Yuxarı

​İsveçrədə FİFA-nın Növbədənkənar Konqresi başlayıb - YENİLƏNİB

Seçkidə 5 namizəd mübarizə aparacaq

Bakı. 26 fevral. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində FİFA-nın Növbədənkənar Konqresi işə başlayıb. "Report"un məlumatına görə, tədbiri ali futbol qurumunda baş katib səlahiyyətlərini icra edən Markus Kattner açıb.

O bildirib ki, səsvermə hüququna malik 207 ölkənin hamısı Konqresdə iştirak edir. FİFA-dan kənarlaşdırılmış Küveyt və İndoneziya isə səsverməyə qatılmayıb. Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir. 

___________

08:00. Bu gün FİFA prezidenti postuna seçkilər keçiriləcək

Bu gün İsveçrənin Sürix şəhərində dünya futbolunun yeni rəhbərinin adı müəyyənləşəcək. "Report"un məlumatına görə, ali futbol qurumunun konqresində prezidentlik postu uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale mübarizə aparacaq.

AFK prezidenti və UEFA-nın baş katibi favorit hesab olunur. Qapalı şəkildə keçiriləcək seçkidə ilk turda qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır.

Bir müddət əvvəl İordaniya şahzadəsi seçkilərin təxirə salınması ilə bağlı müraciət etsə də, FİFA bunu qeydə almayıb. Əvəzində seçki kabinələrinə mobil telefonlarla girmək qadağan olunub.

Qeyd edək ki, FİFA-nın sabiq rəhbəri Yozaf Blatter və UEFA prezidenti Mişel Platini korrupsiya ittihamı ilə tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Platininin FİFA-dan qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı aldığı bildirilir. Bu səbəbdən hər iki şəxs əvvəlcə 8 il, daha sonra 6 il futboldan uzaqlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi