Cavid Hüseynov: "Mən bu haqda danışmaq istəmirdim, siz dediniz" - MÜSAHİBƏ

Cavid Hüseynov: "Mən bu haqda danışmaq istəmirdim, siz dediniz" - MÜSAHİBƏ "Hiss edirdik ki, “Zirə” çox yaxşı hazırlaşıb"
Futbol
12 Fevral , 2017 22:34
Cavid Hüseynov: Mən bu haqda danışmaq istəmirdim, siz dediniz - MÜSAHİBƏ

Bakı. 12 fevral. REPORT.AZ/ "Qəbələ"ni uzun müddətdən sonra kapitan sarğısı ilə "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçına (2:2) çıxaran Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- "Zirə" ilə qarşılaşmanın son dəqiqələlərdə nə baş verdi?

- 10 nəfərlə qalmışdıq. Bu, öz yerində. Oyunun ikiqat ağır keçəcəyini bilirdik. Hiss edirdik ki, “Zirə” çox yaxşı hazırlaşıb. Buna baxmayaraq, qalib gəlmək istəyirdik. Heyf ki, alınmadı. Nə edə bilərik? Hər iki qolu da öz səhvlərimizdən buraxdıq.

- “Zirə”nin son dəqiqə qolunu çempion kimi qeyd etməsi necə, sizin üçün maraqlı gəldi?

- Ay sağ olun, görürsünüz. Açığı, mən bu haqda danışmaq istəmirdim, siz dediniz. Hesab 2:2 olub, ancaq “Zirə”nin futbolçuları paltardəyişmə otağında bunu elə səs-küylə qeyd edirdilər ki, sanki çempion olmuşdular. Təbrik edirəm onları. Başqa şey haqda danışmaq istəmirəm. Hamı "Zirə"lilərin necə sevindiklərini gördü. Tək mən görmədim.

- Rəqibin son oyunlarını izləmişdiniz? Ötən oyunlarından fərqli çıxış edirdilər?

- İki yeni əcnəbi hücumçuları var idi. Əlbəttə, ötən matçlarından fərqli oynadılar. Bunu görmək üçün peşəkar olmaq lazım deyildi. “Zirə” bu gün nəyi varsa, meydanda qoydu. Bunu hamı gördü.

- Rasim Ramaldanovun komandanı azlıqda qoyması necə, qələbənizə mane oldu?

- Rasimin birinci oyunu idi, yaxşı da çıxış edirdi. Sadəcə, belə hallar da olur. Bundan sonra komandamıza daha faydalı olacağına inanıram.

- Gələn tur “Qarabağ”la matçı “İlin oyunu” adlandırmaq olar?

- Xeyr, “İlin oyunu” deyil. “Qarabağ”a qarşı oyun da heç bir "xüsusilik" daşımayacaq. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da eynilə hazırlaşacağıq.

- Ancaq uduzsanız, “Qarabağ”la aranızdakı xal fərqi 6-ya yüksələcək...

- Olsun, nə problem var ki? Biz hər oyuna qələbə üçün çıxırıq, çempionluğa oynamırıq. Sona kimi oynayacağıq, görək axırda necə olacaq.

- Səncə, “Qarabağ”ın “Qəbələ” ilə matçını hansı hakim daha dəqiq və söz-söhbətsiz idarə edə bilər?

- Düzdür, hakimləri tanıyıram. Ad çəkməyə çətinlik çəkirəm. O qədər hakim səhvləri olur ki... Kimin adını çəkim? Ehtiyat edirəm. Kimi verirlər, versinlər də.

- Son dəfə “Apollon”la oyunda “Qəbələ”ni meydana kapitan kimi çıxarmışdın. Yenidən "sarğı"nı daşımaq necə hissdir?

- Ovaxtkı hisslərlə indikilər tam fərqlidir. Bunlar ayrı-ayrı şeylərdir. Bu gün əsas məsələ komandamın uğuru, məqsədlərimizdir, kapitanlıq yox.

Son xəbərlər

Orphus sistemi