Yuxarı
    Bağlamaq

    ​Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq

    Mövsümün son oyunu Lənkəranda keçiriləcək

    Bakı. 28 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün son turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, oyunların yalnız biri Bakıda baş tutacaq.

    Günün ilk qarşılaşması Sumqayıtda keçiriləcək. Sumqayıtın eyniadlı komandası "İnter"lə münasibətlərinə aydınlıq gətirəcək. "Bankirlər" üçün olmasa da, "Sumqayıt" üçün bu matçın böyük əhəmiyyəti var. Son turda meydan sahibləri qələbə qazanarsa, turnir cədvəlində bir pillə irəliləmək şansı qazanacaq. Maliyyə problemi ilə üzləşən "İnter" isə matça legionersiz çıxacaq. Artıq komandada olan əcnəbi futbolçular maddi problemlərlə bağlı klubu tərk edib.

    "Qəbələ" isə doğma azarkeşlər önündə "Bakı"nı sınağa çəkəcək. "Qırmızı qaralar" yeni mövsümü aşağı dəstədə keçirəcək paytaxt təmsilçisi ilə görüşə ən azı bir xal üçün çıxacaqlar. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan əyalət klubu heç olmasa 1 xal qazanacağı təqdirdə, bürünc medallara sahib olacaq.

    Paytaxtda isə "Neftçi" AZAL səddini keçməyə çalışacaq. Çempionatda iddiasından əl çəkən "ağ-qaralar" bütün diqqətini kubokun finalında "Qarabağ"la keçiriləcək oyuna yönəldəcək. "Qəbələ"nin bugünkü qarşılaşmada xalsız qalacağı təqdirdə, "Neftçi" 3 xalı aktivinə yazdırarsa, 3-cü yerə sahib çıxa bilər. Bu zaman hər iki komandanın xalları bərabərləşəcək.

    Premyer Liqada cari mövsümün son oyunu isə "Xəzər Lənkəran" və "Simurq" komandaları arasında keçiriləcək. Lakin bu qarşılaşmanın baş tutmama ehtimalı da var. Buna səbəb ciddi maliyyə problemi ilə üzləşən Zaqatala klubunun Lənkərana getməməsidir. Belə olan təqdirdə, "sarı-qaralar"a texniki məğlubiyyət veriləcək.

    Premyer Liqa, XXXVI tur

    19:00. "Sumqayıt" – "İnter" (Bakı)

    Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

    Sumqayıt. "Kapital Bank Arena"

    20:00. "Neftçi" (Bakı) – AZAL (Bakı)

    Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

    Bakı. "Bakcell Arena"

    20:00. "Qəbələ" – "Bakı"

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

    Qəbələ şəhər stadionu

    21:00. "Xəzər Lənkəran" – "Simurq" (Zaqatala)

    Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

    Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

    Qeyd edək ki, bu turda "Qarabağ" meydana çıxmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi