Çempionlar Liqasının ilk yarımfinal matçı: "Liverpul" "Roma"nı məğlub edib

Çempionlar Liqasının ilk yarımfinal matçı: "Liverpul" "Roma"nı məğlub edib Bakı. 25 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.
Futbol
25 Aprel , 2018 00:40
Çempionlar Liqasının ilk yarımfinal matçı: Liverpul Romanı məğlub edib

Bakı. 25 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.

"Report"un məlumatına görə, İngiltərə "Liverpul"u İtaliyanın "Roma" komandasını qəbul edib. "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Liverpul" ilk 4 qolunu Məhəmməd Salahın birbaşa iştirakı ilə vurub. Misirli hücumçu fasiləyədək 2 dəfə fərqlənərək, keçmiş komandasını məyus edib. İkinci hissədə isə o, Sadio Mane və Roberto Firminoya məhsuldar ötürmə verib. Daha sonra Firmino da "dubl" müəllifi olub.

Lakin Salahın 75-ci dəqiqədə əvəzlənməsindən sonra "Roma" fəallaşıb. Bunun nəticəsində italiyalılar 2 qol vuraraq, fərqi azaldıblar. Əvvəlcə Edin Ceko, daha sonra penaltidən Dieqo Perotti fərqlənib.

Mayın 2-də keçiriləcək cavab görüşündə "Roma" finala adlamaq üçün, əvvəlki mərhələdəki kimi, ən azı 3 cavabsız qolla qalib gəlməlidir. Bunadək "sarı-qırmızılar" İspaniya "Barselona"sına da səfərdə 1:4 hesabı ilə uduzduqları halda, evdə böyük hesablı qələbəyə nail olmuşdular.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya) - 5:2

Qollar: Mohamed Salah, 36; 45+1. Sadio Mane, 56. Roberto Firmino, 61; 69 - Edin Ceko, 81. Dieqo Perotti, 85-penalti ilə

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Almaniyada "Bavariya" ilə İspaniya "Real Madrid"i arasında keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi