Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək Həftənin oyunları üç günü əhatə edəcək
Futbol
29 Sentyabr , 2017 09:32
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. “Report” xəbər verir ki, həftənin oyunları üç günü əhatə edəcək.

İlk oyun günündə iki matç baş tutacaq. Əvvəlcə 8 xalla 4-cü pillədə qərarlaşan “İnter” 7-ci sıradakı “Neftçi”ni qonaq edəcək. Cari çempionatda qələbə qazana bilməyən “ağ-qaralar” həmşəhərliləri ilə duellərdə üstün tərəfdir. “Ağ-göylər” indiyə qədər bu kollektivlə 51 Premyer Liqa matçından 24-də uduzub, 13 dəfə qalib gəlib. Son 5 oyunda hər iki komanda qol vurub. “Neftçi” ardıcıl 3 qələbə qazanıb.

Günün digər oyununda əyalət komandaları üz-üzə gələcək. Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə “Kəpəz” qarşılaşacaq. Gəncəlilər bu rəqiblə son üç oyunda meydanı qolsuz tərk etməyib. Son 4 matçda meydan sahibi olan komanda uduzmayıb. Əvvəlki 16 qarşılaşmanın balansı isə “qırmızı-qaralar”ın xeyirinədir: 6 qələbə, 5 heç-heçə və 5 məğlubiyyət. Üçüncü sıradakı “Qəbələ”nin 13, sonuncu yerdə qərarlaşan “Kəpəz”in isə 1 xalı var.

Şənbə günü debütant “Səbail” turnir cədvəlində qonşusu olan “Sumqayıt”ı qəbul edəcək. Hazırda 6 xalla 6-cı olan paytaxt təmsilçisi rəqibindən 1 pillə geri qalır. Aradakı xal fərqi də birdir.

Sumqayıtlılarla ilk dəfə qarşılaşacaq “Səbail” ev oyunlarında yaxşı təsir bağışlayır. Debütant “Qəbələ”yə məğlub olsa da (1:3), “Neftçi” və “Kəpəz”i tək qolla üstələyib. Qonaqlar isə cari mövsümdə səfərdə yalnız “İnter”dən xal alıb (1:1), digər görüşlərdə uduzub.

Turun son oyunu Azərbaycanı Çempionlar Liqasında təmsil edən və 15 xalla Premyer Liqada lider olan “Qarabağ”la ən yaxın izləyicisi “Zirə” arasında olacaq. Rəqibindən 1 oyun çox keçirib, 1 xal geri qalan qəsəbə klubu cari mövsümdə inamlı təsir bağışlasa da, indiyə qədər heç vaxt Ağdam komandasını məğlub edə bilməyib. Əvvəlki 8 qarşılaşmadan 6-sı “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Üstəlik, “Zirə” yalnız bir dəfə çempionun qapısına yol tapıb.

Azərbaycan Premyer Liqası

VII tur

29 sentyabr (cümə)

16:00. “İnter” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”

18:30. “Qəbələ” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

30 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

“Dalğa Arena”

1 oktyabr (bazar)

18:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika Stadionu.

Son xəbərlər

Orphus sistemi