Cavid İmamverdiyev: "Bu mükafatı almaqla futbol oynamağı bacardığımı yenidən göstərdim" - MÜSAHİBƏ

Cavid İmamverdiyev: "Bu mükafatı almaqla futbol oynamağı bacardığımı yenidən göstərdim" - MÜSAHİBƏ Bakı. 18 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən, 2017/2018 mövsümünün ən yaxşı futbolçusu seçilən “Sabah”ın kapitanı Cavid İmamverdiyev mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
18 Dekabr , 2018 14:24
Cavid İmamverdiyev: Bu mükafatı almaqla futbol oynamağı bacardığımı yenidən göstərdim - MÜSAHİBƏ

Bakı. 18 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən, 2017/2018 mövsümünün ən yaxşı futbolçusu seçilən “Sabah”ın kapitanı Cavid İmamverdiyev mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi əvvəlcə təəsürratlarını bölüşüb:

- Yaxşı hissdir, çox sevinirəm. Bu mükafatı qazanmağımda Samir Abasovun adını xüsusi vurğulamaq istərdim. Onun əməyi sayəsində buna layiq görüldüm. Açığı, futboldan küsmüşdüm. O insan məni yenidən futbola qaytardı. Belə demək mümkünsə, futbolda ikinci dəfə doğuldum. Samir müəllimin üzərimdə zəhməti çox olub. Bu mükafatı almağım o deməkdi ki, futbol oynamağı bacardığımı yenidən göstərdim. Bəziləri məni qınayırdı, karyeramın sonuna gəldiyimi düşünürdülər. "Sumqayıt"a keçəndə də bəzi insanlar Samir müəllimə deyirdi ki, Cavidi götürməkdə səhv etdin. Bu söhbətlər qulağıma çatırdı. Amma Samir Abasov dəfələrlə açıqlamasında bildirdi ki, Cavid İmamverdiyev düzəlib və daha yaxşı olacaq. Həm onun, həm də özümün başımı aşağı eləmədim.

- Abasov sizdə nəyi dəyişə bildi?

- Abasovun damarını mən tutdum, mənim də damarımı o. Elə xarakterdə futbolçuyam ki, loru dildə desək, məni gərək sığallayasan, incitməyəsən. Abasov ilk növbədə insani keyfiyyətləri ilə mənə özünü sevdirdi. Həmçinin futbolun incəliklərini başa saldı. Əlimdən gəldiyi qədər çalışdım ki, onun tapşırıqlarını yerinə yetirim. Nəticədə mövsümün ən yaxşı futbolçusu seçildim.

- Futbolçular arasındakı səsvermə nəticəsində seçilməyinizin xüsusi önəmi varmı?

- Əlbəttə ki, var. Azərbaycan çempionatında oynayırıq, bütün futbolçuları tanıyırıq. Mənə səs verən oyunçulara minnətdarlığımı bildirirəm.

- Siz kimə səs verərdiniz?

- Cavid İmamverdiyevə.

- Son vaxtlar sizi ön planda görə bilmirik. Problem təkcə zədələrdir, yoxsa yeni komandaya hələ öyrəşə bilmirsiniz?

- Düzdür, komandamı dəyişdim və uyğunlaşmaq bir az çətin oldu. Həmçinin zədə də mənə imkan vermədir. Bununla belə, Antalya toplanışından sonra ötən mövsümdəki formamı bərpa edəcəyimi düşünürəm.

- "Sumqayıt"dan ayrılmağınızın səbəbi Samir Abasovun baş məşqçi postundan gedişi oldu?

- Bəli, onun gedişinin qərarıma böyük təsiri oldu. O ayrılıqdan sonra mən də getmək istədim. Heç bilmirdim hansı baş məşqçi gələcək. Amma yenə də artıq qalmaq istəmədim.

- Hazırkı baş məşqçiniz Elşad Əhmədovla münasibətiniz necədir?

- Elşad müəllimin də insani keyfiyyətləri yüksəkdir. Eyni zamanda təcrübəli məşqçidir. Kapitanlıq sarğısını həvalə edibsə, deməli, məni komandada görmək istəyib. Onunla münasibətim əladır.

- İlə "Sumqayıt"da başlayıb, "Sabah"da bitirirsiniz. Geridə qalan ili iki perioda bölsək, özünüz üçün necə dəyərləndirərdiniz?

- "Sumqayıt"da daha yaxşı idim. Bəzən baş məşqçiyə deyilir ki, Cavid liderlik keyfiyyətini göstərə bilmir, kapitanlığa layiq deyil. Elşad müəllim də düzgün vurğulayıb ki, Cavid bəzən zəif oynasa da, elə matçlar olur ki, komandanın əlindən tuta bilir. Formadan düşməyimə zədələr səbəb oldu. Antalyaya gedib gəldikdən sonra ötənilki Caviddən də güclü olacağıma inanıram.

- Antalya səfərindən öncə ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə cavab görüşünüz var. İki aya yaxındı qalib gələ bilməyən "Sabah" bu tilsimi qıra biləcəkmi?

- Yeri gəlsə, meydanda canımızı qoyacağıq, amma imkan verməyəcəyik ki, "Qəbələ" bizi asanlıqla keçsin. Düşünürəm ki, yarımfinala biz adlayacağıq. Komandama inanıram.

- Çempionatda 4-cü pillədə qərarlaşmısınız. Ancaq yekun nəticədən asılı olmayaraq, avrokuboklarda iştirak edə bilməyəcəksiniz. Bu amil oyunlar zamanı sizi həvəsdən salmır?

- Xeyr. Hara gəldiyimi bilirdim. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Məncə, bunu rahat bacaracağıq. Hətta ilk "üçlüy"ə də iddia edəcəyik.

Son xəbərlər

Orphus sistemi