Yuxarı

Cavid Hüseynov: "Əlimizdən gələn bu qədər idi"

Cavid Hüseynov: "Əlimizdən gələn bu qədər idi"
Azərbaycan milli komandasının futbolçusu: Öz səhvlərimiz ucbatından, sadə qollar buraxdıq
© Courtesy İmage

Bakı. 26 mart. REPORT.AZ/ "Aydın məsələdir ki, Almaniya çox güclüdür. Rəqibimizin gücünü yaxşı dərk edirdik. Əlimizdən gələni etdik. Ancaq təəssüf ki, belə alındı. Çox ümidli idik və bir xal qazana biləcəyimizi düşünürdük. Amma öz səhvlərimiz ucbatından, sadə qollar buraxdıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov Almaniya yığmasına 1:4 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.

İyirmi doqquz yaşlı yarımmüdafiəçi bildirib ki, belə səhvlər olmasaydı, son dünya çempionlarından xal almaq mümkün idi: "Çünki rəqibimiz sadə futbol oynayır, istədiyi vaxtda da hücumu məntiqi sonluqla bitirə bilir".

C.Hüseynov iyunun 10-da Bakıda keçirəcəkləri növbəti oyunda Şimali İrlandiyaya qalib gəlmələrinin vacibliyini dilə gətirib: "Hazırda qrupda 7 xalımız var. Şimali İrlandiya ilə növbəti oyunda bizə ancaq və ancaq qələbə lazımdır. Final mərhələlərinə qatılmaq istəyiriksə, Şimali İrlandiyaya qalib gəlməliyik".

"Qəbələ"nin oyunçusu uzun fasilədən sonra milli forma geyinməsindən şərəf duyduğunu və bundan sonra da əlindən gələnin ən yaxşısını edəcəyini vurğulayıb. O, Tofiq Bəhramov adına Respublika Stadionunu dolduran azarkeşlərə təşəkkür etməyi də unutmayıb: "Bizə dəstək olmağa gələn hər kəsə təşəkkürümü bildirirəm. Həqiqətən də gözəl atmosfer var idi. Sona kimi bizə dəstək oldular. Ancaq əlimizdən gələn bu qədər idi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi