Yuxarı

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq - AFİŞA

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun son 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, əvvəlcə turnir cədvəlinin ön, ardından alt pillələrində olan komandalar qarşılaşacaqlar.

Lider "Neftçi" "Bakcell Arena"da "Səbail"i qəbul edəcək. Hər iki kollektiv ilk oyun günündə "Qarabağ"ın "Sabah" klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək xal itirməsindən faydalanmağa çalışacaq. Hazırda "ağ-qaralar" da Ağdam təmsilçisi kimi 38 xala malik olsalar da, şəxsi oyunlardakı üstünlükləri səbəbindən 1-ci pillədə yer alıblar. Bayıl təmsilçisi isə 27 xalla 3-cü pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, "Neftçi" qələbə qazansa, ən yaxın izləyicisindən 3 xal aralanaraq, vahid lider olacaq. "Səbail" qalib gələcəyi təqdirdə isə şərikli liderlərlə xal fərqini 8-ə endirəcək və 4-cü pillədəki "Qəbələ"ni 6 xal geridə qoyacaq.

Flaqman bu matça itki ilə çıxacaq. Mərkəz müdafiəçisi Kirilo Petrov sarı vərəqə limitini doldurduğu üçün forma geyinməyəcək. Onun mövqeyində zədəsini sağaldan Ruslan Abışov və ya yeni transfer Petru Rakunun oynayacağı gözlənilir.

İki komanda indiyədək 6 dəfə üz-üzə gəlib. Bunların 5-də "Neftçi", 1-də "Səbail" qalib gəlib. Topların nisbətində üstünlük də "ağ-qaralar"ın tərəfindədir - 15:2. Flaqman məhz son 5 görüşünü qələbə ilə başa vurub və üstəlik, ev oyunlarında xal itirməyib.

Turun son qarşılaşması isə "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" komandaları arasında keçiriləcək. Bu matç baş məşqçi Ayxan Abbasovla həmkarı Samir Abasovun keçmiş komandalarına qarşı dueli kimi əlamətdar olacaq. Digər tərəfdən, qış fasiləsinda iki klub arasında futbolçu yerdəyişməsi baş verib. Bəxtiyar Həsənalızadə "Sumqayıt"dan "Zirə"yə, Adil Nağıyev isə əks marşrut üzrə hərəkət edib. "Sumqayıt" mövsümün ikinci yarısına 3 məğlubiyyətlə, "Zirə" isə bütün mümkün nəticələrlə başlayıb. Turnir cədvəlinin son 2 pilləsindəki klubların duelindən qalib ayrılacaq tərəf 6-cı pilləyə yüksələcək. Hazırda "Sumqayıt"ın 15, "Zirə"nin 14 xalı var. İlk oyun günündə "Keşlə" səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, xallarını 16-ya çatdırıb və yenə 6-cı pillədə yer alıb.

"Zirə" və "Sumqayıt" Azərbaycan Kubokunun yarımfinalında da qarşılaşacaq. Premyer Liqada isə onlar 15-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 14 oyunun 4-də "gənclik şəhəri", 7-də qəsəbə təmsilçisi qalib olubsa, 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə" öndədir - 18:12. Lakin “Sumqayıt” 7 oyundur meydanı qolsuz tərk etmir. Digər tərəfdən, son 9 qarşılaşmada meydan sahibi olan klub qol vurub.

Azərbaycan Premyer Liqası, XVIII tur

24 fevral (bazar)

16:00. “Neftçi” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”

İlk iki dövrədəki oyunlar: 4:0, 2:0

18:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli

Hakim-inspektor: Əhmədağa Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”

İlk iki dövrədəki oyunlar: 1:0, 1:3

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7, Ceyms Adeniyi ("Qəbələ"), Mirabdulla Abbasov ("Neftçi"), Filip Ozobiç ("Qarabağ") - 6 qol.

Qeyd: AFFA İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi