Yuxarı

Çezare Maldini dünyasını dəyişib

Məşhur futbolçu və məşqçi bazar gününə keçən gecə 84 yaşında vəfat edib

Bakı. 3 aprel. REPORT.AZ/ Ötənlərin məşhur futbolçusu və məşqçisi Çezare Maldini bazar gününə keçən gecə 84 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, futbolçu kimi mərkəz müdafiəçisi mövqeyində çıxış etmiş Ç.Maldini karyerasına 21 yaşında "Triestina" klubunda başlasa da, "Milan"dakı oyunu və nəticələriylə ad qazanıb.

Milan şəhərinin eyniadlı komandasında 1954-cü ildən 1966-cı ilədək çıxış etmiş Maldini bütün turnirlərdə 412 oyunda forma geyib. O, İtaliya millisində də 14 oyun keçirib.

"Milan"ın futbolçusu kimi Ç.Maldini 4 dəfə İtaliya çempionu olub, 1962/63 mövsümündə isə Çempionlar Kubokunu qazanıb.

1967-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra o, "Milan", "Parma", "Focca", "Ternana" klublarını, eləcə də İtaliya gənclər millisini, İtaliya və Paraqvay milli komandalarını çalışdırıb. İtaliya U-21-i ilə 3 dəfə Avropa Çempionatını qazanan (1992, 1994, 1996) Ç.Maldini 1972/73 mövsümündə "Milan"a İtaliya Kubokunu və Kuboklar Kubokunu qazandırıb.

Qeyd edək ki, onun oğlu Paolo Maldini də məşhur futbolçu olub və atası kimi "Milan"dakı çıxışıyla şöhrət qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi