Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək Xosep Qvardiolanın sabiq və hazırkı komandaları səfərdə oynayacaq
Futbol
15 Aprel , 2015 10:17
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, Avropanın nəhəng klublarından sayılan Almaniya "Bavariya"sı ilə İspaniya "Barselona"sı müvafiq olaraq, Portuqaliyada "Portu" və Fransada PSJ ilə qarşılaşacaq.

Bu mövsüm "Portu" heç bir matçda məğlubiyyətlə üzləşməyib. "Əjdahalar" evdə çox yaxşı çıxış edirlər. Onlar ardıcıl 9 qələbə qazanıblar və cəmi 2 top buraxıblar. Amma komandanın 2 ən yaxşı bombardiri - Kristian Telyo Errera və 6 qol vurmuş Cekson Arley Martines Valensiya "Bavariya" ilə matçı buraxacaqlar. Almaniya təmsilçisi də hazırda yaxşı vəziyyətdədir. Xosep Qvardiolanın baş məşqçi olduğu komanda artıq ölkə çempionluğunu böyük ölçüdə təmin edib. Bununla belə, münhenlilər matça ciddi itkilərlə çıxacaqlar. Yarımmüdafiəçi Frank Riberi və Bastian Şvaynştayger ilk matçı buraxacaqlar. Hər iki futbolçu zədələrini sağalda bilməyib. David Alaba və Mehdi Benatiyanın da matçda iştirakı sual altında qalır.

Qvardiolanın keçmiş komandası "Barselona" isə Fransa paytaxtına xal itkisi ilə yollanıb. Kataloniya təmsilçisi İspaniya çempionatında "Sevilya" ilə görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb. Bununla belə, klub La Liqanın lideri kimi mövqeyini qoruyur. Hazırda "Barsa"nın heyətində cəmi bir itki var. Müdafiəçi Daniel Alves sarı vərəqə limitini aşdığı üçün matçı buraxacaq.

Fransa çempionatının lideri PSJ də hazırda yaxşı formadadır. Amma komandanın lideri Zlatan İbrahimoviç cəzalı olduğundan, "Barselona" ilə görüşü buraxmalı olacaq. Müdafiəçi Serj Oryo, yarımmüdafiəçi Marko Verratti də eyni səbəbdən oynamayacaq. Amma PSJ İbrahimoviç itkisindən təəssüflənməyə də bilər. Çünki isveçli hücumçu bu mövsüm Çempionlar Liqasında cəmi 2 qol vurub. Komandanın bombardiri isə vaxtilə Azərbaycan Premyer Liqasında "İnter" və "Neftçi"nin formasını geyinmiş Valter Quqlemonun qardaşı Edinson Kavanidir. Uruqvaylı forvardın aktivində 2 qol var.

PSJ və "Barselona" qrup mərhələsində də üz-üzə gəlib. Həmin vaxt meydan sahibləri müvafiq olaraq, 3:2 və 3:1 hesablı qələbə qazanıblar. Nəticədə qrup qalibi kimi növbəti mərhələyə "Barsa" adlayıb.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:45. "Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)

Baş hakim: Mark Klatenburq (İngiltərə)

Son xəbərlər

Orphus sistemi