Bu gün futbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçiriləcək Günün ilk görüşündə "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcək
Futbol
25 Sentyabr , 2016 08:42
Bu gün futbol üzrə Azərbaycan çempionatında daha iki oyun keçiriləcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, matçlar Gəncədə və Zirədə olacaq.

Günün ilk görüşündə "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcək. "Qarabağ" səfərdən qələbə ilə dönərsə, "Zirə" - "Qəbələ" oyununun nəticəsindən asılı olaraq ilk iki pillədə qərarlaşacaq. Gəncə təmsilçisi isə evdə qazanılan 3 xalla yalnız ən yaxın qonşusu olan "Qarabağ"la xal fərqini 3-ə endirəcək. "Kəpəz" 14 ildir ki, bu rəqibə qarşı qələbə qazana bilmir. Gəncəlilərin "Qarabağ" üzərində ölkə çempionatlarındakı sonuncu qələbəsi 2002-ci il aprelin 6-da olub - 3:0. Ümumilikdə komandalar bu günədək 41 dəfə qarşılaşıb. Bu görüşlərin 14-də "Kəpəz", 19-da isə "Qarabağ" qələbə qazanıb. 8 oyunda heç-heçə qeydə alınıb.

Günün son oyununda "Zirə" öz meydanında "Qəbələ"ni sınağa çəkəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 3 xal əldə edəcəyi təqdirdə turnir cədvəlinin birinci pilləsinə yüksələcək. Altı xalla 5-ci pillədə qərarlaşan "Zirə" isə Gəncədəki oyunun nəticəsindən asılı olaraq, qələbə sayəsində bir pillə irəliləyə və ya hazırkı mövqeyində qala bilər. Komandalar ölkə çempionatlarında 4 dəfə qarşılaşıblar. Oyunların 2-si "Zirə"nin, biri isə "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb. Bir oyunda isə qalib müəyyənləşməyib.

Turun açılış oyununda "İnter" Şüvəlanda AZAL-ı 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, VI tur

25 sentyabr

15:30. "Kəpəz" - "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

18:00. "Zirə" - "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun son oyunu sentyabrın 27-də keçiriləcək. Saat 19:00-da "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi