Famil Xəlilov: "UEFA Gənclər Liqasında bir neçə mərhələ keçməyi hədəfləmişik"

Famil Xəlilov: "UEFA Gənclər Liqasında bir neçə mərhələ keçməyi hədəfləmişik" Futbolçularımız keçən il də çempionluq sevinci yaşayıblar. Uşaqların UEFA Gənclər Liqasında iştirak etmək istəyi bu çempionatdakı işimizi rahatlaşdırdı.
Futbol
13 Mart , 2019 18:13
Famil Xəlilov: UEFA Gənclər Liqasında bir neçə mərhələ keçməyi hədəfləmişik

"Futbolçularımız keçən il də çempionluq sevinci yaşayıblar. Uşaqların UEFA Gənclər Liqasında iştirak etmək istəyi bu çempionatdakı işimizi rahatlaşdırdı".

Bunu "Report"a açıqlamasında AFFA-nın təşkil etdiyi Gənclər Liqasında çempion olan "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi Famil Xəlilov deyib.

Gənc mütəxəssis bildirib ki, futbolçuların UEFA Gənclər Liqasının dadını bilmələri bu çempionatda nə qədər istəkli olduqlarının göstəricisi olub: "Sona 6 tur qalmış işi həll etdilər. Ümumi götürsək, keçənilki çempionatın səviyyəsinə nisbətən builki çempionatın səviyyəsi o qədər də ürəkaçan deyil. Mən isə nəticə etibarilə komandadan razıyam".

Xəlilov U-19 liqasının səviyyəsinin aşağı olmasının səbəbindən də söz açıb: "Bu çempionatdakı digər komandalar daha aşağı yaşlı futbolçulara xüsusi üstünlük verir. Növbəti il daha yaxşı olacağını düşünürəm. Bizim futbolçular daha təcrübəlidirlər. Amma U-19 çempionatının növbəti mövsüm daha yaxşı olacağını düşünürəm".

Ötən mövsüm də komanda ilə eyni uğuru qazanan baş məşqçi həmin vaxt UEFA Gənclər Liqasında U-19-un sükanı arxasında ola bilməyib. Mütəxəssis növbəti avrokubok mövsümü üçün öncədən fikir bildirmək istəmədiyini deyib: "O barədə heç bir məlumatım yoxdur. Rəhbərlik necə qərar verərsə, biz də elə davam edərik. Klubla müqaviləm davam edir".

Xəlilov növbəti mövsüm UEFA Gənclər Liqasındakı hədəflərindən də söz açıb: "Keçən il bir mərhələ keçə bilmişdik. Hazırkı hədəfimiz isə bir yox, bir neçə mərhələ keçməkdən ibarətdir. Fikrimizi tam olaraq ona kökləmişik".

Baş məşqçi "Qəbələ"nin U-19 komandasının əsas komandaya namizədlərindən də danışıb: "Hazırda Rüstəm Nuriyevlə Samir Qurbanov əsas komanda ilə məşqlərdədir. 5-6 oyunçumuz da davamlı olaraq nəzarətdədir. Düşünürəm ki, onlar da əsas komandaya dəvət olunacaqlar".

Son xəbərlər

Orphus sistemi