Yuxarı
    Bağlamaq

    Cəmşid Məhərrəmov: "Danışılmış oyunlarda iştirak etməmişəm"

    Bu cür qərar vermək üçün sübut olmalıdır

    Bakı. 16 mart. REPORT.AZ/ "Danışılmış oyunlarla bağlı cəzalandırılmağımdan xəbərim var. Lakin qərarı ədalətsiz hesab edirəm". Bunu "Report"a açıqlamasında danışılmış oyunlarda iştirakı qismən sübuta yetirildiyi üçün 2016/2017 mövsümünün sonuna qədər futboldan uzaqlaşdırılan "Rəvan" klubunun müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

    Azərbaycan milli komandasının sabiq üzvü olan 34 yaşlı futbolçu bildirib ki, barəsində çıxarılan qərarla razı deyil. O, hökmlə bağlı apellyasiya şikayəti verməyə lüzum görmədiyini söyləyib: "Niyə cəzalandığımdan baş aça bilmirəm. Danışılmış oyunlarda iştirak etməmişəm. Bu cür qərar vermək üçün sübut olmalıdır. Bu günə qədər heç kim qarşıma hansısa dəlil qoymayıb. Məni tanıyanlar yaxşı bilirlər ki, Cəmşid Məhərrəmov heç vaxt belə işə qol qoymaz. Uzun illərdir futbol oynayıram. İndiyə kimi heç vaxt bu cür məsələlərdə ittiham olunmamışam. Qərardan şikayət etməyəcəyəm. Çünki mənası yoxdur. Çıxış etdiyim klubu da çempionatdan kənarlaşdırıblar. Mövsümün sonu olduğundan başqa komandaya keçməyin də anlamı yoxdur. Bizə azad agent statusu verilib. Növbəti mövsüm istədiyim yerə gedə bilərəm".

    Qeyd edək ki, AFFA İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının yekunu olaraq, 9 oyunçuya danışılmış oyunlarda iştirakları qismən sübut edildiyi üçün 2016/2017 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyəti qadağan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi