Yuxarı
    Bağlamaq

    Çexiya millisinin futbolçusu: "Qarabağ"la oyuna nasaz təyyarə ilə getmişdik"

    Yan Sikora: Adım Avropa Liqasında ən erkən qolun müəllifi kimi tarixdə qalacaq© AAP

    Bakı. 4 oktyabr. REPORT.AZ/ “Yenidən Bakıda olduğum üçün şadam. Əlbəttə, ötən mövsüm “Slovan”ın heyətində “Qarabağ”a qol vurduğum vaxt bunun Avropa Liqasında rekord olduğunu bilmirdim. Matçdan sonra öyrəndim".

    "Report"un məlumatına görə, bunu Çexiya milli komandasının futbolçusu Yan Sikora Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl deyib. Hazırda Praqa "Slaviya"sında çıxış edən 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Slovan"ın heyətində "Qarabağ"a qarşı keçirdikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçındakı erkən qolundan danışıb. O, 10,69-cu saniyədə vurduğu qolu karyerasının ən böyük hadisəsi adlandırıb: "Ömrümün sonuna qədər Avropa Liqasının statistikasında yer alacağımı düşünürəm. Bir gün futbolda olmasam belə, adım ən erkən qolun müəllifi kimi tarixdə qalacaq".

    Sikora “Qarabağ”da qol vurduqdan sonra ilk dəfə Çexiya millisinə dəvət alıb. Onun debütü 2015-cı il oktyabrın 11-də Ostravada Azərbaycan millisi ilə DÇ-2018-in seçmə qrup matçına təsadüf edib: "Həmin görüşdə qolsuz heç-heçə qeydə alınsa da, hiss edirdik ki, qələbə qazanmaq borcumuzdur". 

    Gənc oyunçu Azərbaycanla oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçirəcəkləri görüşə zədəli Milan Şkodanın əvəzinə sonradan dəvət almasını da gözlənilməzlik kimi dəyərləndirib. O, bunu son zamanlar az oynaması ilə əlaqələndirib. 

    Azərbaycan millisinin heyətində “Qarabağ”ın 9 futbolçusunun yer aldığını vurğulayan Sikora Ağdam təmsilçisinin Danimarka “Kopenhagen”ini keçərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığını xatırladıb. O, hazırkı heyət barədə yığmadakı komanda yoldaşı Mixael Lüftnerlə də söhbətləşdiyini açıqlayıb: "Qarabağ"ın yerli və əcnəbi oyunçulardan ibarət güclü heyəti var. Xüsusən, cinahlarda əla təsir bağışlayırlar. Hücumda isə çoxlu braziliyalı oyunçuları var idi". 

    Çexiyalı yarımmüdafiəçi sentyabrın 28-də "Slaviya"nın heyətində "Astana"ya qarşı keçirdikləri Avropa Liqasının II tur matçı üçün Qazaxıstanda səfərdə olub. Üstündən bir həftə keçmiş o, millinin heyətində Bakıya uzun səfər etməli olub. Sikora uzun səfərlərin ona çətinlik yaratmadığını bildirib. Bununla belə, yarımmüdafiəçi "Slovan"ın heyətində ötən mövsüm "Qarabağ"la oyun üçün Bakıya çox da etibarlı olmayan təyyarə ilə gəldiklərini xatırladıb: "Biz bir az qorxmuşduq ki, birdən sağ-salamat çata bilmərik". 

    Qeyd edək ki, Yan Sikora Çexiya millisində indiyədək 4 oyun keçirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi