Yuxarı

"Çelsi"nin qapıçısı Belçika millisinin heyətini ötürməkdə ittiham olunur

"Çelsi"nin qapıçısı Belçika millisinin heyətini ötürməkdə ittiham olunur
© Repor/FIri Salim — Tibo Kurtua

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Belçika millisinin sabiq baş məşqçisi Mark Vilmots komandanın qapıçısı Tibo Kurtuanı matç başlamazdan öncə heyətlə bağlı məlumatı ötürməkdə ittiham edib.

“Report” “beIN Sports”a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İngiltərənin “Çelsi” komandasının formasını geyinən qolkiperi vətəninə hörmət etməməkdə günahlandırıb. Vilmots bunu biabırçılıq və vətənə hörmətsizlik kimi dəyərləndirib: “Mənim səhvim ondan ibarətdir ki, saat 18:00-da oyunla bağlı planı futbolçulara dedim. Artıq saat 18:15-də bütün məlumat sosial şəbəkədə idi. Bu, o deməkdir ki, futbolçulardan biri heyəti satıb. Bir neçə fransalı jurnalist mənə bunu Tibo Kurtuanın atasının etdiyini söyləyiblər. Bu, həmin şəxsin qətiyyən vətəninə hörmət etmədiyi deməkdir. Mənim üçün bu cür davranış biabırçılıqdır. Çünki mən oyuna bir saat qalmış rəqibin heyəti açıqlamasını gözləməliyəm. Rəqib isə hər şeyi bilir. 2014-cü ilə Braziliyada keçirilmiş dünya çempionatında belə şey olmamışdı”.

Qapıçının atası Tyerri Kurtua “La Dernière Heure” portalına açıqlamasında ittihamı rədd edib. O, heç vaxt heyətlə bağlı hansısa jurnalistə məlumat ötürmədiyini söyləyib: “Özüm peşəkar futbolçu olmuşam, Avropa səviyyəsində klubda işləmişəm və bu cür məsələlərin nə qədər incə olduğunu bilirəm. Komanda yoldaşlarım bunu bilir. Uzun müddətdir bir yerdə işləyirik. Satqınlığa nifrət edirəm”.

Qeyd edək ki, Mark Vilmots 2012 – 2016-cı illərdə Belçika millisinə rəhbərlik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi