“Bursaspor” klubu Azərbaycan milli komandasında çıxış etmiş futbolçularla yollarını ayırır

“Bursaspor” klubu Azərbaycan milli komandasında çıxış etmiş futbolçularla yollarını ayırır Deniz Yılmaz transferə çıxarılıb, Ozan Can Kökçü isə icarəyə verilir
Futbol
27 Dekabr , 2017 10:07
“Bursaspor” klubu Azərbaycan milli komandasında çıxış etmiş futbolçularla yollarını ayırır

Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyənin “Bursaspor” klubu Azərbaycan milli komandasında çıxış etmiş futbolçularla yollarını ayırır. “Report” qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, söhbət Deniz Yılmaz və Ozancan Kökçüdən gedir.

Əsas yığmaya cəlb edilən Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Baş məşqçi Pol Le Quen klub rəsmiləri ilə görüşdən sonra onu və daha 3 futbolçunu - İsmail Konuk, Merter Yüce və Bilal Kısanı yanvarın 4-də Antalyada başlanacaq təlim-məşq toplanışına aparmamağa qərar verib. Bu səbəbdən, 29 yaşlı forvard klub axtarışına başlayıb.

Son olaraq bu ilin avqustunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alan, lakin sentyabrda millidən imtina etdiyini açıqlayan Ozancan Kökçü isə icarəyə verilib. 19 yaşlı yarımmüdafiəçi həftəlik 900 avro qarşılığında Hollandiya çemionatının I Divizionunda mübarizə aparan “Valveyk”lə razılıq əldə edib.

Qeyd edək ki, Deniz Yılmazın “Bursaspor”la 2019-cu ilin iyununa qədər müqaviləsi var. 2016-cı ilin fevralında “Trabzonspor”dan alınan forvardın cari mövsüm üçün qazancı 1 milyon 640 lirə maaş, 26 min 764 lirə matçbaşı təşkil edir. 2018/2019 mövsümü üçün nəzərdə tutulan əmək haqqı isə 1 milyon 900 min lirə, matçbaşı 29 min 414 lirədir.

Son xəbərlər

Orphus sistemi