Cavid Hüseynov: "Qəbələ"nin problemi psixoloji durumla bağlıdır" - MÜSAHİBƏ

Cavid Hüseynov: "Qəbələ"nin problemi psixoloji durumla bağlıdır" - MÜSAHİBƏ Bakı. 16 oktyabr. REPORT.AZ/ Qəbələ futbol komandasının kapitanı Cavid Hüseynovun Reporta müsahibəsi
Futbol
16 Oktyabr , 2018 16:03
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Qəbələ" futbol komandasının kapitanı Cavid Hüseynovun "Report"a müsahibəsi 

- Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə məğlub oldunuz. Həmin oyunda yaxşı nəticə qazanmaq üçün nə çatmadı?

- Komandanın hazırkı durumu elədir ki, bizim bir qələbəyə ehtiyacımız var. Amma nədənsə, qalib gələ bilmirik. "Zirə" ilə matçda qol vuran komanda qələbə qazanacaqdı. Rəqibin də qol epizodundan başqa şansı olmadı. Düzü, heç bizim də yaxşı şansımız olmadı. Görüş ortalıqda keçən oyun idi. Rəqib bir qol vurdu və 3 xal əldə etdi.

- Ümumiyyətlə, "Qəbələ"nin uğursuz çıxışını nə ilə əlaqələndirirsiniz?

- Yalnız psixoloji durumla. Başqa heç bir səbəb yoxdur. Nə fiziki hazırlıq, nə məşqlər uğursuz nəticələrə səbəb deyil. Futbolda "qara zolaq" olur. Bizim komandadakı problem isə psixoloji durumla bağlı olan məsələdir. Belə problemi aradan qaldırsaq, özümüzə gələ bilərik. Bu, hər bir komandanın başına gələ biləcək durumdur. Qələbə qazana bilsək, nəticələr ard-arda gələcək.

- "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun istefası gündəmə gəldi. Klubda bu və digər məsələlərlə bağlı iclas olubmu və sizcə, baş məşqçi istefa versə, nə isə düzələcək?

- İclas barədə məlumatım yoxdur. İndiki vaxtda Sənan Qurbanovun istefa verməsi üçün çox tezdir. Çempionatda 7 tur arxada qalıb. Həftəsonu II dövrə başlayacaq. Düşünürəm ki, belə tez istefa vermək olmaz.

- Komandanın uğursuz çıxışında ən böyük günah kimdədir?

- Hamımız günahkarıq. Futbolçuda da, baş məşqçidə də,ümumiyyətlə komandada kim işləyirsə, hamısında da günah var.

- Belə bir iddia var ki, "Qəbələ"nin bəzi futbolçuları bilərəkdən oynamırlar. Xüsusən də legionerlər...

- Belə bir halın olduğuna inanmıram. Bu, heç də inandırıcı görünmür. Mən komandanın içindəyəm. Kənardan hər kəs söz ata bilər. Bəs niyə demirlər ki, oynamamalarının səbəbi nədir? "Qəbələ"nin durumunu belə görüb, çoxları müəyyən vasitələrlə komandanı məhv etməyə çalışırlar. Mətbuatı da oxuyur, izləyirəm. Yazırlar ki, futbolçular bilərəkdən oynamırlar. Heç bir səbəb də göstərmirlər. Məsələn, hər hansı oyunçu bilərəkdən oynamır. Bunu yazanlar səbəbini niyə açıqlamır?

- Ola bilərmi ki, oyunçuların məvacibi vaxtlı-vaxtında verilmir və ya başqa problemlər var?

- Xeyr. Bu vaxtadək heç bir futbolçunun pulu "Qəbələ"də qalmayıb. Xüsusən də legionerin. Bu, mümkün deyil. Onların müqavilələri var. Verilməsə, istədiyi vaxt UEFA-ya şikayət edib artıqlaması ilə ala bilərlər. Belə iddialar şəxsən mənə inandırıcı gəlmir və əsassızdır. Yenə qeyd etmək istəyirəm ki, "Qəbələ"nin durumundan istifadə edib, bu iddiaları ortaya atırlar. Bəhanə axtarmaq çox asandır, "iki vur iki"dir. Çox şey deyə bilərlər. Amma gəlin, baxaq görək, danışılanlar doğrudurmu?

- II dövrənin ilk matçında turnir cədvəlinin lideri "Neftçi" ilə qarşılaşacaqsınız. Həmin oyundan gözləntiləriniz nədir?

- "Neftçi" hazırda formada olan komandadır. Hücum xəttləri çox güclüdür. Bunu hamımız izləyir və görürük. Qarşıdakı günlərdə də rəqib analiz olunacaq. "Neftçi"nin zəif və güclü nöqtələri var. Ola bilməz ki, rəqibimiz bütün mövqelərdə güclü olsun. Baş məşqçimiz Sənan Qurbanov rəqibi analiz edib, güclü və zəif tərəflərini bizə göstərəcək. Görüşə yaxşı hazırlaşacağıq. Qələbə qazanacağımıza inanıram. Ümidim çoxdur.

- Milli komandaya dəvət almadınız. Sizcə, bu, "Qəbələ"nin uğursuzluğu ilə bağlıdır?

- Bunu bilmirəm. Mənə çağırılmamağımın səbəbi deyilməyib. Amma yəqin ki, bir səbəbi var. Mən isə onu bilmirəm.

- Millinin Farer adaları və Malta ilə qarşılaşmalardakı çıxışını necə dəyərləndirirsiniz və qarşıdakı oyunlardan nə gözləyirsiniz?

- Komandadan gözləntilər maksimumdur. Çünki gücümüz də var. Hər iki oyunda qələbə qazana bilərik. İnanc və istəyimiz də var. Mümkünsüz bir şey yoxdur. Hər şey milli komandanın öz əlindədir. Heç nə bitməyib, rəqiblər çox da çətin deyil. Sadəcə, Farer adaları ilə ev oyununda da qələbə qazanmaq, sonra isə Kosovo ilə matçda hər şeyi həll etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi