​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq 1/8 final mərhələsinin son 5 iştirakçısı bu gecə müəyyənləşəcək
Futbol
9 Dekabr , 2015 11:40
​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, VI turun ikinci oyun günündə 1/8 final mərhələsinə son 5 vəsiqənin sahibi müəyyənləşəcək.

E qrupunda növbəti mərhələni təmin etmiş İspaniyanın "Barselona" klubu Almaniyada "Bayer"lə qarşılaşacaq. Qrupun digər oyununda İtaliya "Roma"sı ilə Belarus BATE-si üz-üzə gələcək. Aktivinə 3 xal yazdıran komanda 2-ci pillənin sahibi kimi qitənin ən nüfuzlu klub turnirində yoluna davam edəcək. "Bayer" kataloniyalılarla görüşdə xal itirəcəyi təqdirdə, "Roma" heç-heçə ilə də 1/8 finala yüksələ biləcək. BATE isə avrokuboklarla vidalaşmamaq üçün mütləq qələbə qazanmalıdır.

F qrupunda "Bavariya" özünü sığortalasa da, ikinci pillənin sahibi naməlum olaraq qalır. Münhen təmsilçisi Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"nu məğlub etsə, 1/8 finala qrup birincisi kimi yollanacaq. Yunanıstan "Olimpiakos"una isə növbəti mərhələ üçün İngiltərənin "Arsenal" klubu ilə ev görüşündə 1 xal da kifayət edir. "Topçular"ı isə yalnız böyük hesablı qələbə qane edə bilər.

Əvvəlkilərdən fərqli olaraq C qrupunda kimin yoluna davam edəcəyi məlum deyil. Qrupda aydınlaşan yeganə məsələ Tel-Əviv "Makkabi"sinin xalsız qalmasıdır. Artıq İsrail təmsilçisi bu gecə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçirəcəyi oyundan sonra qitənin ən nüfuzlu klub turniri ilə vidalaşacaq. Kiyevlilər 1/8 finala yüksəlmək üçün "Makkabi"ni mütləq yenməlidir. Bu halda, "Dinamo" İngiltərənin "Çelsi" və ya Portuqaliyanın "Portu" komandaları arasındakı matçdakı istənilən nəticədən asılı olmayaraq, mərhələ adlayacaq.  

D qrupunda da 1/8 final mərhələsinin bir iştirakçısı məlumdur. Rusiyanın "Zenit" klubu 5 oyuna maksimum nəticə göstərərək qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Fransa "Lion"u isə qrup sonuncusu kimi qalacaq. İkinci pillə uğrunda mübarizə Belçikanın "Gent" və İspaniyanın "Valensiya" klubları arasında gedir. İspaniya klubu xal itirəcəyi təqdirdə, belçikalılar 1/8 finala yüksələcəklər. "Valensiya" böyüklərin yarışında qalmaq üçün yalnız qələbə qazanmalı və Belçikada keçiriləcək görüşdə meydan sahiblərinin xal itirmələrinə ümid etməlidir.

Çempionlar Liqası, qrup mərhələsi. VI tur

9 dekabr.

E qrupu

23:45. "Bayer" (Almaniya) - "Barselona" (İspaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Leverkuzen. "BayArena"

23:45. "Roma" (İtaliya) - BATE (Belarus)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Roma. "Olimpiko" stadionu

Xal durumu: "Barselona" - 13. "Roma" - 5. "Bayer" - 5. BATE - 4.


F qrupu

23:45. "Dinamo" (Xorvatiya) - "Bavariya" (Almaniya)

Baş hakim: Martin Stremberqsson

Zaqreb. "Maksimir" stadionu

23:45. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)

Baş hakim: Nikola Ritssoli (İtaliya)

Pirey. Georgios Karaiskakis stadionu

Xal durumu: "Bavariya" - 12. "Olimpiakos" - 9. "Arsenal" - 6. "Dinamo" - 3.


G qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

London. "Stemford Bric"

23:45. "Dinamo" (Ukrayna) - "Makkabi" (Tel-Əviv, İsrail)

Baş hakim: Byorn Kuypers (Hollandiya)

Kiyev. "Olimpiya" stadionu

Xal durumu: "Çelsi" - 10. "Portu" - 10. "Dinamo" - 8. "Makkabi" - 0


H qrupu

23:45. "Gent" (Belçika) - "Zenit" (Rusiya)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

Qent. "Arteveldestadion"

23:45. "Valensiya" (İspaniya) - "Lion" (Fransa)

Baş hakim: Matey Yuq (Sloveniya)

Valensiya. "Mestalya" stadionu

Xal durumu: "Zenit" - 15. "Qent" - 7. "Valensiya" - 6. "Lion" - 1.


Qeyd edək ki, "Real Madrid" (İspaniya), PSJ (Fransa), "Volfsburq" (Almaniya), PSV (Hollandiya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə) və "Yuventus" (İtaliya) klubları da 1/8 finala vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi