Slovakiyalı futbolçu: "Burada qələbə qazandığımız vaxt Bakı daha gözəl olacaq"

Slovakiyalı futbolçu: "Burada qələbə qazandığımız vaxt Bakı daha gözəl olacaq" Havanın daha pis olacağını gözləyirdik. Yerli hava şəraitinə uyğunlaşmağın çətin olacağını düşünürdük. Lakin oyun vaxtı hava yaxşı olacaq. Düşünürəm ki, bu barədə problem olmamalıdır.
Futbol
11 İyun , 2019 12:37
Slovakiyalı futbolçu: Burada qələbə qazandığımız vaxt Bakı daha gözəl olacaq

"Havanın daha pis olacağını gözləyirdik. Yerli hava şəraitinə uyğunlaşmağın çətin olacağını düşünürdük. Lakin oyun vaxtı hava yaxşı olacaq. Düşünürəm ki, bu barədə problem olmamalıdır".

"Report" xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Milan Şkrinyar AVRO-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib. 24 yaşlı müdafiəçi bildirib ki, havanın daha isti olduğu ölkəyə səyahət edərkən oraya iki gün əvvəl getmək yaxşıdır: "Uyğunlaşmaq üçün də vaxtımız oldu. Azərbaycan əvvəlki oyunlarını görmüşük. Bizi çətin bir rəqibin gözlədiyini bilirik. Azərbaycan Xorvatiya ilə oyunda qol vurdu və rəqib sonlara yaxın qələbə qazanmağı bacardı. Macarlar isə standart vəziyyətlərdən yararlandılar. Buna görə də asan bir qarşılaşma olmayacaq. Ancaq burada uğur qazanacağımıza və 3 xalı əldə edəcəyimizə inanırıq. Çünki bu, bizim üçün çox vacibdir".

İtaliya "İnter"ində çıxış edən oyunçu matçda öz oyunlarını sərgiləməli olduqlarını vurğulayıb: "Topa nəzarət etməli və qısa zamanda qol vurmağa çalışmalıyıq. Çünki vaxt keçdikcə daha çox müdafiə olunacaqlar və bu, bizim üçün çətin olacaq".

Şkrinyar İordaniyanı 5:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə iştirak etməməsinə də aydınlıq gətirib: "Hər qarşılaşmada oynaya bilərəm. Ancaq baş məşqçi mənə şans vermədi, onun qərarına hörmət edirəm. Bu, mənə kömək edir ki, Azərbaycana qarşı matçı yetərincə gücə sahib olum".

Slovakiyalı futbolçu heyətdəki bütün futbolçuların matça hazır olduğunu bildirib. O, Bakı haqqında da xoş sözlər deyib: "Bazar ertəsi şəhərin bir hissəsini gördük. Amma həqiqətən çox gözəl şəhərdir. Mən isə bunu gözləmirdim. Burada qələbə qazandığımız vaxt Bakı daha gözəl olacaq (gülür)".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün saat 20:00-da "Bakcell Arena"da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi