempionatına düşmək real deyil. Çünki hər klubda 3 legionerə icazə verirlər. 5-6 legionerə icazə versəydilər, dünyada daha güclü olardılar".

"Xəzər Lənkəran" klubunun transferə çıxardığı Elnur Cəfərov isə məsələyə fərqli yanaşıb. Gənc hücumçu Çində yox, Avropada top qovmaq arzusundadır: "Mənim üçün əsas olan Avropadır. Çinə getsəm, hər şeyi sıfırdan başlayacağam. Nə qədər qabağa getsəm, bu Azərbaycan futbolu adına uğurdur. Hələ 19 yaşım tamam olmayıb. Üstəlik Avropa futbolundakı atmosfer Azərbaycandakından fərqlidir. Çinə nəyə görə getməliyəm? Oranın nə dilini, nə də başqa xüsusiyyətini bilirəm. Pula görə komanda seçsəydim, "Qarabağ"a gedib pulumu qazanardım. Ancaq mən futbol oynamağı seçmişəm. Məhz bu səbəbdən, Avropaya getmək niyyətindəyəm".

AFFA nə deyir?

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Rəmiş Malıyev "Report"a bildirib ki, yerli futbolçuların ustalığının yüksək səviyyədə olmaması onların ölkədən kənara çıxmalarına mane olur:

"Futbolçularımız o səviyyədə deyil ki, ölkə hüdudlarından kənarda oynasınlar. Belə futbolçular olub, ancaq indi xaricə getmə şansları azdır. Buna baxmayaraq, Elnur Cəfərov, Qara Qarayev, Namiq Ələsgərov kimi futbolçular gedib Çində oynaya bilərlər. Ancaq hesab edirəm ki, gedəcəkləri komanda güclülər dəstəsində olmayacaq. Bu məsələyə azarkeş kimi münasibət bildirirəm. Elə zaman gələcək ki, futbolçuların əsas məqsədi pulu yox, daha çox futbolçu keyfiyyətlərini düşünmək olacaq. Yaxın 3-4 ildə bizdən də xaricə üz tutanlar çox olacaq. Çin böyük bir futbol bazarıdır. Oranın millisi o qədər də güclü deyil. Ancaq digər sahələrdə güclüdürlər. Çin istənilən sahədə yüksək pillələr tutur. Azərbaycandan futbolçu axınına gəldikdə, ən əsas məsələ oyunçuların beynəlxalq səviyyəli görüşlərdə özünü yaxşı tərəfdən göstərməsidir".

Görünən odur ki, hələ bir müddət Azərbaycan Premyer Liqasından nəinki Çin Super Liqasına, heç Avropanın hər hansı orta səviyyəli klublarına futbolçu axını baş verməyəcək. Bunun məsuliyyəti isə ilk növbədə, futbolçuların üzərinə düşür. Çünki futbolçu öz üzərində işləyib, oyununu daha da yaxşılaşdırsa, ölkənin aparıcı klublarına keçməklə beynəlxalq arenalarda xarici klubların diqqət mərkəzinə düşə bilər. O zaman oyunçu üçün fərqi olmaz: ya gündoğan, ya da günbatan ölkə...

Son xəbərlər

Orphus sistemi