Yuxarı

Cavid Hüseynov: "Aramızda var da, “Roma”sı, “Yuventus”u"

Cavid Hüseynov: "Aramızda var da, “Roma”sı, “Yuventus”u"
Bəziləri sözümü məsxərəyə qoydu

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Neftçi”ni səfərdə 3:1 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanan “Qəbələ”nin kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Matçla bağlı nə deyə bilərsiniz?

- Şansımızın bitmədiyini bilirdik. Hər şey özümüzdən asılı idi. Evdə 1:2 hesabı ilə uduzduğumuz oyundan sonra da demişdim. Bəziləri sözümü məsxərəyə qoydu. Aramızda var da, “Roma”sı, “Yuventus”u (gülür). Əziyyətimizin bəhrəsini gördük. Toparlanmağımızın sayəsində bu nəticəni əldə etdik və finala vəsiqə qazandıq. Bizə inanan azarkeşlərə, inanmayanları nəzərdə tutmuram, onlara sözüm ola bilməz, dəstək verənlərə minnətdarlığımı bildirirəm.

İlk matçla cavab qarşılaşması arasında bir həftə vaxt var idi. Bu müddətdə nə dəyişdi?

- Psixoloji eniş yaşayırıq. Fərdi götürsək, futbolçularımızın hamısı güclüdür. Sadəcə olaraq, çempionat matçlarında eniş yaşanır. “Neftçi” ilə ilk qarşılaşmada bəxtsizlik də bizi bir qədər arxaya atdı. Bu gün daha yaxşı idik. Ot örtüyü də ideal səviyyədə idi. Meydanda nə istəyirdiksə, edirdik.

Oyunun əvvəlində həddindən artıq aqressiv görünürdünüz, referiyə sərt şəkildə etiraz bildirdiniz. Bu nə ilə bağlı idi?

- Orda iki epizod var idi. Topu rəqibdən alanda qayda pozuntusuna yol verməmişdim. Mustivarın ayağı sürüşdü, referi bunu qayda pozuntusu kimi dəyərləndirdi. Birdə baqşa bir epziodda əsəbiləşdim. İstər-istəməz etiraz etdim, özümdən asılı deyil. Ondan sonra hər şey qaydasına düşdü.

İkinci penaltini Stiven Monroza jest edərək verdiniz, o da vura bilmədi. Ürəksiz verdiyiniz üçün belə oldu?

- Xeyr, ürəksiz vermədim. Birincini istəyirdi, risk etmədim, özüm vurdum. Heç cür ona həvalə edə bilməzdim. Məsuliyyəti öz üzərimə götürdüm. İkincidə hesabda 3:1 öndə idik deyə, onun daha soyuqanlı vuracağını düşündüm. Amma alınmadı.

Yəni, penaltini ona verdiyiniz üçün peşman olmadınız?

- Peşman olmaq deyəndə ki, kənardan komanda yoldaşlarım “niyə özün vurmadın” söylədilər. Komanda yoldaşımdır, xətrinə dəymək istəmədim.

Finalın mayın 28-də Qəbələdə keçirilməsi sizin üçün əlavə motivasiyadır, yoxsa təzyiq?

- Təzyiq olduğunu düşünmürəm. Final bir oyundan ibarətdir. Rəqibimiz “Keşlə” yaxşı komandadır. Ciddi hazırlaşmaq lazımdır. Bununla kifayətlənmək olmaz. Kuboku götürmək üçün əlimizdən gələni edəcəyik.

Bu qələbə çempionatın qalan turlarında oyununuza nə dərəcədə təsir edə bilər?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki yalandan deyərəm ki, hə, yaxşı təsir edəcək. Amma yenə pis çıxış edərik. Bu baxımdan hələ tələsməyək.

Həftəsonu çempionatda “Neftçi”nin qonağı olacaqsınız. Burda yenə gərgin oyun olacaq?

- Çempionat matçıdır, əlimizdən gələni edəcəyik.

Çoxları düşünür ki, final görüşü bu qədər gərgin keçməyəcək...

- Həqiqətən də finala bərabər ajiotaj vardı. Hər iki komanda istəkli idi. Sadəcə olaraq, biz daha kompakt şəkildə hərəkət edirdik.

Qarşılaşmanın gedişində baş məşqçiyə sizi əvəzləməsini söylədiniz. Lakin Roman Qriqorçuk bunu etmədi...

- Belimdə əzələdaxili soyuqlama var. Həmin ağrı tutdu. Bir az qaçandan sonra gördüm keçir. Ona görə də dedim ki, tələsməsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi