Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 görüşü keçiriləcək

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 görüşü keçiriləcək Arda Turan yox, Cüneyt Çakır meydanda olacaq
Futbol
23 Fevral , 2016 07:33
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 görüşü keçiriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar İngiltərə və İtaliyada baş tutacaq.

Londonda "Arsenal" İspaniyanın "Barselona" klubunu qəbul edəcək. Kataloniyalıların heyətində top qovan Arda Turan bu gecə meydana çıxa bilməyəcək. Səbəb türkiyəli yarımmüdafiəçinin ötən mövsüm "Atletiko"nun heyətində çıxış edərkən, "Real Madrid"lə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə qırmızı vərəqə almasıdır. Amma digər türk Cüneyt Çakır matçın baş hakimi kimi meydanda olacaq. "Barselona" qrup mərhələsini 14 xalla birinci, "topçular" isə öz qrupunu 9 xalla ikinci pillədə başa vurub.

Gecənin digər görüşündə isə İtaliya "Yuventus"u ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. Turində keçiriləcək qarşılaşmanı ingiltərəli Martin Atkinson idarə edəcək. "Yuventus" "D" qrupunun ikincisi (11 xal), Münhen klubu isə "F" qrupunun lideri kimi (15 xal) 1/8 finala vəsiqə qazanıb.

Turin klubu matça itkilərlə çıxacaq. Komandanın əsas müdafiəçisi Corco Kyellini və Aleksa Sandro əzələlərində olan problem səbəbindən ötəngünkü məşq prosesini buraxmalı olublar. Xorvat hücumçu Mario Macukiçin isə bu gün meydana çıxacağı gözlənilir.

Çempionlar Liqası, 1/8 final

23:45. "Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

London. "Emirates" stadionu

23:45. "Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin ötən həftə keçirilmiş ilk 4 oyununda Fransa PSJ-si İngiltərənin "Çelsi" klubunu 2:1, Portuqaliya "Benfika"sı Rusiya "Zenit"ini 1:0 hesabı ilə yenib, İtaliya "Roma"sı İspaniya "Real Madrid"inə 0:2, Belçika "Gent"i Almaniya "Volfsburq"una 2:3 hesabı ilə uduzub. İlk görüşlərə fevralın 24-də "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" və PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya) matçları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi