Yuxarı

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

“Report” xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək. Matçlar Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində baş tutacaq.

Turun açılış görüşü Qəbələdə şəhərin eyni adlı təmsilçisi ilə “Zirə” arasında olacaq. Hazırda 32 xalla 2-ci sırada qərarlaşan meydan sahiblərinin 1 xal və 1 pillə qabaqladığı rəqibi ilə görüşü gərgin mübarizə vəd edir. Bu kollektivlərin əvvəlki 10 çempionat matçında tərəflər hərəyə 3 qələbə qazanıb. “Qəbələ” 7 oyundur meydanı qolsuz tərk etmir. Zirəlilər isə son 4 görüşdə “qırmızı-qaralar”a uduzmayıb.

Turun ən çox diqqət çəkən qarşılaşması Sumqayıtda olacaq. Görüşü maraqlı edən əsas məqam fevralın 16-da “Sumqayıt”ın prezidenti Kamran Quliyevin “Neftçi”də analoji postdan istefa verən Orxan Hüseynzadəni əvəzləməsidir.

Matçın əhəmiyyətinə gəlincə, hər iki kollektiv avrokuboka vəsiqə uğrunda mübarizə apardığı üçün maksimum nəticə əldə etməyə çalışırlar. Meydan sahibləri hazırda 21 xalla 4-cü sırada olduqları halda, “ağ-qaralar” rəqibindən 2 xal və 1 pillə geri qalır. Bu komandalar arasında baş tutan 22 çempionat qarşılaşmasından 8-də “Sumqayıt”, 12-də isə “Neftçi” sevinən tərəf olub. Maraqlıdır ki, son 5 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanır. “Neftçi” 4 matçdır Sumqayıtda yenilmir.

Bazar günü əvvəlcə “Kəpəz”lə “Keşlə” Gəncədə üz-üzə gələcəklər. Hesabında 7 xal olan və sonuncu pillədə qərarlaşan meydan sahibləri üçün hər görüş final xarakterlidir. Elə qonaqaların da durumu ürəkaçan deyil. Avrokubok ümidini Azərbaycan kubokuna bağlayan paytaxt təmsilisi “Kəpəz”i 2 xallıq fərqlə 1 pillə qabaqlayır. Gəncəlilər “Keşlə” ilə əvvəlki 28 çempionat matçının 6-da qalib gəldikləri halda, 16-da məğlubiyyətlə üzləşiblər. Buna rəğmən, “Kəpəz” 4 oyundur meydanı qolsuz tərk eləmir. Bakılılar son 4 səfər görüşündə qələbə qazana bilməyib.

Turun son oyunu debütant “Qarabağ”la çempion “Səbail” arasında olacaq. Əvvəlki iki oyunda rəqibini məğlub edən (1:0, 2:0) Ağdam təmsilçisi “Bayıl Arena”da baş tutacaq görüşə də favorit qismində çıxacaq. Hazırda qonaqlar 38 xalla 1-ci, meydan sahibləri isə 14 xalla 6-cı pillədədir.

Azərbaycan Premyer Liqası

XVI tur

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Füzili Nəcəfov

Gəncə şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”

Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

“Bayıl Arena”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi