Çempionlar Liqası: "Barselona" səfərdə qələbə qazanıb, "Yuventus" heç-heçə edib - VİDEO

Çempionlar Liqası: "Barselona" səfərdə qələbə qazanıb, "Yuventus" heç-heçə edib - VİDEO
Futbol
11 Aprel , 2019 01:06
Çempionlar Liqası: Barselona səfərdə qələbə qazanıb, Yuventus heç-heçə edib - VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri başa çatıb.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçirilib. "Mançester Yunayted" İngiltərədə İspaniya "Barselona"sını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 12-ci dəqiqədə Luis Suaresin baş zərbəsindən sonra Lük Şouya dəyən top tora daxil olub. Yan xətt hakimi bu epizodda ofsaydın olduğunu iddia etsə də, VAR sisteminə müraciət olunduqdan sonra italiyalı baş hakim Canluka Rokki mərkəzi göstərib. Səfər qələbəsi sayəsində "Barselona" yarımfinala vəsiqə şanslarını yüksəldib.

Gecənin digər matçında "Ayaks" Hollandiyada İtaliya "Yuventus"unu qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 45-ci dəqiqədə qonaq komandadan Kriştianu Ronaldu fərqlənsə də, ikinci hissə başlayan kimi David Neres bərabərlik qolunu vurub. Beləliklə, ikinci oyun günü qonaqlar üçün sərfəli hesablarla başa çatıb. 

Halbuki, ötən gecə keçirilmiş qarşılaşmalarda meydan sahibləri qələbə qazanıb. İngiltərədə "Tottenhem" "Mançester Siti"ni 1:0, "Liverpul" isə Portuqaliya "Portu"sunu 2:0 hesabı ilə yenib.

Cavab görüşləri 16-17 apreldə keçiriləcək.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

10 aprel

23:00 "Mançester Yunayed" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:1

Qol: Lük Şou, 12 (öz qapısına)

Baş hakim: Canluka Rokki (İtaliya)

Mançester. "Old Trafford" stadionu

23:00. "Ayaks" (Hollandiya) - "Yuventus" (İtaliya) - 1:1

Qollar: David Neres, 46 - Kriştianu Ronaldu, 45

Baş hakim: Karlos del Cerro Qrande (İspaniya)

Amsterdam. "Yohan Kroyf Arena"

Son xəbərlər

Orphus sistemi